Məhkəmə qərarları › İş №2(064)-459/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-459/2023

07.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-459/2023 07.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ X2 Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Ərizəçi iştirakları ilə, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iş stajının müəyyən edilməsi” barədə verdiyi ərizəyə və ona əlavə edilmiş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı (bundan sonra – maraqlı şəxs) Füzuli Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 10 yanvar 1977-ci il tarixdən 20 dekabr 1993-cü il tarixədək Füzuli rayonu, Qərbənd kəndində yerləşmiş Mehdi Hüseynzadə adına sovxozda briqadir işlədiyi, əmək kitabçasında qeyd edilmiş müddətin iş stajı kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, onun əmək kitabçasında 10 yanvar 1977-ci il tarixdən 20 dekabr 1993-cü il tarixədək Füzuli rayonu, Qərbənd kəndində yerləşmiş Mehdi Hüseynzadə adına sovxozda briqadir vəzifəsində işləməsi göstərilsə də, bu barədə arxiv arayışını 1993-cü ildə Füzuli rayonunun işğal edilməsindən sonra orada yerləşmiş arxivin məhv edilməsi səbəbindən əldə edə bilməməsinə görə iş üzrə maraqlı şəxs tərəfindən həmin müddətin onun sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Bu səbəbdən məhkəməyə hazırki məzmunda ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi 02 mart 2023-cü il tarixli vəsatətində hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırki ərizənin mülki məhkəmə icraatı qaydasında baxılmalı olubolmamasına dair düzgün nəticəyə gəlmək üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə ərizəyə əlavə olunmuş aşağıda göstərilən sənədlər əsasında işin mövcud faktiki halları ilə bağlı müəyyən etmişdir ki,: - ərizəçinin adına tərtib edilmiş əmək kitabçasında onun 10 yanvar 1977-ci il tarixdən 20 dekabr 1993-cü il tarixədək Füzuli rayonu, Qərbənd kəndində yerləşmiş Mehdi Hüseynzadə adına sovxozda briqadir vəzifəsində işləməsi göstərilmişdir (Həmin əmək kitabçasının müvafiq vərəqinin surətinə əsasən). - maraqlı şəxs ərizəçinin təqdim etdiyi əmək kitabçasında göstərilmiş həmin qeydin mötəbərliyinə əsaslı şübhələr olmasına görə müvafiq halın araşdırıldığını göstərmişdir (Maraqlı şəxsin 06 sentyabr 2022-ci il tarixli məktubuna əsasən). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının: - 13.2-ci bəndində göstərilmişdir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mğvcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. - 13.3-cü bəndində göstərilmişdir ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 307.2.11 və 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanaraq belə hesab edir ki,: - Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsinin tətbiq edilməsi üçün həmin Məcəllənin 308-ci maddəsində müəyyən edilmiş hüquqi şərtin mövcud olması tələb edildiyinə görə hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ərizəçinin 10 yanvar 1977-ci il tarixdən 20 dekabr 1993-cü il tarixədək Füzuli rayonu, Qərbənd kəndində yerləşmiş Mehdi Hüseynzadə adına sovxozda briqadir işləməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsindən ibarət hüquqi şərt mövcud olmalıdır. - ərizəçinin əmək kitabçasında həmin halın qeyd edilməsi onun həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsindən ibarət hüquqi əsası aradan qaldırmışdır. - Buna görə də ərizəçinin əmək kitabçasında 10 yanvar 1977-ci il tarixdən 20 dekabr 1993-cü il tarixədək Füzuli rayonu, Qərbənd kəndində yerləşmiş Mehdi Hüseynzadə adına sovxozda briqadir işləməsinin qeyd edilməsinə baxmayaraq, DSMF orqanı olan maraqlı şəxsin həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etməsi müvafiq dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Ərizəçi bu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 308, 261.0.1, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iş stajının müəyyən edilməsi” barədə verdiyi ərizə üzrə işin icraatına xitam verilsin. Həmin ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi verilsin. Ərizəçi izah edilir ki, hazırki ərizəsində göstərdiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Qərardaddan surətinin tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar