Məhkəmə qərarları › İş №2(064)-749/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-749/2023

15.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-749/2023 15.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 onun mülkiyyətində olan 2.36 hektar torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün JN-103, KOD 60618018 saylı akta əsasən 2.36 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini X4 heç bir qanuni sənədi olmadan istifadə edir. Dəfələrlə həmin torpaq sahəsinin boşaldılması və ona qaytarılması barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin iddia tələbini dəqiqləşdirərək cavabdehin onun və digər ailə üzvlərinin mülkiyyətində olan 2.36 ha torpaq sahəsinin 2.08 ha hissəsindən çıxarılmasını və həmin hissədə torpaq sahəsinin ona təhvil verilməsini, eləcə də cavabdehdən mütəxəssis rəyinin verilməsi üçün qabaqcadan ödədiyi 108 manatın alınıb ona verilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: Torpağa mülkiyyət hüququna dair JN-103, KOD 60618018 dövlət aktından görünür ki, İddiaçı və digər ailə üzvlərinə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində Füzuli rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə pay torpaq sahəsi kimi 2.36 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.36 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2.08 ha hissəsi bütövlüklə X5 tərəfindən istifadə olunur. xx.xx.2023-cü il tarixli, 14545 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 108 manat qabaqcadan DƏDRX-ə ödənilmişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5527 saylı ekspert rəyindən görünür ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.36 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2.08 ha hissəsi bütövlüklə X5 tərəfindən istifadə olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2.36 ha torpaq sahəsinin 2.08 ha hissəsi cavabdeh X5 tərəfindən istifadə edilir. Cavabdeh artıq uzun müddətdir ki, həmin torpaq sahəsindən faktiki istifadə edərək sahiblik etməklə orada kənd təsərrüfatı məhsulları əkmişdir ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının, o cümlədən torpaqdan təyinatı üzrə sərbəst şəkildə istifadə hüququnun pozulması ilə nəticələnmişdir. Cavabdehin bu qanunazidd hərəkətləri iddiaçının hüquq və mənafelərinə toxunduğundan o, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı və ailə üzvlərinə məxsus 2.36 ha torpaq sahəsinin 2.08 ha hissəsindən cavabdeh X5 çıxarılmalıdır. Bununla yanaşı, MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı işə baxılması ilə əlaqədar məsrəflər mütəxəssisə verilməli olan 108 manat və ekspertə verilməli olan 50 manatdan ibarətdir. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən qabaqcadan ödənilmiş 108 manat onun xeyrinə cavabdehdən tutulmalı, həmçinin 50 manat ekspertiza xərci cavabdehdən tutularaq MEM-in hesabına keçirilməlidir Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2.36 ha torpaq sahəsinin 2.08 ha hissəsindən cavabdeh X5 çıxarılsın və torpaq sahəsi İddiaçı təhvil verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün qabaqcadan ödənilmiş 108 manat cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərci olan 50 manat cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar