Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-526/2023 28.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Qasımova (Tağı-zadə) Səxavət Qənbər qızına qarşı miras əmlaka vərəsəlik qaydasında mülkiyyət hüququ tanınmaqla mülkiyyətə verilməsinə dair mülki işə 28 aprel 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Qasımova (Tağızadə) Səxavət Qənbər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X3 miras qalmış Göygöl rayonunun Köşkü kəndində yerləşən ümumi sahəsi 234.1 kv.m yaşayış evinin Qənbər Qasımovun payına düşən mirasın kütləsinə daxil olan ½ hissəsinə və 0.24 ha torpaq sahəsinin Qənbər Qasımovun payına düşən ¼ hissəsinə İddiaçı qanun üzrə birinci növbə vərəsə kimi mülkiyyət hüququ tanınmaqla mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək göstərdi ki, iş üzrə cavabdehlər onun doğma övladlarıdır. O, mərhum əri X6 ilə 25 avqust 1983-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan iş üzrə cavabdehlər olan xx.xx.1985-ci ildə anadan olmuş Cavabdeh1 Qəmbər oğlu və xx.xx.1986-ci ildə anadan olmuş Qasımova (Tağı-zadə) Səxavət Qəmbər qızı adlı iki nəfər uşaqları olmuşdur. Qızı olan Qasımova (Tağı-zadə) Səxavət Qənbər qızı 2013-cü ildə gəlin köçmüşdür. Mərhum əri X6 ilə birgə nikah dövründə, yəni 1988-ci ildə Göygöl rayonunun Köşkü kəndində yerləşən ümumi sahəsi 234.1 kv.m olan iki mərtəbəli ev tikdirərək ailəlikcə orada yaşamışlar. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da var. Bu mübahisəli miras ev özünün mərhum əri X6 ilə birgə nikah dövründə birgə qazancla tikdirdiklərindən Ailə Məcəlləsinin 32.1 və 32.2.2-ci maddələrinə əsasən həmin evin ½ hissəsi özünün mülkiyyəti hesab olunur. Cavabdehlərdən qızları olan Qasımova (Tağı-zadə) Səxavət Qənbər qızı hələ atasının sağlığında, yəni 10 il bundan qabaq ailə quraraq ata mülkündən ayrılmış və ailəsi ilə Göygöl rayonunun Köşkü kəndində özlərinə məxsus evdə yaşayır. Cavabdehlərdən oğulları olan Cavabdeh1 isə 2019-cü ildə Azərbaycan Beynəlxalq Bankından kredit götürüb ev almış və cavabdeh həmin ildən ailəsi ilə köçüb öz evində yaşayır. 2019-cu ildən Göygöl rayonunun Köşkü kəndində yerləşən bu miras mülkdə ancaq özü və mərhum əri X6 olmaqla ikisi yaşamışdır. Mərhum əri X6 01 fevral 2021-ci il tarixdə ölmüşdür. Mərhum əri öləndən sonra onun mülkiyyətində olan Göygöl rayonunun Köşkü kəndində yerləşən ümumi sahəsi 234.1 kv.m yaşayış evinin onun payına düşən ½ hissəsinə və 0.24 ha torpaq sahəsinin onun payına düşən hissəsinə miras açılmışdır. Mərhum əri X6 ölümündən sonra özü və cavabdehlərdən ibarət 3 nəfər qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Cavabdehlər miras açılandan sonra nə qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariusa rəsmi ərizə ilə müraciət etməmiş, nə də ki, miras əmlakda yaşayıb ona sahiblik etməməklə, idarə etməməklə mirası qəbul etməmişlər. Ancaq özü tək qanun üzrə birinci növbə vərəsə kimi hələ ərinin sağlığından və onun ölümündən sonra da və hazırda da, miras əmlakda yaşamaqla miras əmlaka sahiblik etməklə və onu idarə etməklə mirası qəbul etmişdir. Mərhum əri miras əmlakla bağlı hər hansı bir vəsiyyətnamə verməmişdir. Odur ki, mübahisəli mülkü öz adına keçirmək istəyir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil izahatında iddianı tam müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etməyərək göstərdi ki, atası öləndən 1 il qabaq ona Göygöl rayonu Köşkü kəndindən anası İddiaçı ev almışdır. Ona ev alınan gündən 15 gün sonra həmin evdə yaşamağa başlamışdır. Hazırda alınan evdə yaşaya bilmir. Ev çox bərpad və qəzalı vəziyyətdədir. İndi kirayədə qalır. Mərhum atasından miras qalan evdən onunda payı vardır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddiaçının qızı olmasını, mərhum atasının rəhmətə gedəndən əvvəl özünün gəlin köçməsini, mübahisəli evdən pay istəməməsini, bir bacısı olmasını, onun da ölməsini, anasının qardaşı Mehmana bankdan kredit götürərək Köşkü kəndindən ayrı ev almasını, qardaşı Mehmanın da o evdə yaşamasını, ona görə də iddianın qanunauyğun həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin və vəkilin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Köşkü kəndində olan 0,24 ha torpaq sahəsində yerləşən 234.1 kv.m-dən ibarət fərdi yaşayış evi ¼ hissə ilə X4, 0.24 ha torpaq sahəsinin ¼ hissəsi İddiaçı, 0,24 ha torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2 və 0,24 ha torpaq sahəsinin ¼ hissəsi isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Xanlar rayon Aşıqlı kənd soveti tərəfindən 25 avqust 1983-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X5 nikahlarını 25 avqust 1983-cü ildə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş Xanlar rayon Aşıqlı kənd soveti tərəfindən verilmiş 10 iyun 1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1986-cı ildə anadan olmuş X2 atası X6, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmışdır. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 110513 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 fevral 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 06 avqust 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 adına Göygöl rayonu Köşkü kəndində 1988-ci ildə tikilmiş ümumi sahəsi-145.0 kvm, 6 yaşayış otağı, yaşayış sahəsi-230.0 kvm-dən ibarət olan bir ədəd iki mərtəbəli yaşayış evi vardır. Torpaq sahəsi sənəd üzrə-0,24 ha-dır. Həyətdaxili tikililər- 103.5 kvm, sanitar qovşağı-14.0 kvm. Həmin ev nümayəndəliyin 08 saylı təsərrüfatbaşına kitabın 638 saylı şəxsi hesabında qeydə alınıb. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 21 dekabr 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır və ona görə də mirasın qəbuluna dair razılığa gələ bilmədiklərinə görə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Göygöl rayonu Köşkü kəndində olan 0,24 ha torpaq sahəsində yerləşən 234.1 kv.m-dən ibarət fərdi yaşayış evi ¼ hissə ilə mərhum X4, 0.24 ha torpaq sahəsinin ¼ hissəsi İddiaçı, 0,24 ha torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2 və 0,24 ha torpaq sahəsinin ¼ hissəsi isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. 0,24 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 234.1 kvm olan fərdi yaşayış evinə dair tərəflərin adına ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. İddiaçının mərhum əri X6 01 fevral 2021-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra iddiaçı və cavabdehlər onun vərəsələri qalmışdır. Cavabdehlər miras açılandan sonra nə qanunla müəyyən edilmiş müddətdə mərhum Q.Qasımovdan qalan mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmiş nə də ki, miras əmlakda yaşayıb mirasa sahiblik etməmişlər. İddiaçı mülkiyyət hüququnun əmələ gəldiyi andan 0.24 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 234.1 kvm-dən ibarət fərdi yaşayış evinə sahiblik edir. Cavabdeh2 izahatın da aydın olur ki, mərhum atası X3 miras qalmış əmlakdan pay istəmir. Lakin Cavabdeh1 təkidlə miras qalmış torpaq sahəsindən və həmin torpaqda yerləşən fərdi yaşayış evindən öz payını tələb edir. Odur ki, İddiaçı mərhum əri X3 miras qalmış Göygöl rayonu Köşkü kəndində yerləşən, 0.24 ha torpaq sahəsinin ¼ hissəsinə və həmin torpaq sahəsində yerləşən 234.1 kvm-dən ibarət mülkün ¼ hissəsinə dair birinci növbə vərəsə kimi tanınmaqla mülkiyyət hüququnun verilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 miras qalmış Göygöl rayonunun Köşkü kəndində yerləşən ümumi sahəsi 234.1 kv.m yaşayış evinin Qənbər Qasımovun payına düşən mirasın kütləsinə daxil olan ½ hissəsinə və 0.24 ha torpaq sahəsinin Qənbər Qasımovun payına düşən ¼ hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalı və həmin miras onun mülkiyyətinə verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış Göygöl rayonunun Köşkü kəndində yerləşən ümumi sahəsi 234.1 kv.m yaşayış evinin Qənbər Qasımovun payına düşən mirasın kütləsinə daxil olan ½ hissəsinə və 0.24 ha torpaq sahəsinin Qənbər Qasımovun payına düşən ¼ hissəsinə İddiaçı qanun üzrə birinci növbə vərəsə kimi tanınmaqla mülkiyyətinə verilsin. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-526/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-526/2023
28.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver