Məhkəmə qərarları › İş №2(066)-1740/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1740/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1740/2025 19.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zaminliyin ləğv olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zaminliyin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, qeyd olunanların nəzərə alıb qanunvericiliyə əsasən zaminliyin ləğvi ilə bağlı tələbinin nəzərə alınmasını və tərəfindən imzalanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin dayandırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o İddiaçı (şəxsiyyət vəsiqə № AZE 0*******, Fin kod:xxxxxxx, telefon 055 *** ** ** borcalan Cavabdeh1 ilə “X1” Açıq Səhmdar Cəmiyyəti ilə 504micKPZ/24 nönmrəli, 24 may 2024-cü il tarixli, kredit müqaviləsi üzrə təqdim etdiyi zaminliyin ləğv olunmasını xahiş edir. Zaminlik öhdəliyinin ləğv edilməsinə əsas olaraq bildirir ki, Cavabdeh1 və onunla birlikdə işləyən atası Cavabdeh2 götürdükləri 30 000 (otuz min) manat krediti 5-6 ay müddətinə ödəyib borcu bağlayacağına inandırmışlar. O onlara etibar edib inandığından zamin olmağına razılıq vermişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, əlavə kredit müqaviləsi bağlamışlar. Ancaq bu dəfə ona məlumat verməmişlər və onun razılığı bu əlavə kredit müqaviləsində olmamışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Hesab edirəm ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyrimüəyyənlik və tələbin dəqiq olmaması, cavabdehlərə yönələn tələbi müəyyən etmək mümkün deyildir. Belə ki, cavabdehə yönələn tələb əsaslandırılmamaqla, tələbdə cavabdehlərin hər birinə yönələn tələb göstərilməyərək, ümumi olaraq qeyd olunanların nəzərə alıb qanunvericiliyə əsasən zaminliyin ləğvi ilə bağlı tələbinin nəzərə alınmasını və tərəfindən imzalanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin dayandırılması xahiş edilmiş, tələbini əsaslandırdığı halları göstərməmiş nəticədə tələbdə qeyri-müəyyənlik yaratmışdır. Həmçinin zaminlik müqaviləsi “X1” ASC-ilə bağlanılmasına baxmayaraq cavabdehlər başqa şəxslər göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3 və 149.2.4–cü maddəslərinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.5–ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zaminliyin ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Mustafayev İş № 2(066)-1740/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 19 dekabr 2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zaminliyin ləğv olunması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 14:50-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:55-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar