Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1162/2024 03.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan yaşayış evindən əşyaları ilə birlikdə çıxarılma” iddia tələbi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan yaşayış evindən əşyaları ilə birlikdə çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddianı müdafiə edib, izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,06 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********64, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 avqust 2018-ci il olan Çıxarışla da təsdiq edilir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Cavabdeh1 İddiaçı qardaşı oğlu, Cavabdeh2 isə onun arvadıdır. Onlar evləndikdən sonra yaşamağa yerləri olmadığına görə İddiaçı onlara öz evində yaşamağa icazə vermişdir. Cavabdehlər özlərinə məxsus olan əşyaları həmin evə yığışmışlar. Onlar bir müddət orada yaşamışlar. Ancaq aralarında olan narazılıqlara görə onlar Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə ayrılmışlar. Bundan sonra iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq onlar əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan evdən çıxmamışlar. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İddiaçı onun bibisi, Cavabdeh2 isə keçmiş arvadıdır. O, Cavabdeh2 ilə evləndikdən sonra yaşamağa evləri olmamışdır. Ona görə də o, bibisi, İddiaçı müraciət etmiş, İddiaçı isə mülkiyyətində olan torpaq sahəsində, tikmiş olduğu evdə onlara yaşamalarına icazə vermişdir. Ancaq aralarında olan narazılıqlara görə onlar Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə ayrılmışlar. Həmin ev isə İddiaçı tərəfindən tikilmişdir. Onlar yaşadıqları müddət ərzində orada tikili tikməmişlər. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən şahid X6 məhkəmə iclasında göstərdi ki, o, usta işləməklə Göygöl rayonu ərazisində fərdi evlərin tikintisi ilə məşğul olur. İddiaçı Göygöl rayon sakini kimi tanıyır. İddiaçı ona müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ev tikməyi xahiş etmişdir. O, İddiaçı ilə razılaşmış orada tikilən evin hörgü işlərini, damının bütün işlərini, rənglənmə işlərini görmüşdür. Həmin işlərin görülməsinə görə onula və digər ustalarla İddiaçı və ya onun yeznəsi danışır, yeməklərini verir və pullarını ödəyirdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə onlara yemək verməmiş və ya pul ödəməmişlər. Məhkəmə baxışı iclasında dindirilən şahid X3 da əsasən şahid X4 izahatına uyğun izahat verməklə, onun göstərdiyi xususatları bir daha da təsiq etdi. Məhkəmə tərəflərin izahatlarını şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxx 1954-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********64, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 avqust 2018-ci il olan Çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında, yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,06 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki işəəlavə edilmişödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında, yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,06 hektar həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin 0,06 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Cavabdeh1 isə onun qardaşı oğludur. Sonuncu Cavabdeh2 ilə evləndikdən sonra onların başqa yerdə yaşamağa yeri olmadığından İddiaçı onlara özünə məxsus olan evdə yaşamalarına icazə vermişdir. Cavabdehlər isə məhkəmə qaydasında ayrılmışlar. İddiaçı tələb etmiş olsa da onlar əşyaları ilə birlikdə həmin evdən çıxmamışlar. Qeyd edilən hallar iddia tələbini qəbul edən Cavabdeh1 izahatı ilə də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (MPM-in 191.3-cü maddəsi). Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan yaşayış evindən əşyaları ilə birlikdə çıxarılma” iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********64, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 avqust 2018-ci il olan Çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərində olan ünvan 1 ünvanında, yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0,06 hektar həyətyanı torpaq sahəsində tikilmiş, İddiaçı məxsus olan fərdi yaşayış evindən onlara məxsus olub, həmin evdə olan əşyaları ilə birlikdə çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat pul alınıb, İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mübariz Məmmədov.