Məhkəmə qərarları › İş №2(066)-1161/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1161/2024

21.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1161/2024 21.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə Regional ərazi şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun DƏMX-nə həvalə edilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən kənar həll etmək yolu olmadığına görə, əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, o, 2014-cü ildə Gəncə şəhərində yerləşən “Qadın dünyası, uşaq ailəmi” mağazasında satıcı kimi işləmişdir. Onunla mağazanın müdri Cavabdeh arasında 22 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bağlanmış və ona hər ay 190 manat əmək haqqı verilmişdir. 2016-cı ilin axırlarına kimi o, həmin vəzifədə işləmiş, Cavabdeh onunla olan əmək müqaviləsinə xitam vermədən 2016-cı ilin axırlarında Türkiyə Respublikasına getmişdir. Nəticədə “Elektron hökümət” portalında onun adı “Qadın dünyası, uşaq ailəmi” mağazasında satıcı kimi qeyd edilmişdir. Hal-hazırda isə onun başqa yerdə işə qəbul olunması da mümkün deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə Regional ərazi şöbəsinə müraciət etmiş və qeyd edilən qrumun 12 sentyabr 2022-ci il tarixli məktubundan isə məhkəməyə müraciət edilməli olmasını bildirmişlər. Mülki iş üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə Regional ərazi şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi Məhkəmə proses iştirakçısının izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə Regional ərazi şöbəsi tərəfindən İddiaçı verilmiş 12 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, əmək müqaviləsinin xitam verilməsi işəgötürən tərəfindən icra edilməlidir. Bu mümkün olmadıqda isə məhkəməyə müraciət edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərb aycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sistemində daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müracət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməli olduğu qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh arasında 22 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bağlanmış əmək müqaviləsinə əsasən 2016-cı ilin axırlarına kimi “Qadın dünyası, uşaq ailəmi” mağazasında satıcı kimi işləmişdir. Cavabdeh onunla olan əmək müqaviləsinə xitam vermədən 2016-cı ilin axırlarında Türkiyə Respublikasına getmişdir. Nəticədə “Elektron hökümət” portalında onun adı “Qadın dünyası, uşaq ailəmi” mağazasında satıcı kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı 2016-cı ildən “Qadın dünyası, uşaq ailəmi” mağazasında işləmədiyindən, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Məhkəmə mülki iş üzrə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmağı zəruri hesab edir:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

3. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndində əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.

4. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

5. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində qeyd edilir ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilir.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “Qaydaların” 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir.

7. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sistemin daxil edilməsi üçün işəgötünə müraciət edilməlidir. İşəgötürən-cavabdeh tərəfindən bu vəzifə icra edilmədiyindən, iddiaçı hazırki mülki iş üzrə iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Həmçinin tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran Regional ərazi şöbəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun DƏMX-nə həvalə edilməsi tələbi barədə» iddiası təmin edilsin.

1. İddiaçı ilə Cavabdeh arasında 22 sentyabr 2014-cü il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilsin.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar