Məhkəmə qərarları › İş №2(064)-32/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-32/2024

10.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-32/2024 10.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onun mülkiyyətində olan Füzuli rayonu, Babı kəndində yerləşən evdən çıxarılmaları və onun evindən istifadə etməyinə maeə yaradan hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş çıxarış əsasında ona mülkiyyət hüququ ilə məxsus olan Füzuli rayonu, Babı kəndində evi vardır. Hazırda Cavabdeh1 qızları cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə birlikdə qeyri-qanuni olaraq həmin evdə yaşayırlar, dəfələrlə tələb etməyinə baxmayaraq onun evindən çıxmırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onun öz mülkiyyətindən istifadə etməyinə mane olurlar. Ona görə də, qanuni maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, Cavabdeh1 onun qardaşının sabiq arvadıdır və 3 ildir ki, qızları ilə birlikdə Füzuli rayonu, Babı kəndində yerləşən ona məxsus evdə yaşamırlar, Bakıda ünvanı dəqiq bilmədiyi mənzildə yaşayırlar. İddiaçı nümayəndəsi X4 iddiaçı ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmaqla cavabdehlərin Füzuli rayonu, Babı kəndində yerləşən evdən çıxarılmalarını xahiş etdi. Cavabdehlər X6, Cavabdeh2 Səəad qızı, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Füzuli rayonu, Babı kəndində yerləşən ev İddiaçı və X1 ümumi birgə mülkiyyətindədir. AZ-İ № 446266 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh1 arasındakı nikah məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 05 ayının 17 günündə 50 nömrə ilə qeyd edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Füzuli rayonu, Babı kəndində yerləşən ev İddiaçı və qardaşı S.Abbasovun ümumi birgə mülkiyyətindədir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh1 onun qardaşının sabiq arvadıdır və 3 ildir ki, qızları ilə birlikdə Füzuli rayonu, Babı kəndində yerləşən ona məxsus evdə yaşamırlar, Bakıda ünvanı dəqiq bilmədiyi mənzildə yaşayırlar. Məhkəmə hesab edir ki, cavabdehlər qeyd olunan evdə yaşamadıqlarından onların həmin evdən çıxarılmaları da absurddur. Cavabdehlər qeyd olunan ünvanda yaşamadıqlarından onların iddiaçının evindən istifadəsinə hansı maneələr yaratması da anlaşılan deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsində deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar