Məhkəmə qərarları › İş №2(065)-6/2025

Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №2(065)-6/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № 2(065)-6/2025 08.04.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, dartıcı və yük avtomobilinə yedəkləmə yolu ilə malların daşınması üçün nəzərdə tutulmuş 1,25x1,90 metr ölçüdə olan nəqliyyat vasitəsinin – qoşqunun ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X2 məhkəmədə ərizəsini müdafiə edərək, ərizəçinin onun əri olduğunu bildirmişdir. Onlar ailə olaraq 1992-ci ilə qədər Xankəndi şəhərində yaşamışlar. Həmin müddətdə ərizəçi özünə 1,25x1,90 metr ölçüdə qoşqu almış və həmin qoşqunun minik avtomobilinin yedəyinə bağlamaqla təsərrüfatda istifadə etmişdir. Həmin dövrdə qeyd olunan qoşqu dövlət qeydiyyatına alınmışdır. Lakin Xankədi şəhərindən məcburi köçkün kimi çıxan zaman qoşqunun qeydiyyat nömrəsini və sənədlərini itirmişlər. Uzun müdət qoşqu istifadəsiz qalmışdır. Hazırda qoşqunun təmir etdirərək istifadə etmək istəsələr də, qeydiyyat nömrəsi olmadığından problemlə üzləşirlər. Ərizəçi qoşquya dövlət qeydiyyat nişanı almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Ağcabədi rayonunda 6 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək tövsifə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi şəhər sakinləri – xx.xx.1957-ci il təvəllüdlü X3 və xx.xx.1961-ci il təvəllüdlü X4 ərizəçinin nümayəndəsinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə ərizəçini izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İşə əlavə olunmuş «Şəxsiyyət vəsiqəsinin»nin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə Xankəndi şəhərində doğulmuş və həmin şəhərdə də qeydiyyatdadır. İşə əlavə olunmuş 022152 nömrəli vəsiqədən görünür ki, Ərizəçi İİ qrup müharibə əlilidir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Ağcabədi rayonunda 6 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 21 dekabr 2024-cü il tarixli 3-13-16-1/2-602/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi 1,25x1,90 metr ölçüdə olan nəqliyyat vasitəsinin – qoşqunun dövlət qeydiyyatına alınması üçün həmin şöbəyə müraciət etmiş, lakin qoşqunun müvafiq sənədləri olmadığı üçün qeydiyyatın aparılması mümkün olmamışdır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilir ki, dartıcı və yük avtomobilinə yedəkləmə yolu ilə malların daşınması üçün nəzərdə tutulmuş 1,25x1,90 metr ölçüdə olan nəqliyyat vasitəsi – qoşqunun Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəlləsi) 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». İşin mahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi müvafiq faktı təsdiq edən lazımi sənədləri (əmək kitabçasını) başqa qaydada ala bilməz. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda qeyd olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 213, 216-220, 233, 307, 308, 311, 357 – 367-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Dartıcı və yük avtomobilinə yedəkləmə yolu ilə malların daşınması üçün nəzərdə tutulmuş 1,25x1,90 metr ölçüdə olan nəqliyyat vasitəsi – qoşqunun Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar