Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2231/2025 28.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaşı “hasarın bərpa olunması və mülkiyyətdən istifadəyə mane olunan müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaşı “hasarın bərpa olunması və mülkiyyətdən istifadəyə mane olunan müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən evinin özünə aid hissəsindən və həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, həyətin onlar yaşayan hissə ilə onun hesabına çəpərlə ayrılması, həmin yaşayış evindən və həyətyanı torpaq sahəsindən iddiaçının istifadəsinə əngəl törədən hərəkətlərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydiyyatdadır. Həmin kənddə onun mərhum atasından ona miras qalmış həyətyanı torpaq sahəsi və yaşayış evi vardır. Həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsusdur. Bu torpaq sahəsi və yaşayış evi Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci ilı tarixli qərarı ilə JN-660A, KOD 60607018 saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə əsasında mərhum atası X8 və o da daxil olmaqla ailə üzvlərinə verilib, atası və digər ailə üzvləri vəfat etdikdən sonra isə onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 onun mərhum qardaşı arvadı, digər Cavabdeh2 isə onun oğludur. Həmin şəxslərə xeyli müddət əvvəl Füzuli Rayon Məhkəməsinin qətnaməsi əsasında həmin mənzildə, yəni mənzilin bir hissəsində yaşayış hüququ verilib, onlar indi də həmin evin bir hissəsində yaşayırlar. Onun cavabdehlərə evin və həyətyanı torpaq sahəsinin bir hissəsindən istifadə etmələrinə heç bir etirazı yoxdur. Lakin cavabdehlər xeyli müddət orada iddiaçının yaşamamasından istifadə edərək həmin həyətyanı torpaq sahəsini bütünlüklə zəbt edib, aradakı dəmir şiferdən olan hasarı söküblər və onu yenidən bərpa etməyə imkan vermirlər. Cavabdehlər özlərinin kanalizasiya suyunu da həyətin onlara aid olmayan hissəsinə axıdaraq oranı yaşanmaz hala gətiriblər. Cavabdehlər onun qanuni tələblərinə məhəl qoymur. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının oğlu, eyni zamanda etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi onun dörd uşağı ilə birlikdə cavabdeh X4 məxsus Füzuli rayon Böyük Bəhmənli kəndində yerləşən daşdan tikilmiş 3 otaq, 1 eyvan və 1 mətbəxdən ibarət evə yaşayış hüququ verilməklə köçürülməsi qət edilmişdir. İş üzrə digər Cavabdeh2 onun oğludur. İddiaçı onun mərhum ərinin qardaşıdır. O, ailə üzvləri ilə birlikdə uzun müddətdir ki, mübahisəli evdə yaşayırlar. İddiaçı Bakı şəhərində yaşayır. Oradakı qaz və işıq sayğacı onun adınadır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək digər cavabdeh anası Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-660A KOD 60607018 saylı şəhadətnamədən görünür ki, Füzuli rayonu, Böyük Bəhmənli kənd sakinləri X8 (iddiaçının mərhum atası), X4 (iddiaçının mərhum anası), İddiaçı, X1 (iddiaçının arvadı), Nümayəndə (iddiaçının oğlu), X6 (iddiaçının oğlu) və X5 (iddiaçının mərhum oğlu) Füzuli rayon X3 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə 0,48 hektar torpaq sahəsi verilmişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(064)-501/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh1 qarşı “yaşayış hüququ verilməklə evə köçürülmələri tələbi”nə dair iddia təmin edilmiş, iddiaçı Cavabdeh1, xx.xx.1992-ci ildə doğulmuş Sabir, xx.xx.1995-ci ildə doğulmuş Coşqun, xx.xx.2001-ci il ildə doğulmuş Zülfiyyə və xx.xx.2002-ci ildə doğulmuş Aytac adlı dörd uşağı ilə birlikdə cavabdeh X4 məxsus Füzuli rayon Böyük Bəhmənli kəndində yerləşən daşdan tikilmiş 3 otaq, 1 eyvan və 1 mətbəxdən ibarət evə yaşayış hüququ verilməklə köçürülməsi qət edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2025-ci il tarixli çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən 1,7287 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. X8 (iddiaçının mərhum atası), X4 (iddiaçının mərhum anası), İddiaçı, X1 (iddiaçının arvadı), Nümayəndə (iddiaçının oğlu), X6 (iddiaçının oğlu) və X5 (iddiaçının mərhum oğlu) ümumi birgə mülkiyyətçilərdir. -qəbzdən görünür ki iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. İddiaçı hazırki tələbini mübahisəli torpaq sahəsinin mülkiyyətində olması ilə əsaslandırmışdır. Məhkəmə iddianın “həyətin onlar yaşayan hissə ilə onun hesabına çəpərlə ayrılması”na dair hissəsi üzrə qeyd etməyi zəruri sayır ki, həmin hissəsi üzrə qeyd etməyi zəruri hesab edir ki, iddianın həmin hissəsi və əmlakdan payın naturada ayrılması xarakteri daşısa da iddiaçı hazırki tələbi birgə mülkiyyətçilərə qarşı deyil, cavabdehlərə qarşı yönəltmişdir. Eyni zamanda da yalnız paylı mülkiyyətçi öz payının naturada ayrılmasını tələb edə bilər ki,iddiaçı da həmin əmlakı torpaq sahəsinin paylı mülkiyyətçisi deyil. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin “iddiaçının mülkiyyətində olan Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən evinin özünə aid hissəsindən və həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması”na dair hissəsi üzrə onu da qeyd etməyi zəruri sayır ki, işin müəyyən edilmiş hallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(064)-501/2023 saylı qətnaməsi ilə Cavabdeh1, iş üzrə digər cavabdeh olan oğlu Cavabdeh2 və digər uşaqları ilə birlikdə iddiaçının mərhum anası X4 məxsus olmuş və hazırda iddiaçının və digər şəxslərin ümumi birgə mülkiyyətində olan Füzuli rayon Böyük Bəhmənli kəndində yerləşən daşdan tikilmiş 3 otaq, 1 eyvan və 1 mətbəxdən ibarət evə yaşayış hüququ verilməklə köçürülmüşdür. Belə olan halda həmin ünvanda yerləşən daşınmaz əmlakdan mülkiyyətçilərlə bərabər hüququnun olmasına dair hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda cavabdehin həmin sahədən istifadəsini məhdudlaşdırılmasına dair iddianıntəmin edilməsi yol verilməzdir. İş materiallarından göründüyü kimi X9 ölmüş, hazırki mübahisəli mənzilə birgə mülkiyyətçilərdən biri olmuşdur. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, hazırki iddiaçı və X12 (iddiaçının mərhum atası), X9 (iddiaçının mərhum anası), X2 (iddiaçının arvadı), Nümayəndə (iddiaçının oğlu), X11 (iddiaçının oğlu) və X10 (iddiaçının mərhum oğlu) mübahisəli torpaq sahəsi üzrə ümumi birgə mülkiyyətçilərdir. Göründüyü kimi İddiaçı mübahisəli daşınmaz əmlak üzrə təkbaşına mülkiyyət hüquqları mövcud deyil. Belə olduğu halda hər mülkiyyətçinin hansı sərhədlər çərçivəsində qeyd edilən əmlaka hüquqlarının olması qeyri-müəyyəndir. Məhkəmə iddia tələbinin “həmin yaşayış evindən və həyətyanı torpaq sahəsindən iddiaçının istifadəsinə əngəl törədən hərəkətlərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan olunması”na dair hissəsi üzrə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübut etməmişdir. Belə ki, cavabdehlərin onun birgə mülkiyyətdə olan torpaq sahəsində istifadəsinə maneələrin törədilməsi halı sübut edilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu” haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin .... verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır. İddia rədd edildiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaşı “hasarın bərpa olunması və mülkiyyətdən idtifadəyə mane olunan müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi tələbi”nə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2231/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2231/2025
28.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver