Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-533/2023 11.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə verdiyi iddia ərizəsinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kreditor "xxxx" Kommersiya Bankı ASC (bundan sonra - kreditor) borclu Cavabdeh (bundan sonra - borclu) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 30 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 745,55 ABŞ dolları əsas, 75,44 ABŞ dolları faiz və 13,25 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə kredit borcuna görə 834,24 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Kreditor ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, borcluya aralarında bağlanmış 30 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28 faizlə, 1000 ABŞ dolları məbləğində pulu kreditlə vermişdir. Borclunun həmin müqavilə öhdəliyini tam yerinə yetirməməsi nəticəsində ona 10 iyun 2016-cı il tarixə 745,55 ABŞ dolları əsas, 75,44 ABŞ dolları faiz və 13,25 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 834,24 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, borclu ona həmin borcunu ödəməmişdir. Bundan əlavə, iddiaçı dövlət rüsumuna görə 20 manat məbləğində pul ödəmişdir. Füzuli Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(064)2990/2016 nömrəli əmri ilə ərizə təmin edilərək borclu Cavabdeh 30 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 745,55 ABŞ dolları əsas, 75,44 ABŞ dolları faiz və 13,25 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 834,24 ABŞ dollarının ödəniş vaxtında Azərbaycan manatına olan ekvivalentinin və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutulub kreditor "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi əmr edilmişdir. Füzuli Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(064)2990/2016 nömrəli qərardadı ilə həmin məhkəmənin 15 sentyabr 2016-cı il tarixli, 2(064)2990/2016 nömrəli əmri ləğv edilmiş, iş iddia icraatına keçirilmişdir. Füzuli Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(064)241/2018 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə tələbi üzrə iddia ərizəsi baxılmamış saxlanmışdır. Füzuli Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(064)241/2018 nömrəli qərardadı ilə İddiaçı MMC-nin 07 fevral 2023-cü il tarixli ərizəsinə əlavə etdiyi dövlət qeydiyyatına alınmasına dair sənəd, nizamnaməsi və “Tələb hüququnun satılması haqqında” 22 noyabr 2021-ci il tarixli, 02/21 UB nömrəli müqavilənin surətləri əsasında "xxxx" Kommersiya Bankı ASC-nin borc müqavilələri üzrə bütün tələb hüquqlarını İddiaçı MMC-yə satdığı müəyyən edildiyinə görə İddiaçı MMC-nin həmin ərizəsi təmin edilərək, iddiaçı "xxxx" Kommersiya Bankı ASC prosessual hüquq varisi olan İddiaçı MMC ilə əvəz edilmiş, həmin məhkəmənin 29 mart 2018-ci il tarixli, 2(064)241/2018 nömrəli qərardadı ləğv edilmiş və mülki işin icraatı təzələnmişdir. İddiaçı MMC (bundan sonra - iddiaçı) və Cavabdeh (bundan sonra - cavabdeh) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə göndərdiyi ərizəsində iş üzrə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından hazırki iş üzrə əldə edilib mülki işin materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Problemli kreditlərin kompensasiyası”na dair məlumat və iddiaçı tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli, BOA-1345 nömrəli maliyyə arayışı əsasında müəyyən etmişdir ki, 30 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin "xxxx" Kommersiya Bankı ASC-yə 01 mart 2019-cu il tarixə olan borcu 1118,48 manat olmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə həmin borcun 453,89 manat hissəsi kompensasiya edilməklə azaldılmış, nəticədə cavabdehin "xxxx" Kommersiya Bankı ASCyə olan borcu 664,59 manat təşkil etdiyinə görə cavabdehə həmin məbləğin restrukturizasiya olunması təklif olunmuşdur. Məhkəmə, həmçinin iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzi əsasında müəyyən etmişdir ki, "xxxx" Kommersiya Bankı ASC iş üzrə dövlət rüsumuna görə 20 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən, yuxarıda göstərilən işin müəyyən edilmiş faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia yalnız cavabdehin iddiaçıya olan borcunu təşkil edən 664,59 manat və iddiaçının iş üzrə dövlət rüsumuna görə ödədiyi 20 manat məbləğində pula münasibətdə, yəni qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 30 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borca görə 664,59 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 684,59 manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-533/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-533/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver