Məhkəmə qərarları › İş №2(064)-266/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-266/2025

17.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-266/2025 17.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçin Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb edərək verdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum bacısı X6 ilə bacı-qardaş dərəcəsində qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icraatında mərhum bacısının tələbkar olduğu borcun ödənilməsinə dair Füzuli Rayon Məhkəməsinin icra sənədi vardır. Bacısı xx.xx.2024-cü il tarixdə vəfat etdiyi üçün o, mərhum bacısının hüquqi varisi kimi icra prosesində iştirak edə bilmir. Bununla bağlı o, qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin bacısının doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etmədi, lakin ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. X2 və X11 ərizəçi ilə eyni məzmunlu izahat verərək iddia tələbində qeyd olunanları təsdiqlədilər. Məhkəmə Ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-1149/2024 saylı icra vərəqəsi əsasında müəyyən olunur ki, X4 xeyrinə X3 7280 manat məbləğində pul tutulmalıdır; - Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, X6 xx.xx.2024-cü il tarixdə Füzuli rayonunda dəqiqləşdirilməmiş beyin infarktı səbəbilə ölüb; - AR MAİ AR DA Füzuli Filialının xx.xx.2024-cü il tarixli arxiv arayışı əsasında müəyyən olunur ki, Füzuli Rayon Qeydiyyat Şöbəsinin 1934-cü ilə aid doğum bərpa aktlarının qeyd kitablarına baxıldıqda X4 adına rast gəlinməyib; - Füzuli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, Şöbənin arxivinə və elektron informasiya sisteminə baxış zamanı X4 doğumu barədə akt qeydi aşkar edilməyib; - Füzuli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışı əsasında müəyyən olunur ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Füzuli rayonunda doğulub, atası X9 və anası X5r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə görə ikinci növbədə qanun üzrə vərəsələr - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İş materiallarından görünür ki, ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçinin mərhum bacısı X4 doğum haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Bu səbəbdən də, Ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göründüyü kimi, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası artıq aradan qalxmışdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 2.3-cü bəndinə görə qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən Ərizəçinin izahatı, şahidlərin ifadələri və digər sənədlərlə müəyyən edilmişdir ki, 1934-cü il təvəllüdlü X1 Vaqif Dilavər oğlunun qanun üzrə ikinci dərəcəli vərəsəsi olmaqla bacısıdır. Həmçinin Məhkəmə tərəfindən əvvəlki növbə vərəsələrin olmaması da aşkar olundu. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1934-cü il təvəllüdlü X4 qanun üzrə ikinci dərəcəli vərəsəsi xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi ilə qohumluq münasibətlərində olması və 1934-cü il təvəllüdlü X4 birinci növbə vərəsələrinin olmaması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar