Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-325/2024 27.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Məmmədov Mübariz İSfəndiyar оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, onun və azyaşlı uşaqlarının Göygöl şəhəri, 20 yanvar küçəsi, 9 nömrəli evə cavabdehlər tərəfindən maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 01 avqust 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladları anadan olmuşdur. İddiaçı cavabdehlə birgə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. Hazırda mübahisəli mülk iddiaçının əri Cavabdeh1 və qayınanası Cavabdeh2 adına paylı mülkiyyətdədir. Qeyd olunan əmlak Dövlət reyesrində qeydiyyatdan keçmişdir. Son aylarda iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə nəticəsində Cavabdeh1 işləmək üçün Rusiyaya getmişdir. Cavabdeh iddiaçı və övladları ilə əlaqə saxlamır. Buna görə də iddiaçı boşanma üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda isə nikahın pozulması ilə bağlı cavabdehin iddia ərizəsi baxılmaq ərəfəsindədir. Məhkəmədə iddiaçı boşanmaq istəmədiyini bildirmiş, buna görə də məhkəmə tərəfindən 3 ay vaxt verilmişdir. İddiaçı ailənin bərpa olunması üçün əlindən gələni etməsinə baxmayaraq ailənin dağılmasının qarşısını ala bilməmişdir. İddiaçı cavabdehlə 2007-ci ildən birgə yaşamış və həmin evə istifadə hüququ əldə etmişdir. Hazırda həmin evdə pasport qeydiyyatındadır. Bununla bağlı cavabdeh xx.xx.2011-ci il tarixli arayışla qeyd olunan evə daimi qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin iddiaçını və azyaşlı uşaqlarını bayırda qoyması haqsızlıqdır. Çünki iddiaçının başqa yaşamağa evi yoxdur. Bunu cavabdeh çox yaxşı bildiyi halda iddiaçını evə buraxmaması onun və uşaqlarının qanunla qorunan hüquqlarının pozulması deməkdir. Bu səbəblərə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04 dekabr 2010 olan çıxarışın surətindən görünür ki, Göygöl şəhəri, 20 yanvar küçəsi, 9 nömrəli, xüsusi mülkiyyət növlü fərdi yaşayış evi 1/4 hissədə Cavabdeh1 və 3/4 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18/05 nömrəli, 11 fevral 2011-ci il tarixli arayışın surətindən görünür ki, Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, İddiaçı qayınanası Cavabdeh2 adına olan xüsusi mülkə 20 yanvar küçəsi 9 nömrəli ünvana daimi yaşayış qeydiyyatına düşməsinə etiraz etmir. ASAN-Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı 17 mart 2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN-Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1 06 iyul 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN-Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X4 01 dekabr 2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. ASAN-Gəncə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, X3 03 dekabr 2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 049223 nömrəli, 30 noyabr 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (Atası Cavabdeh1, anası İddiaçı) 02 dekabr 2013-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü ilin dekabr ayının 18-ci günündə 816 nömrə ilə qeyd edilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 649919 nömrəli, 10 iyun 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (Atası Cavabdeh1, anası İddiaçı) 28 may 2011-ci il tarixdə Göygöl şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin 06-cı ayının 10-cu günündə 379 nömrə ilə qeyd edilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 381179 nömrəli, 01 avqust 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı 01 avqust 2008-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin 08-ci ayının 01-ci günündə 121 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada İsayeva soyadı verimişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı Cavabdeh1 ilə 01 avqust 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladları anadan olmuşdur. İddiaçı cavabdehlə birgə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. Hazırda mübahisəli mülk iddiaçının əri Cavabdeh1 və qayınanası Cavabdeh2 adına paylı mülkiyyətdədir. Qeyd olunan əmlak Dövlət reyesrində qeydiyyatdan keçmişdir. Son aylarda iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə nəticəsində Cavabdeh1 işləmək üçün Rusiyaya getmişdir. Cavabdeh iddiaçı və övladları ilə əlaqə saxlamır. Buna görə də iddiaçı boşanma üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda isə nikahın pozulması ilə bağlı cavabdehin iddia ərizəsi baxılmaq ərəfəsindədir. Məhkəmədə iddiaçı boşanmaq istəmədiyini bildirmiş, buna görə də məhkəmə tərəfindən 3 ay vaxt verilmişdir. İddiaçı ailənin bərpa olunması üçün əlindən gələni etməsinə baxmayaraq ailənin dağılmasının qarşısını ala bilməmişdir. İddiaçı cavabdehlə 2007-ci ildən birgə yaşamışdır. Hazırda həmin evdə pasport qeydiyyatındadır. Bununla bağlı cavabdeh xx.xx.2011-ci il tarixli arayışla qeyd olunan evə daimi qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. Bunlara baxmayaraq İddiaçı ilə mülkiyyətçilər arasında notarial qaydada müqavilə bağlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (Avropa Konvensiyasına) Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı X1 mənzilə köçürülməsi ilə bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bundan başqa məhkəmə iddiaçının mübahisəli evdə qeydiyyatda olmasına münasibət bildirərək qeyd edir ki, “Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2009-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi şəxsin mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq mənzilə istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaəti Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarına zidd hesab etmiş və bu halın mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində, Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Eyni hüquqi mövqe, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərilmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, iddiaçının mübahisəli mənzildə qanunsuz yaşaması cavabdehlərin bir mülkiyyətçi kimi Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçının müvafiq mənzildə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə Məhkəmə həmçinin göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan evdən istifadə etməsi cavabdehin sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. İddiaçının qanunsuz müdaxiləsi nəticəsində cavabdehlərə mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum edər. Bundan başqa məhkəmə daşınmaz əmlakın hazırkı mülkiyyətçisinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə (vicdanlı alıcı olubolmaması) barədə qeyd edir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə, isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni olmamaqla yanaşı, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğun ola bilməz. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. MPM-nin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-325/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-325/2024
27.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver