Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-357/2024 19.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, X1 torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1987-ci ildə ona verilmiş 12 sot həyətyanı torpaq sahəsinin sənədləşdirilib icra olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə iddia ərizəsi adlandırılsa da adi ərizə formasında tərtib olunmaqla iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmiş, o cümlədən ərizədə tərəflər, yəni iddiaçı və cavabdeh qeyd olunmamışdır. Bundan başqa, ərizənin nəticə hissəsindən belə anlaşılır ki, Ə.Xaçıyev 12 sot həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə aldırmaq istəyir. Bunun üçün məsələnin məhkəmədən kənar qaydada həll olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmək əvəzinə birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla). 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, hazırkı iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 150, 152.1, 152.1.2, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya qaytarılsın. Ə.Xaçıyevə aşağıdakılar izah edilsin: - 12 sot həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün məhkəmədən kənar qaydada əvvəlcə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsin. - Həmin orqandan imtina aldığı təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə riayət etməklə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında Şirvan İnzibati Məhkəməsində iddia qaldırsın. - məhkəməyə müraciət edəcəyi təqdirdə iddia ərizəsinin formasına və məzmununa riayət etsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-357/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-357/2024
19.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver