Məhkəmə qərarları › İş №2(066)-88/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-88/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-88/2025 05.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “12 fevral 2020-ci il tarixli «1/29» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı «12 fevral 2020-ci il tarixli «1/29» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Göygöl rayonu, 130 ailəlik qəsəbədə 1 saylı binanın 29 nömrəli mənzilinə dair 12 fevral 2020-ci il tarixli «1/29» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh «1/29» nömrəli mənzildən çıxarılmaqla, «1/29» nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydaşını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 12 fevral 2020-ci il tarixli «1/29» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Göygöl rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 130 ailəlik qəsəbədə, bina 1-də yerləşən 29 nömrəli 1 otaqlı ev ilə təmin edilmişdir. Daha sonra Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh 29 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (bu barədə abonentin sayğac göstəriciləri və aktlar əlavə olunur). Sahə rəisi tərəfindən Cavabdeh Məhiyyəddin qızına 29 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü təhvil verilməsi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Cavabdeh Məhiyyəddin qızının ona verilmiş 29 nömrəli mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydanın 3.7-ci bəndinin tələbinə uyğun olaraq müvafiq tədbirlər görülməli və onunla bağlanılmış 12 fevral 2020-ci il tarixli «1/29» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, kirayə müqaviləsi bağlanılmış hər bir şəxs 3 ay müddətində həmin evdə yaşamırsa sözügedən şəxsə bildiriş göndərilir. Cavadehə bu barədə bildiriş göndərilsə də, nəticə əldə olunmamışdır. Ona görə iş gəlib məhkəməyə çıxmışdır. Cavabdehin mənzildə əşyalarının olub-olmaması haqqında məlumatları yoxdur. 4 il ərzində evlərində təmir işləri gedirdi. Sonra evləri boş qalmışdır. 10 yanvar 2025-ci ildə Nümayəndə1 onlara zəng edərək mənzilə əşyalarını gətirmələrini və bundan sonra həmin evdə yaşayacaqlarını bildirmişdir. Həmçinin cavabdehin daimi yaşayış yeri olması barədə onlar tərəfindən heç bir araşdırılma aparılmamışdır. Ona görə də hesab edir ki, cavabdehlə bağlanılan kirayə müqaviləsi ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə1 izahatında iddianı qəbul etməyərək bildirdi ki, bacısı Cavabdeh Bakı şəhərində işləyir. Onun daimi yaşayış yeri və şəxsi evi yoxdur. Bakıda müvəqqəti kirayədə qalır. Əgər işdən çıxarsa yenidən gəlib ona verilən evdə qalacaqdır. Həmin evdə təmir işləri görülmüşdür. Belə ki, evə köçən vaxt evin aboyu olmamış, bundan başqa evin polları sıyrılıb laklanmışdır. Evdə müəyyən çatışmamazlıqlar var idi. Qaçqınkomun köməyi və dəstəyi ilə evi təmir etdirmişlər. Qeyd olunan ev 2020-ci ildə onlara verilib. Evdə 2 il yaşayıblar. 1993-cü ildən 2020-ci ilə qədər Göygöl rayonunda yerləşən Zavodun 2 nömrəli bağ evində yaşamışlar. Sonradan bu ev onlara verilmişdir. Bacısı Gülnarın həyat yoldaşı ailə qurandan sonra rəhmətə getmişdir. Hazırda bacısı azyaşlı uşağı ilə birgə üzrlü səbəbdən Bakı şəhərində kirayədə yaşayır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izаhаtını dinləyib, iş mаteriаllаrını аrаşdırаrаq hesаb edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınlar və X6 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru ilə Cavabdeh arasında Göygöl rayon ərazisində məcburi köçkünlər üçün salınmış 130 ailəlik qəsəbə bina 1, mənzil 29, 1 otaqlı yaşayış evinə dair müqavilə bağlanmış və həmin müqavilənin 1.1 maddəsinə görə sözügedən mənzil kirayəçinin və onun ailə üzvlərinin, yəni (qızı) X1 və istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınlar və X6 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə MKİS-də sahə nəzarətçisi işləyən Nümayəndə2, MKİS-nin sahə nəzarətçisi X5 və MKİS-nin sahə nəzarətçisi X4 tərəfindən xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə tərtib edilmiş aktlardan görünür ki, bina 1, mənzil 29 ünvanına baxış keçirilən zaman mənzildə yaşayış yoxdur. Həmin mənzil Cavabdeh verilsə də, 6-7 aydır ki, qeyd edilən ünvanda yaşamır. İşdə olan Azərbaycan Respublikası Qaçqınlar və X6 Üzrə Dövlət Komitəsinin vətəndaş barədə məlumat cədvəlindən görünür ki, Göygöl rayonu 130 ailəlik qəsəbə bina 1, 29 nömrəli 1 otaqlı yaşayış evində xx.xx.1989-cu il təvəllüdlü Kəlbəcər rayonundan olan Cavabdeh siyahıdadır. İşdə olan abonentin (**********00340) saldosundan görünür ki, Nümayəndə1 abonent hesabına xx.xx.2024-cü ilə qədər 77,52 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2024, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən Cavabdeh Məhiyyədin qızına mənzildə yaşamadığı üçün onunla bağlanmış kirayə müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınlar və X6 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Gəncə şəhəri Mənzil Kommunal İstismar sahəsinin Qaçqın və X6 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 399 nömrəli məktubdan görünür ki, mənzillərin yoxlanılması zamanı məlum olmuşdur ki, Göygöl rayonu 130 ailəlik Yeni Qəsəbə bina 1, mənzil 29 müqavilə əsasında Cavabdeh Məhiyyədin qızına verilsə də, uzun müddətdir ki, mənzildə yaşayış yoxdur. Cavabdeh yaşayışını təmin etməsi üçün dəfələrlə xəbərdarlıqlar edilsə də, müsbət nəticə olmamışdır. Cavabdeh ilə bağlanmış müqavilənin ləğv edilməsi üçün məhkəməyə veriləcəkdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 01/1 saylı arayışından görünür ki, Cavabdeh Məhiyyədin qızı həqiqətən xx.xx.2023-cü il tarixindən "xxxx" MMC-də işləyir. Hal-hazırda o, "xxxx" MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır. "xxxx" MMC-nin X11 uyğun olaraq, əmək haqqı 657 (altı yüz əlli yeddi) manat məbləğində təşkil etmişdir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi və tərəflərin izahatları əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Göygöl rayon ərazisində məcburi köçkünlər üçün salınmış 130 ailəlik qəsəbə bina 1, 29 nömrəli 1 otaqlı yaşayış evinə dair müqavilə bağlanmış və həmin müqavilənin 1.1 maddəsinə görə sözügedən mənzil kirayəçi Cavabdeh və onun ailə üzvü, yəni X1 və istifadəsinə verilmişdir. İddiaçının nümayəndəsi izahatında cavabdehin istifadəsinə verilmiş mənzildə üzrsüz səbəbdən yaşamamasına görə kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehin həmin mənzildən çıxarılmasını, bu barədə ona bir neçə dəfə xəbərdarlıq göndərilməsini bildirsə də, onun daimi yaşayış yerinin olmasından xəbəri olmamasını qeyd etmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatından da aydın olur ki, Cavabdeh Bakı şəhərində işləyir. Onun daimi yaşayış yeri və şəxsi evi yoxdur. Əgər işdən çıxarsa yenidən gəlib ona verilən evdə qalacaqdır, Cavabdeh həyat yoldaşı ailə qurandan sonra rəhmətə getmiş və hazırda o, azyaşlı uşağı ilə birgə üzrlü səbəbdən Bakı şəhərində kirayədə yaşayır. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kirayəçinin, yəni cavabdehin mübahisə predmeti olan yaşayış sahəsində fasiləsiz olaraq üzrsüz səbəbdən uzun müddət yaşamamasını, daimi olaraq başqa yerə köçməsi və yaşayış yerinin olmasını göstərən hər hansı hal məhkəmədə aşkar edilmədiyindən və onun həmin mənzildən sahiblik və istifadəsində olmamasını təsdiq edən mötəbər sübutlar olmadığından, cavabdehin həmin mübahisəli yaşayış sahəsindən çıxarılması barədə iddiaçının iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir; 96-cı maddəsinə görə məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur; 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir; 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir; 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir; 99.4-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz; 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir; 99.6-cı maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir; 99.7-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır; 99.8-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. (Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Həmin maddədə, həmçinin qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmalıdırlar. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət və sahibliklə bağlı maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Həmçinin tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və onun ailə üzvləri hesab edilən şəxslər yaşayış sahəsində fasiləsiz olaraq üç aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadığı qeyd edilmiş və iddiaçı tələbinin dəlillərində müqavilənin həmin bəndinə istinad etmişdir. Məhkəmə iddiaçının bu dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən kirayəçinin yaşayış sahəsindən fasiləsiz olaraq üç aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamaması barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı üzrlü səbəbdən cavabdehin müvəqqəti olaraq digər yerdə yaşaması müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırki halda isə iddiaçı məhkəmə iclasında cavabdehin onun hansı hüquqlarını pozmalarını sübuta yetirə bilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğnu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 217.4-cü mаddəsinin tələblərinə görə, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət verərək, iddiaçının mülkiyyət və yaşayış yeri olmayan məcburi köçkün stаtuslu şəxslərin yəni cavabdehin mənzil hüquqlarını və maddi hüquq normalarının tələblərini, məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “12 fevral 2020-ci il tarixli «1/29» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-in 216-220, 227, 233-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “12 fevral 2020-ci il tarixli «1/29» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar