Məhkəmə qərarları › İş №2(064)-60/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-60/2024

08.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-60/2024 08.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynov İlham Rəvan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2 xx.xx.1954-cü il tarixdə Füzuli rayonu Babı kəndində doğulması ilə bağlı doğum qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı X7, həmin şəhadətnamənin ata qrafasında X10, ana qrafasında X9 yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi yeni ərizə ilə məhkəməyə müraciət edib iddia predmetini dəyişmiş və X2 onun bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum bacısı X7 xx.xx.1954-cü il tarixdə Füzuli rayonu Babı kəndində anadan olmuş, xx.xx.2020-ci il tarixdə həmin kənddə ürək çatışmazlığından vəfat etmişdir. Bacısı doğulan zaman valideyinləri ona doğum haqqında şəhadətnamə alsalar da həmin şəhadətnamə sonralar itirilmişdir. Hazırda bacısı X7 və valideyinləri vəfat etmişdir.Bacısı heç vaxt ailə qurmamışdır və övladı da yoxdur. Doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şödəsinə müraciət etsə də, müraciətinə imtina cavabı gəlmişdir. Torpaqla bağlı notariat kontorunda sənədləşmə işləri aparmaq istəyərkən doğum haqqında şəhadətnamənin olmaması çətinliklər yaratmışdır. Həmin çətinliklər səbəbindən məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən X2 onun bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məktubla müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X8 ifadələrində X2 Ərizəçi doğma bacısı olduğunu, X2 ərə getmədiyini və uşaqlarının olmadığını, X2 xx.xx.2020-ci il tarixdə öldüyünü, X2 adına pay torpağının olduğunu və Ərizəçi vərəsəlik üzrə həmin payı öz adına keçirmək istədiyini, X2 digər vərəsələrinin olmadığını göstərmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X7 xx.xx.1954-cü il tarixdə doğulmuşdur və subaydır. -Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X9 xx.xx.1984-cü il tarixdə baş beyinin əzilməsi səbəbindən ölmüşdür. -Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, X7 barəsində Füzuli rayon Qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. -AZ-İİ 142749 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.2020-ci il tarixdə ürək çatışmazlığı xəstəliyi səbəbindən ölmüşdür. -İİİ ЖГ 277962 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 xx.xx.1985-ci il tarixdə ölmüşdür. -Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Füzuli rayonu Babı kəndində doğulmuş, X3, anası X6r. -Füzuli rayon İHB-nin Arayatılı kənd İnzibati ərazi icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X7 xx.xx.1954-cü il tarixdə Füzuli rayonu Babı kəndində doğulmuş və xx.xx.2020-ci il tarixdə ölmüşdür. X3 (xx.xx.1985-ci il tarixdə ölüb), anası X6r (xx.xx.1984-cü il tarixdə ölüb). -AA 026697 nömrəli məcburi köçkün vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi məcburi köçkündür. “Notariat hərəkətinin aparılması qaydaları” haqqında təlimatın 102-ci bəndinin 5-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri vətəndaşlıq aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə müəyyən edilir. Ərizəçi mərhum X2 doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyi üçün ona X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, X2 onun bacısı olmasını sübut edən məhkəmə qətnaməsi təqdim etməyi zəruridir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Füzuli rayonu Babı kəndində doğulmuş. X3, anası X6r. X7 ərizəçinin doğma bacısıdır. X2 doğumu qeydiyyat orqanında qeydə alınmamışdır. X7 ərə getməmiş və uşaqları olmamışdır. Ərizəçinin bacısı X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. X2 digər növbəli vərəsələri yoxdur. Hal-hazırda ərizəçi bacısı X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Ərizəçi Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Füzuli rayon Qeydiyyat şöbəsi mərhum X4 aid doğum haqqında akt qeydi olmadığından müraciətdən imtina etmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təhqiqatı zamanı X2 öldüyü, ərizəçinin hazırki məsələnin məhkəmədən kənar qaydada həlli üçün Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etməsi və bu müraciətin heç bir nəticə verməməsi səbəbindən X2 Ərizəçi bacısı olması faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə bacısından mirasdan pay almaq və bu məqsədlə həmin mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün lazım olması, X2 başqa növbəli vərəsələrinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları rəhbər tutulmalıdır. Yenə də həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.2-ci maddəsinə əsasən ikinci növbə vərəsələr - ölənin bacıları və qardaşları hesab olunur. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, xx.xx.2020-ci il tarixdə ölmüş mərhum X2 xx.xx.1951-ci il tarixdə doğulmuş Ərizəçi bacısı olması barədə qohumluq münasibətləri faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.2020-ci il tarixdə ölmüş mərhum X2 xx.xx.1951-ci il tarixdə doğulmuş Ərizəçi bacısı olması barədə qohumluq münasibətləri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə(“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar