Məhkəmə qərarları › İş №2(064)-690/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-690/2025

30.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-690/2025 30.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququ verilməklə mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun övladları X3 və X2 ilə birgə əvvəl yaşadığı, hal-hazırda cavabdeh tərəfindən çıxarıldığı ünvan 1 ünvanda yerləşən 3 otaqlı, 1 mərtəbədən ibarət mənzilə köçürülməsi və uşaqların yaşamaları üçün 2 otağın onlara verilməsi və həmçinin mətbəxdən ümumi istifadə etməklə istifadə hüquqları verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əvvəl yaşadığı, hal-hazırda cavabdeh tərəfindən çıxarıldığı ünvan 1 ünvanda yerləşən 3 otaqlı, 1 mərtəbədən ibarət mənzilə köçürülməsi və mətbəxdən ümumi istifadə etməklə istifadə hüquqları verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əvvəl yaşadığı, hal-hazırda cavabdeh tərəfindən çıxarıldığı ünvan 1 ünvanda yerləşən 3 otaqlı, 1 mərtəbədən ibarət mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Sabirabad rayonu qeydiyyat şöbəsində nikahlarını 4 fevral 2002-ci ildə qeydə aldırmışlar. Birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. 2002-ci ildən 2024-cü ilin ilk aylarına kimi ailə münasibətləri yaxşı olmuşdur. Lakin son zamanlar ailə münasibətləri korlanmış və cavabdeh tərəfindən ona qarşı laqeydlik və digər xoşagəlməz hərəkətlər olunmuşdur. Cavabdehin ona qarşı hərəkətlərindən mənəvi əziyyətlər çəkdiyi üçün boşanmaq qərarına gəlmiş və onunla birgə yaşamaq mümkün olmadığından övladlarını da özün ilə birgə götürüb ata evinə qayıtmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, ata evində şəraiti olmadığından övladlarının normal şəraitdə yaşaması, orta məktəblə təmin olunması və yaxşı mühitdə tərbiyə olunması ən vacib məsələlərdən biridir. Bildirir ki, o, ailə həyatı qurduqdan sonra cavabdehlə qeyd etdiyi Zobcuq qəsəbəsi- 3, ev 389, yəni 1 mətbəx, 3 otaqdan ibarət mənzil dövlət tərəfindən ailəsinin adına qeyd edilməklə yaşayış üçün onlara təhvil verilmişdir. Uzun illərdir ki, onlar ər-arvad kimi övladları ilə birgə bu mənzildə yaşamışdır. Lakin ailə münaqişəsi baş verdikdən sonra o, övladlarını götürüb ata evinə getmiş, cavabdeh isə həmin ünvanda faktiki olaraq yaşayır. O, isə övladları ilə birgə əzabəziyyət içində ata evində darısqal evdə çox sıxıntılı vəziyyətdə yaşayır. Belə ki, sözügedən ev onların ailəyə dövlət tərəfindən verilmiş və orada övladları dünyaya gəlmişdir. Həmin ev onların ailəsinin adına sənədləşdirilmişdir. Belə olan halda onun və övladlarının hüquqları vardır ki, öz evində qayıtmalı və orada istifadə hüquqlarının müəyyən edilməklə oraya köçürülüb yaşamalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf edərək iddianın təmin edilməsi və iddiaçının ünvan 2 ünvanında yerləşən evə köçürülməyinə etiraz etmədiyini bildirmişdir. O, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - ... qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, tərəflər Füzuli rayonu, Cuvarlı kəndindən məcburi köçkündürlər və onların bu statusu qüvvədədir. Beləliklə, tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar