Məhkəmə qərarları › İş №2(066)-1061/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1061/2025

10.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1061/2025 10.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı «birinci növbədə qanun üzrə vərəsə tanınma və fərdi yaşayış evi mirasın faktiki qəbul edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı «birinci növbədə qanun üzrə vərəsə tanınma və fərdi yaşayış evi mirasın faktiki qəbul edilməsi» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xx.xx.1980-ci ildə vəfat etmiş atası X2 və xx.xx.2007-ci ildə vəfat etmiş anası X1 birinci növbədə vərəsəsi hesab edib Göygöl şəhəri, A.Şadlınski (keçmiş Kamo küçəsi) 59 ünvanda yerləşən ümumi sahəsi 95 kv.m yaşayış sahəsi 67 kv.m olan 3 otaqlı fərdi yaşayış evə mirasın faktiki qəbuluna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı tələbini «birinci növbədə qanun üzrə vərəsə tanınma və fərdi yaşayış evi mirasın faktiki qəbul edilməsi» qeyd etmiş, bu zaman “mirasın qəbulu faktı” xüsusi icraat qaydasında baxılmalı tələb olunsa da iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Habelə, ərizənin məzmununda hüquqi tələbi dəqiqləşdirilməmiş, “Göygöl şəhəri, A.Şadlınski (keçmiş Kamo küçəsi) 59 ünvanda yerləşən ümumi sahəsi 95 kv.m yaşayış sahəsi 67 kv.m olan 3 otaqlı fərdi yaşayış evə mirasın faktiki qəbulu” qeyd etsə də əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 149.2.3-cü maddəsinin tələbinə əsasən iddia ərizəsində iddiaçı iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb qeyd etməlidir. Hazırki halda iddiaçının hüquqi marağı və hansı icraat qaydasında (iddia icraatı ya xüsusi icraat) məhkəməyə müraciət etməsini müəyyən etmək qeyri-müəyyəndir. İddiaçının nəzərinə çatdırılır ki, hüquqi marağı xüsusi icraat qaydasında “mirasın qəbulu faktı” olduqda AR MPM-nin 305-310-cu maddəsinin tələblərinə riayət edilməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin (hüquqi əhəmiyyəti olan) faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. İddiaçıya izah olunmalıdır ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152.1.1, 305-310, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı cavabdeh 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı «birinci növbədə qanun üzrə vərəsə tanınma və fərdi yaşayış evi mirasın faktiki qəbul edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar