Məhkəmə qərarları › İş №2(064)-2487/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2487/2025

08.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2487/2025 08.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 40 ünvanına istifadə hüquqlarının tanınması və həmin ünvana köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia ərizəsini belə əsaslandırmışdır ki, onlar əvvəlki ünvanı ünvan 1radiz şəhəri, 20 Yanvar küçəsi, ev 40 olan ünvanda rəsmi qeydiyyatdadırlar. Məcburi köçkün düşdükdən sonra cavabdeh həmin ünvanda yerləşən yaşayış və torpaq sahələrini zəbt etmiş, onları evə buraxmamışdır. Hal-hazırda onlar həmin evdən istifadə edə bilmirlər və kirayədə yaşayırlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 40 ünvanında yerləşən yaşayış evini satın alaraq öz adına qeydiyyata aldırmışdır. Həmçinin evi almamışdan qabaq iddiaçılarla tanışlığı olmamış, onları tanımamışdır. Lakin o, həmin evi aldıqdan sonra İddiaçı1 ona zənglər edərək evin özünə məxsus olduğunu bildirmişdir. Cavabdeh isə həmin evi pul verərək aldığını və heç bir qanunsuz hərəkət etmədiyini ona demişdir. Ona görə cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır . Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 40 ünvanında daimi qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdən Füzuli rayonu, Horadiz şəhəri, Kirov küçəsi, ev 40 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı3 xx.xx.2008-ci il tarixdən Füzuli rayonu, Horadiz şəhəri, Kirov küçəsi, ev 40 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı4 xx.xx.2013-cü il tarixdən Füzuli rayonu, Horadiz şəhəri, Kirov küçəsi, ev 40 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 40 ünvanında yerləşən kommunal ev İddiaçı1 anası X1 adına dövlət tərəfindən bərpa olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********69-10301 reyestr nömrəli çıxarış əsasında müəyyən edilir ki, Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 40 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və sonuncunun xüsusi mülkiyyətindədir. - İddiaçılar tərəfindən verilmiş etibarnamə əsasında müəyyən olunur ki, sonuncular tətəfindən İddiaçı1 onları məhkəmədə təmsil etmək hüququ verilmişdir. Məhkəmə hazırkı tələblərlə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinin tələblərinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarından görünür ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Yuxarıda istinad edilmiş qanunvericilik normalarına və iş üzrə tədqiq edilmiş sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların hazırkı iddia tələblərini irəli sürməkdə subyektiv hüquqları yoxdur. Qeyd olunan hüquqi aktlara əsasən müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ, mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənmiş yazılı razılaşmaya əsaslanır. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********69-10301 reyestr nömrəli çıxarışına əsasən Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 40 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçılar tərəfindən Məhkəməyə mülkiyyətdən istifadə hüququna əsas verən heç bir mötəbər sübut təqdim edilmədiyindən, beləliklə də, iddiaçıların cavabdehə (mülkiyyətçiyə) qarşı tələb irəli sürmək hüququ mövcud olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa münasibət bildirərək Məhkəmə qeyd edir ki, həmin arayış iddiaçıların tələblərinin əsasını təşkil etmədiyi üçün mötəbər sübut hesab oluna bilməz. Belə ki, həmin arayışda cavabdehlər Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi, ev 40 deyil, Füzuli rayonu, Horadiz şəhəri, Kirov küçəsi, ev 40 ünvanında qeydiyyatda olduqları qeyd olunub. Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa münasibət bildirərək Məhkəmə qeyd edir ki, həmin arayış iddiaçıların tələblərinin əsasını təşkil etmədiyi üçün mötəbər sübut hesab oluna bilməz. Belə ki, həmin arayış Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışla təkzib olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərardadının nəticə hissəsində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərardadında göstərilir ki, hüquq elmində hüquq anlayışı obyektiv hüquq (və ya obyektiv mənada hüquq) və subyektiv hüquq (və ya subyektiv mənada hüquq) olmaqla iki mənada istifadə olunur. Obyektiv mənada hüquq dedikdə, ictimai münasibətləri tənzimləyən, məcburi xarakter daşıyan qaydaların məcmusu başa düşülür. Obyektiv mənada hüquq tənzim edilən ictimai münasibətlərin xarakteri, tənzimləmə metodu kimi meyarlar baxımından mülki, cinayət, inzibati və s. hüquq sahələrinə bölünür. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında gösətilir ki, Konstitusiyanın 60-cı maddəsihər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qeyd olunan hüquqi aktların tələbindən çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 40 ünvanına istifadə hüququnun tanınması və həmin ünvana köçürülmə tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar