Məhkəmə qərarları › İş №2(065)-24/2025

Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №2(065)-24/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № 2(065)-24/2025 30.04.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 ilə 25 noyabr 1984cü il tarixdə Xankəndi şəhər Qeydiyyat şöbəsində nikahlarının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək, Maraqlı şəxs2 ilə 25 noyabr 1984cü ildə Xankəndi şəhər Qeydiyyat şöbəsində nikah bağlamaqla ailə qurmuşlar və birgə ailə münasibətlərində beş uşaqları doğulmuşdur. Lakin 1992-ci ildən Xankəndi şəhərindən məcburi çıxarılan zaman nikah haqqında şəhadətnaməsini itirmişdir. Uzun müddət həmin sənədin istifadəsinə zərurət olmadığı üçün, onun dublikanının alınması ilə bağlı hər hansı orqana müraciət etməmişdir. Qanula müəyyən olunmuş yaş həddinə çatdıqdan sonra çox uşaqlı ana kimi pensiyaya çıxmaq istəyərkən nikah haqqında şəhadətnamə lazım olmuşdur. Bununla bağlı İmişli «Asan» xidmət mərkəzində fəaliyyət göstərən Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Xankəndi şəhər Qeydiyyat şöbəsinin 1984-cü ilə aid nikah haqqında akt qeydləri arxivdə saxlanılmadığından müraciəti təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı Maraqlı şəxs2, habelə şahid qismində dindirilmiş Xankəndi şəhər sakini – xx.xx.1956-cı il təvəllədlü X4 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə olunmuş «Şəxsiyyət vəsiqəsinin»nin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1964-cü ildə Bakı şəhərində doğulmuş və Xankəndi şəhəri Kərkicahan qəsəbəsində qeydiyyatdadır. İşə əlavə olunmuş «Şəxsiyyət vəsiqəsinin»nin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxxx 1962-ci ildə Xankəndi şəhərində doğulmuş və Xankəndi şəhəri Kərkicahan qəsəbəsində qeydiyyatdadır. İşə əlavə olunmuş «Şəxsiyyət vəsiqəsi»nin və «Doğum haqqında şəhadətnamə»nin surətlərindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.1988-ci il təvəllüdlü Haqverdiyeva (Qarayeva) Teyran Vaqif qızı və xx.xx.1989-cu il təvəllüdlü X3 atası Maraqlı şəxs2, anası isə X2r. İşə əlavə olunmuş «Şəxsiyyət vəsiqəsi»nin və «Doğum haqqında şəhadətnamə»nin surətlərindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X6 və xx.xx.2000-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs2, anası isə Ərizəçidır. İşə əlavə olunmuş AA420478 nömrəli vəsiqədən görünür ki, Ərizəçi məcburi köçkündür. İş əlavə olunmuş Maraqlı şəxs1 05 dekabr 2024-ci il tarixli məktubda göstərilmişdir ki, Ərizəçi məxsus nikah haqqında şəhadətnamə Xankəndi şəhər Qeydiyyat şöbəsinin nikah haqqında akt qeydləri arxivdə saxlanmadığından nikah haqqında arayış verilməsi mümkün deyildir. Nikah akt qeydinin bərpası üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs2 nikahı 25 noyabr 1984-cü il tarixdə Xankəndi şəhər Qeydiyyat şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəlləsi) 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». İşin mahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi müvafiq faktı təsdiq edən lazımi sənədləri (əmək kitabçasını) başqa qaydada ala bilməz. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda qeyd olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 213, 216-220, 233, 307, 308, 311, 357 – 367-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs2 nikahının 25 noyabr 1984-cü il tarixdə Xankəndi şəhər Qeydiyyat şöbəsində qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar