Məhkəmə qərarları › İş №2(064)-940/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-940/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-940/2024 29.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra – cavabdeh) dəymiş maddi zərərə görə ümumilikdə 7037 manat məbləğində vəsaitin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin zərərçəkən tərəfi kimi iddiaçı "xxxx" MMC tərəfindən ona xx.xx.2023-cü ilə qədər etibarnamə ilə verilmiş “Mercedes- Benz” markalı “Sprinter” modelli ** JG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. Cavabdeh idarə etdiyi ** UK *** qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobili ilə iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə çırpılmışdır. Qəza zamanı idarə etdiyi nəqliyyat vasitəsində olan sərnişinlər müxtəlif xəsarətlər almışlar. Hadisədən dərhal sonra iddiaçı Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə xəbər vermişdir. Xəsarət alan sərnişinlər Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildilər. Hadisə yerinə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları da gəldi. Hadisədən sonra 13 noyabr 2023-cü il tarixində “Sərxan” Avtomotoservis idarə etdiyim nəqliyyat vasitəsinə texniki baxış keçirərək, əzilən, qırılan, deformasiyaya məruz qalaraq yararsız vəziyyətə düşən hissələri üçün tələb olunan materiallara 4.537 (dörd min beş yüz otuz yeddi) manat, həmçinin, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə gətirilməsi üçün təmiri, rənglənməsi və qəza yerindən təmir sexinə daşınması üçün 2.500 (iki min beş yüz) manat vəsaitin qeydiyyatını aparıb və ümumilikdə yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə 7.037 (yeddi min otuz yeddi) manat zərərin vurulmasını rəsmiləşdirib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, tələb etdiyi 4537 manat məbləğ dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Odur ki, cavabdehdən xidmət haqqı olaraq cəmi 2500 manat məbləğində vəsaitin tutulmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, ** UK *** qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobil onun mülkiyyətindədir və həmin avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi istiqamətində hərəkətdə olarkən qarşıda gedən “Vaz 2107” markalı avtomobil üzərində ötmə əməliyyatı etmək istədikdə yolun əks istiqamətində hərəkətdə olan “Mercedes- Benz” markalı mikroavtobusun gəldiyini görmüşdür. Nəticədə qəza baş vermişdir. O, avtmobili idarə etməzdən əvvəl spirtli içki qəbul etməmiş, həmin vaxt yanında kənar kimsə olmamış, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Məhkəmənin yekun qərarının mübahisələndirmir və maddi imkanının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində ** UK *** qeydiyyat nişanlı “Toyota Prius” markal avtomobilin sürücüsü Cavabdeh İddiaçı-yə məxsus “Mercedes- Benz” markalı “Sprinter” modelli ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilə vurması nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş və nəticədə Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir (xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti əsasında); - Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes- Benz” markalı “Sprinter” modelli ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 7037 manat maddi zərər dəymişdir. Nəqliyyat vasitəsində əzilmiş, qırılmış, deformasiyaya uğrayaraq yarasız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri 4537 manat, əvəlki vəziyyətə salınması, təmiri, rənglənməsi və hadisə yerindən təmir sexinə daşınması üçün tələb olunan xidmət haqqının məbləği 2500 manat təşkil edir (Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 110 saylı Zərər Aktının surəti əsasında); - İddiaçı tələb etdiyi 4537 manat məbləğ dəymiş zərər sığorta şirkəti tərəfindən ödənildiyini bildirərək cavabdehdən xidmət haqqı olaraq cəmi 2500 manat məbləğində vəsaitin tutulmasını tələb edir (xx.xx.2024-cü il tarixli yazılı ərizəsi əsasında). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası hesab olunur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəni nəzərə alsaq cavabdeh tərəfindən delikt törədildiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz mülki hüquq pozuntusudur. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi nəzərə alınmaqla iddia təmin edilməli, cavabdehdən 2500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddiaçı iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi nəzərə alınmaqla iddia təmin edilsin. Cavabdeh 2500 manat məbləğində pul alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar