Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-87/2023 31.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndələri vəkil Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nigah dövründə tikilmiş evin təmirinə xərclənmiş vəsaitin alınıb verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nigah dövründə tikilmiş evin təmirinə xərclənmiş vəsaitin alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə atası Cavabdeh2 adına qeydiyyata alınmış evdə əsaslı təmir və bərpa işlərinə xərclənmiş xərclərin müəyyən edilməsi və həmin məbləğin, 50 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onların xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə nikah dövründə yaşadığı evdə əsaslı tikinti və bərpa işləri görmüşlər. Həmin işlərin pulunu anası İddiaçı2 ödəmişdir. Bunu hər kəs təsdiq edə bilər. O, həmin evi anası ilə təmir etdirib ki, ailəsi və uşaqları ilə birgə yaşayır. Lakin onların nikahları pozulduqdan sonra onu və uşaqların həmin evdən çıxarmağa cəhd edirlər. Hətta Fzuli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə onun həmin mənzildən çıxarılması qət edilmişdir. Hesab edir ki, çəkilmiş xərclər müəyyən etməli və onlara qaytarılması barədə qətnamə çıxarılmalıdır. İddiaçılar iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunanlarla yanaşı, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış ev üzərində ½ hissədə pay hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında: İddiaçı2 iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, qızı İddiaçı1 sabiq əri Cavabdeh1la digər Cavabdeh2 razılığı ilə onun Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış evdə uzun müddət yaşamışlar. Həmin evdə tam şərait olmadığına görə müəyyən təmin və bərpa işləri aparılmaışdır. Cavabdehlərin maddi vəziyyətləri qənaətbəxş olmadığından Cavabdeh2 razılığı ilə o, da həmin evdə bəzi təmir-tikinti işlərinin aparılmasına, o cümlədən su, kanalizasiya, elektrik xəttlərinin çəkilməsi, pəncərələrə dəmir barmaqlıqların vurulması, hasarın çəkilməsi və sair işlərə köməklik göstərərək 10.000 manata yaxın vəsait xərcləmişdir. Sonradan qızı boşandığından və məhkəmə qətnaməsi ilə qızının uşaqları ilə birlikdə evdən çıxarılmaları qət edildiyindən o, çəkilmiş xərclərin geri qaytarılmasını tələb edir. İddiaçı1 iddia ərizəsində qeyd olunanlarla və iddiaçı anası İddiaçı2 ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, sabiq qayınanası İddiaçı2 tərəfindən onun iddia etdiyi kimi külli miqdarda deyil, az bir məbləğdə vəsait xərclənmişdir. Belə ki, İddiaçı2 cəmi 5 pəncərəyə dəmir barmaqlıq vurdurmuşdur. Evin təmirinə qalan vəsait atası Cavabdeh2 tərəfindən çəkilmişdir. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun razılığı ilə oğlu Cavabdeh1 arvadı İddiaçı1 ilə onun şəxsi mülkiyyətində olan evində xeyli müddət ərzində yaşamışlar. Sonradan evdə şərait olmadığına görə təmir və genişləndirmə işləri aparılmış və onun razılığı ilə oğlu Cahidin qayınanası İddiaçı2 tərəfindən müəyyən vəsait xərclənmişdir. Belə ki, evin su və kanalizasiya xətti İddiaçı2 vəsaiti hesabına çəkilmişdir və iddiaçı istədiyi vaxt həmin xəttləri söküb apara bilər. X2 bildirdi ki, o, qeyd olunan evdə usta işləmişdir. Belə ki, evin çardağını düzəltmiş, hasarını hörmüşdür. İddiaçı2 təxmini olaraq müxtəlif vaxtlarda ona 3.000 manat, Cavabdeh2 isə 800 manat vermişdir. X4 bildirdi ki, İddiaçı2 həmin vaxtlar onların evində qalırdı, onun qeyd olunan mübahisəli evin tikintisi üçün nə qədər pul verdiyini bilmir. X5 bildirdi ki, qeyd olunan evin su xəttini o, çəkmişdir. İddiaçı2 həmin iş üçün ona 150 manat vermişdir. X3 bildirdi ki, Cavabdeh2 sifarişi ilə evin təmiri üçün lazım olan tikinti materiallarını özünə məxsus yük maşını ilə aparmışdır. Həmin vaxt Cavabdeh2 zəhmət haqqı olaraq ona 70 manat vermiş, tikinti materiallarına isə nə qədər pul verdiyini xatırlamır. X6 bildirdi ki, qeyd olunan evin tikintisi üçün Cavabdeh2 ondan 2.000 manat borc almışdır. Həmin pulun 1500 manatını qaytarsa da 500 manatını hələ də qaytarmamışdır. Təxmini onu deyə bilər ki, Cavabdeh2 tərəfindən həmin evə 7-8 min vəsait xərclənmişdir. X1 bildirdi ki, Cavabdeh2 tklifi ilə həmin evdə 6 gün fəhlə işləmiş və zəhmət haqqı olaraq Cavabdeh2 tərəfindən ona cəmi 60 manat verilmişdir. X12 bildirdi ki, o, mübahisəli evdə iddiaçıların dəvəti ilə 10 il bundan əvvəl qaynaqçı kimi işləmişdir. Belə ki, evin pəncərələrinə dəmir örtük yığmış və qapı düzəltmişdir. Həmin vaxt nə qədər pul aldığı yadında deyil. X8 bildirdi ki, o, həmin evdə 5 ədəd plastik pəncərə düzəltmişdir. Cavabdeh2 tərəfindən ona 475 manat verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 10/7883 saylı ekspert rəyində qeyd edilmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən iddia predmeti olan evə artırılmış 12x4 metr ölçüdə zalın, 5x5 metr ölçüdə otağın və 3x2,5 metr ölçüdə mətbəxin tikinti və təmiri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 13.502 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Füzuli rayonu, Kürdmahmudlu kənd sakini X9 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus olan evin elektrik işini o, görmüşdür, zəhmət haqqını qudası İddiaçı2 ödəmişdir. Füzuli rayonu, Horadiz kənd sakini X10 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus evdə inşaat işləri, hörgü, suvax, pol, pataloq, dam örtüyü işləri aparmışdır. Zəhmət haqqını 3.200 manat Yaşarın qudası İddiaçı2 vermişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı1 Cavabdeh1la ailə həyatı qurduqdan sonra uzun müddət digər Cavabdeh2 məxsus Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Həmin yaşayış evində şərait qənaətbəxş olmadığından mülkiyyətçi-Cavabdeh2 təklifi və razılığı müəyyən təmir-tikinti işləri aparılmışdır. İddiaçı2 bu işlər üçün 10.000 manata yaxın vəsait xərclədiyini iddia etsə də bu halı sübuta yetirə bilməmişdir. Lakin dindirilmiş şahidlərin ifadələri və tədqiq edilmiş sənədlərlə bu məbləğin 4.798 manat təşkil etməsi müəyyən edilmişdir. Belə ki, evin inşaat işləri, o cümlədən hörgü, tavan, dam örtüyü və sair işlər üçün 3.200 manat, pəncərələrinə quraşdırılmış 5 ədəd dəmir barmaqlıq üçün cəmi 500 manat, elektrik xəttləri və işləri üçün 300 manat, su və kanalizasiya xəttləri üçün 300 manat, evin həyətində hasarın çəkilməsi üçün 498 manat vəsaitin İddiaçı2 tərəfindən xərcləndiyi öz təsdiqini tapmışdır. Qeyd olunan vəsaitin İddiaçı1 tərəfindən deyil, onun anası digər İddiaçı2 tərəfindən xərcləndiyi müəyyən edildiyinə görə qeyd olunan məbləğ də onun xeyrinə tutulmalıdır. Digər tərəfdən həmin vəsait mülkiyyətçi-Cavabdeh2 razılığı ilə onun şəxsi mülkiyyətində olan fərdi yaşayış evinin yaxlaşdırılması üçün çəkildiyindən məhkəmə həmin xərcin məhz Cavabdeh2 tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bununla yanaşı, iddia tələbindən görünür ki, İddiaçı1 Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış ev üzərində ½ hissədə pay hüququnun müəyyən edilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin 35-ci maddəsində deyilir ki, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Lakin iş materialları ilə müəyyən edilir ki, əvvəla əsaslı təmir, yenidən quraşdırma işləri aparılmış fərdi yaşayış evi tərəflərin, yəni sabiq ər-arvadın ümumi və ya hər birinin ayrıca əmlakı deyil, Cavabdeh2 əmlakıdır. Digər tərəfdən, qeyd olunan evin təmir-tikintisinə vəsait İddiaçı1 tərəfində deyil, digər iddiaçı anası İddiaçı2 tərəfindən xərclənmişdir. Odur ki, məhkəmə iddia tələbinin bu hissəsini rədd etmək məcburiyyətində qalır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsində qeyd edilir ki, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Tərəflər 50 manat ekspertiza xərcinin onlar arasında bölüşdürülməsi barədə razılığa gəldikləri üçün məhkəmə hər tərəfdən 25 manat pulun tutularaq MEM-in hesabına ödənilməsini əsaslı hesab edir. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 100 manat dövlət rüsumunun da Cavabdeh2 İddiaçı2 xeyrinə tutulmasını əsaslı hesab edir. Mediasiya xərci üçün ödənilmiş 50 manatın tutulması hissəsini isə rədd edərək məhkəmə bildirir ki, həmin xərc İddiaçı1 tərəfindən ödənildiyindən və onun tələbi rədd edildiyindən ödənilmiş xərcin tutulması əsaslı ola bilməz və buna görə də rədd edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı2 xeyrinə 4.798 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. İş üzrə ekspertə ödənilməli olan 50 manat pulun 25 manatı Cavabdeh2, qalan 25 manatı isə İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-87/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-87/2023
31.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver