Məhkəmə qərarları › İş №2(064)-665/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-665/2023

14.04.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-665/2023 14.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 1938-ci il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 1938-ci ildə Füzuli rayonu, Qarakollu kəndində anadan olub. xx.xx.2002-ci il tarixində xəstəlikdən vəfat edib və Qaradağ rayonu, Sahil qəbiristanlığında dəfn olunub. İndiyədək mərhum atasına nə Füzuli rayonunun Qarakollu kənd icra nümayəndəliyindən, nə də Füzuli rayon Qeydiyyat Şöbəsindən ölüm haqqında şəhadətnamə almışlar. Hazırda kənd icra nümayəndəliyində olan təsərrüfatbaşı kitabında atasının ölməyi qeyd olunmamışdır. Təsərrüfatbaşı kitabdan mərhum atasının adının silinməsi üçün ondan atasının ölüm haqqında şəhadətnaməsi tələb edilir. Mərhum atasının ölüm haqqında şəhadətnamə almadığı üçün sənədləşmə aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona müvafiq sənədləşmə aparmaq üçün lazımdır. Mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqqmda şəhadətnamə verilməsindən imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi təşəbbüsü ilə dəvət edilmiş şahid X5 bildirdi ki, Ərizəçi atası 1938-ci il təvəllüdlü X4 xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində vəfat etmiş və həmin qəsəbənin qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Füzuli rayonu, Qarakollu kəndində doğulmuşdur. AZ-İİİ № 622940 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. X1, anası X2r. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 127 saylı məktubunda göstərilmişdir ki, X3 vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin əsli təqdim edilmədiyi üçün ölümün qeydiyyatından imtina edilmişdir. Odur ki, Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Füzuli rayon İHB-nin Kərimbəyli kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-43-34/2-031/2023 saylı arayışından görünür ki, X4 xx.xx.2002-ci il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində vəfat etmiş və orada dəfn edilmişdir. Təqdim edilmiş qəbir daşının fotoşəkillərindən görünür ki, orada X4 1938-xx.xx.2002ci il sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında tibb şəhadətnaməsinin əsli olmadığına görə Ərizəçi məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi atası 1938-ci il təvəllüdlü X4 xx.xx.2002-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində vəfat etmiş və həmin qəsəbənin qəbirstanlığında dəfn olunmuşdur. Lakin Ərizəçi həmin ərəfədə X1nun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, 1938-ci il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində vəfat etməsi faktı müəyyən olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1938-ci il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar