Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-231/2024 21.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndələri İddiaçı iştirakı ilə, iddiaçılar İddiaçı, X5 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı, X5 və X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X5. X2 Füzuli rayonu, 2-ci Qayıdış qəsəbəsində yerləşən torpaq sahəsində inşa edilmiş 48 saylı evə köçürülməyi və həmin əmlakdan bizim sahiblik istifadə və sərəncam hüquqlarımın keçirilməsi üçün yaranmış maneələrin cavahdehlər Cavabdeh1 oğlıı və Cavabdeh2 qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 ilə 1985-ci il avqust ayının 6da ailə qurmuşlar. Birgə nigahdan X5 və X3 uşaqları anadan olmuşdur. Füzuli rayonu, 2-ci Qayıdış qəsəbəsində dövlət tərəfindən ayrılmış həyətyanı torpaq sahəsində dövlət tərəfindən tikilmiş və onlar boşanana kimi həmin evdə yaşamışlar. O, həmin mülkiyyətin müvəqqəti istifadəyə verilməsinə dair şəhadətnamədə birgə payçısıdır. Cavabdehlər onlar həmin evdə yaşamağa imkan vermirlər. Hal-hazırda həmin əmlakdan istifadə etməyə çalışsa da cavabdehlər buna imkan vermirlər. Digər cavabdeh isə keçmiş baldızıdır. Onun və digər idiaçiların mülkiyyətdən istifadəsinə maneələr yaradırlar. Məhkəmə iclasında: İddiaçı və digər iddiaçılar X5 və X2 nümayəndələri İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, hazırda o, uşaqları ilə məcbur olub qardaşının yaşadığı Füzuli rayonu, Qayıdış-2 qəsəbəsi, ev 31-də yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.1985-ci il tarixli, 11 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Füzuli rayon Qayıdış-2 qəsəbəsi üzrə icra nümayəndəsi N.Rzayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh1, İddiaçı, X5 və X1 rayonu, Qayıdış-2 qəsəbəsi, ev 48-də 2002-ci ildən 2010-cu ilə qədər bir yerdə yaşamışlar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında 1985-ci ildə rəsmi nikah bağlanmış və onların birgə nikahlarından 1986-cı il təvəllüdlü R.Mahmudov və 1988-ci il təvəllüdlü Ş.Mahmudova adlı uşaqları anadan olmuşdur. 2002-ci ildən etibarən ailə Füzuli rayonu, Qayıdış-2 qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində yaşamaqla birgə təsərrüfat aparmışlar. Ailə münasibətləri korlandığından məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Hazırda iddiaçı və uşaqlarının daimi yaşayış yeri olmadığından məhkəmədə iddia qalrmaq məcburiyyətində qalmışlar. İddiaçıların köçərək yaşamaq istədikləri Füzuli rayonu, Qayıdış-2 qəsəbəsi, 48 saylı evin hüquqmüəyyənedici sənədləri olmadığından bu münasibətlərə tətbiq olunmalı konrket maddi hüquq normaları da qanunvericilikdə yoxdur. Lakin məhkəmə vəziyyətdən çıxış yolu kimi qanunun analogiyasından istifadə etməklə oxşar münasibətləri tənzimləyən mənzil qanunvericiliyinin normalarını tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsində deyilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflərin qeyd olunan fərdi yaşayış evi ilə faktiki bağlılıqları 2002-ci ildən yaranmaqla hazırkı vaxtadək uzanarq davam etdiyindən məhkəmə bu münasibətlərə ilk növbədə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməyi əsaslı sayır. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, bir çox hüquq münasibətləri kimi mənzil münasibətləri də uzanan xarakter daşıyır. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı, həmçinin hüquq və vəzifələrə təsir edən hüquqi faktların meydana çıxması mümkündür. Buna uyğun olaraq, mənzil münasibətləri subyektlərinin hüquq və vəzifələri, həmin münasibətlərin yaranmasından sonra da əmələ gələ bilər. Bu baxımdan, əgər məhkəmə tərəfindən mübahisəli mənzil münasibətinin uzanan xarakterli olduğu, şəxsin 01 oktyabr 2009-cu ildən əvvəl köçdüyü yaşayış sahəsindən bu tarixdən sonra da istifadə etməkdə davam etməsi müəyyən edilərsə, işin hallarından asılı olaraq yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Bu cür yanaşma Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, «..yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən olunmuş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır..». xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Göründüyü kimi, iddiaçılar Cavabdeh1 ailə üzvü sayılmaqla qeyd yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malik olmuşlar. Belə olan halda, iddiaçıların həmin mülkə köçürülməsi əsaslıdır. İddia tələbinin digər Cavabdeh2 aid hissəsini isə rədd edərək məhkəmə bildirir ki, tədqiq edilmiş sənədlərlə qeyd olunan evin digər Cavabdeh2 istifadə və sahibliyində olması və ya onun tərəfindən hansısa maneələr yaradılması müəyyən edilmədiyindən iddia tələbi ona aid hissədə təmin oluna bilməz. İddia tələbinin evdən sahiblik, istifadə və sərəncam hüquqlarının keçirilməsi üçün yaranmış maneələrin cavabdehlərə qadağan edilməsi hissəsini də rədd edərək məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə hesab edir ki, qeyd olunan evə dair iddiaçıların mülkiyyət hüquqları tanınmadığından onların müvafiq olaraq sahiblik, istifadə və sərəncam hüquqları da reallaşdırıla bilməz. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı, X5 və X3 Cavabdeh1 faktiki istifadə və sahibliyində olan Füzuli rayonu, Qayıdış-2 qəsəbəsi, 48 saylı evə köçürülsünlər. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-231/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-231/2024
21.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver