Məhkəmə qərarları › İş №2(066)-18/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-18/2025

19.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-18/2025 19.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil RX seriyalı, 1214288 nömrəli çıxarış əsasında onun qanuni mülkiyyətindədir. O, Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlərə kompensasiya verməklə ona məxsus mülkdən istifadə hüquqlarına xitam verilməklə qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(066)-802/2021 saylı qətnaməsi ilə iddiası təmin edilərək cavabdehlərə 10000 (on min) manat kompensasiya verməklə ona məxsus Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmişdir. Göygöl Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almışdır və hazırda icra olunmuşdur. Buna baxmayaraq cavabdehlər ona məxsus yaşayış evini və torpaq sahəsini zəbt edərək çıxmaq istəmirlər. Cavabdehlərin günahı üzündən o, öz mülkündən istifadə edə bilmir. Ona məxsus mülkdən çıxmalarını tələb etsə də, imtina edirlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, cavabdeh və maraqlı şəxslər tərəfindən təqdim edilən vəsatətlərin rədd edilməsini istəyir. Qeyd edir ki, o, öz evinə yaşamaq üçün getsə də, evindən cavabdehlər tərəfindən qovulmuşdur. Bir neçə dəfə cavabdehlərdən icazə də istəmişdir ki, öz evində qalsın, buna baxmayaraq onu evdən qovmuşlar və ona şiddət göstərmişlər. Bundan sonra məhkəmə qətnaməsi ilə cavabdehlərin ona məxsus evdən yaşayış və istifadə hüququna xitam verilməsinə dair qərar verilmişdir. O, məhkəmə qətnaməsi əsasında cavabdehlərə 10000 manat kompensasiyanı ödəmiş, icra sənədi tam icra edilmişdir. Ancaq onlar evdən hələ də çıxmayıblar, ona görə də Cavabdeh1 və onun ailə üzvlərinin ona məxsus evdən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmalarını istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-09/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı X1 vəsiyyət üzrə vərəsəsi tanınması, Göygöl şəhəri, Heydər Əliyev prospekti, 40 №-li ünvanda 916,0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 211 kv.m, o cümlədən 67,8 kv.m 3 yaşayış otağından, 7,8 və 6,1 kv.m mətbəxlərdən, 4,1 kv.m açıq eyvandan, 5,2 və 5,5 kv.m hamamlardan, 10,6 kv.m dəhlizdən, 31,2 kv.m əl damından, 70,5 kv.m çardaqdan, 31,2 kv.m əl damından ibarət olan yaşayış evinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-860/2014 saylı 22 iyul 2014-cü tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Göygöl rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)-09/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-2592/2024 saylı qərarının surətindən görünür ki, maraqlı şəxs Məmmədova Rahilə Bayraməli qızının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-860/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və texniki pasportun surətindən görünür ki, Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 214 kv.m olan fərdi yaşayış evi 0.06 ha torpaq sahəsi ilə birlikdə İddiaçı xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-802/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10000 (on min) manat kompensasiya ödəməklə Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-802/2021 saylı qətnaməsi əsasında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10000 (on min) manat kompensasiya ödəməklə Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüququna dair icra sənədi icra edilmiş və icra sənədinə xitam verilmişdir. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 10 fevral 2025-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, məhkəmə bildirişinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çatdırılması təmin edilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının tələbinin dəlillərinin mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə birlikdə araşdırılması zamanı müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-09/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı X1 vəsiyyət üzrə vərəsəsi tanınması, Göygöl şəhəri, Heydər Əliyev prospekti, 40 №-li ünvanda 916,0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 211 kv.m, o cümlədən 67,8 kv.m 3 yaşayış otağından, 7,8 və 6,1 kv.m mətbəxlərdən, 4,1 kv.m açıq eyvandan, 5,2 və 5,5 kv.m hamamlardan, 10,6 kv.m dəhlizdən, 31,2 kv.m əl damından, 70,5 kv.m çardaqdan, 31,2 kv.m əl damından ibarət olan yaşayış evinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almış və iddiaçının adına həmin daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış əsasın qeydə alınmışdır. Bundan sonra Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-802/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10000 (on min) manat kompensasiya ödəməklə Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən istifadə hüququna xitam verilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almış və həmçinin qətnamə tam icra edilmiş, icra sənədi icra olunaraq qəbz əsasında 10000 (on min) manat kompensasiya cavabdehlərin depozit hesabına köçürülmüş və icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçının mülkiyyətində olan mübahisəli mənzilə dair 2(066)-802/2021 saylı məhkəmə qətnaməsi əsasında iddiaçı tərəfindən cavabdehlərə 10000 (on min) manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilmələrinə baxmayaraq hal-hazıra qədər cavabdehlər iddiaçının mülkiyyətindən çıxmamışlar və iddiaçı özünə məxsus əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 146.1ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etməlidir. Mülki Məcəllənin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olundu ki, ünvan 4 ünvanda 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 214 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və həmin əmlak üzərində cavabdehlərin istifadə hüquqlarına xitam verilmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdehlərin həmin fərdi yaşayış evinə hər hansı bir hüququnun olmamasına baxmayaraq, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir, həmçinin mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehlərin iddiaçının mülkiyyətindəki əmlakda yaşamaları və iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı və mükiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı və onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar