Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-697/2025 11.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “istifadə olunmuş təbii qaza görə borcun tutulması” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) istifadə etdiyi təbii qaza görə yaranmış borc üzrə 505,09 manat məbləğində pulun alınıb sonuncunun adına qaz istehlakçısı kimi açılmış **********00740 nömrəli abonent koduna və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, abonent kodu **********00740 olan cavabdeh qaz paylayıcısı olan iddiaçı ilə bağladığı 05 oktyabr 2012-ci il tarixli, 4372 nömrəli müqavilə əsasında yaşadığı evə quraşdırılmış məişət qaz sayğacından keçən təbii qazdan istifadə etmişdir. Cavabdeh göstərilən müqavilənin 2.3.1-ci bəndinə əsasən həmin qaz sayğacının göstəricisinə əsasən hesablanıb ona təqdim edilmiş və ya göndərilmiş hesab üzrə qazın dəyərini tam ödəməli olduğu halda, istifadə etdiyi təbii qaza görə cəmi 505,09 manat məbləğində borcunu yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ödəməmiş, bununla da müqavilə öhdəliyini lazımınca icra etməmişdir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 30,40 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 05 oktyabr 2012-ci il tarixli, 4372 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı satqısı” müqaviləsinin surəti və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin həmin sənədlərə aid olan müvafiq faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə (iddiaçının cavabdehə hesabladığı borcun məbləği istisna olmaqla) eyni məzmunda olduğunu, cavabdehin istifadə etdiyi təbii qaza görə qalıq borcunun iddia ərizəsinin verildiyi tarixə uyğun tərtib edilmiş “Abonentin Saldosu”-nda 505,09 manat olması göstərilsə də, asanpay.az internet səhifəsindən əldə edilib iş materiallarına əlavə edilmiş 10 mart 2025-ci il tarixli ödəniş sənədi əsasında iddia ərizəsinin məhkəmənin icraatına daxil olmasından sonra cavabdehin ödəniş etməsi səbəbindən 403,40 manat olmasını müəyyən edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 135.1-ci maddəsinə əsasən fiziki şəxslər kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. - 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə qaz təminatına görə ödənilən haqlar daxildir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, iş üzrə iddia qismən təmin edilməli olduğuna görə ödənilmiş dövlət rüsumu üzrə 30,40 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olan 24,32 manat hissəsi (505,09 manat (iddia tələbi) : 403,40 manat (iddia tələbinin təmin olunmuş hissəsi) = 1,25; 30,40 manat : 1,25 = 24,32) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 6,08 manat hissəsi (30,40 – 24,32= 6,08) isə iddiaçıya aid olunmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 05 oktyabr 2012-ci il tarixli, 4372 nömrəli müqavilə üzrə yaranmış borca görə 403,40 manat məbləğində pul alınıb özünün adına qaz istehlakçısı kimi açılmış **********00740 nömrəli abonent koduna, ödənilmiş dövlət rüsumuna görə 24,32 manat məbləğində pul alınıb İddiaçı ABB-nin Sabunçu filialı, kod 805573, VÖEN**********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aqil Musayev
Məhkəmə qərarları › İş №2(064)-697/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-697/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver