Məhkəmə qərarları › İş №2(064)-300/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-300/2023

08.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-300/2023 08.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 1.9695 ha torpaq sahəsindən çıxarılmasına və dəymiş 3.000 manat məbləğində maddi ziyanın onun xeyirinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və dörd bacılarına ata və anasından Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən 1.9695 hektar torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Çıxarışa əsasən onlar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquqi sahibləridirlər. Lakin Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz zəbt etmişlər. Onu dəfələrlə xəbərdarlıq etmişdir ki, ona məxsus torpaq sahəsindən çıxsın, çünki onlar özləri həmin torpaqdan istifadə etmək istəyirlər. Lakin cavabdeh çıxmaqdan imtina edir. Hal- hazırda da, həmin torpaq sahəsində taxıl əkib. O, öz mülkiyətindən zəbt olunduğundan istifadə edə bilmir. Dəfələrlə müraciət etsə də razılığa gəlməmiş, torpaq sahəsindən çıxmaqdan imtina edir. Ona həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə imkan vermir. Bununla da, onlara maddi ziyan vurulmuşdur. Odur ki, onlar həmin torpaq sahəsini əkibbecərib oradan 5 ton buğda əldə etmək istəyir. Lakin cavabdehin ucbatından mümkün olmamışdır. Bu günkü gün 5 ton buğdanın bazar qiymətini ortalama 0.60 manat götürsə (0.60 manat x 5 ton büğda = 3.000 manat) 3.000 manat təşkil edir. Odur ki, Cavabdeh onun xüsusi mülkiyyətində olan 1.9695 hektar torpaq sahəsindən çıxarılmasını və ona dəymiş 3.000 manat maddi ziyanın alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin iddia tələbini dəqiqləşdirərək cavabdehin onun və digər ailə üzvlərinin mülkiyyətlərində olan 0.7809 ha torpaq sahəsindən çıxarılması və mütəxəssis rəyinin verilməsi üçün onun tərəfindən ödənilmiş 95 manatın onun xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, həmin torpaq sahəsini iddiaçının mərhum atası Sərvanın sağlığında ondan almış, lakin rəsmi qaydada sənədləşdirməmişdir. Həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İİ №236967 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. AZ-İİ №237426 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2021-ci il tarixdə Füzuli rayonunda ölmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışdan görünür ki, Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən 0.7809 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.7809 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsi bütövlükdə Cavabdeh istifadəsindədir. xx.xx.2023-cü il tarixli, 21020 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 95 manat DƏDRX-in hesabına keçirimişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5317 saylı ekspert rəyindən görünür ki, İddiaçı və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 0.7809 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Həmin torpaq sahəsi bütövlükdə Cavabdeh istifadəsindədir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Füzuli rayonu, Mahmudlu- 2 kəndində İddiaçı və onun ailə üzvlərinə 0.7809 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə verilmiş mütəxəssis və ekspert rəylərindən görünür ki, qeyd olunan torpaq sahəsi bütövlükdə Cavabdeh istifadəsindədir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, həmin torpaq sahəsini iddiaçının mərhum atası Sərvanın sağlığında ondan almış, lakin rəsmi qaydada sənədləşdirməmişdir. Həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Cavabdeh həmin torpaq sahəsini aldığını bildirsə də bu barədə rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin mülahizələrini əsassız sayaraq rədd edir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi bütövlükdə Cavabdeh qanunsuz istifadə və sahibliyindədir ki, bu da son nəticədə birgə mülkiyyətçi kimi İddiaçı və onun ailə üzvlərinin bütövlükdə torpağa dair sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Cavabdehin bu qanunazidd hərəkətləri iddiaçının hüquq və mənafelərinə toxunduğundan iddiaçı cavabdehin torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı, AR MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı işə baxılması ilə əlaqədar məsrəflər mütəxəssisə verilməli olan 95 manat və ekspertə verilməli olan 50 manatdan ibarətdir. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən qabaqcadan ödənilmiş 95 manat onun xeyrinə cavabdehdən tutulmalı, həmçinin 50 manat ekspertiza xərci cavabdehdən tutularaq MEM-in hesabına keçirilməlidir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Füzuli rayonu, Mahmudlu-2 kəndində yerləşən 0.7809 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün qabaqcadan ödənilmiş 95 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar