Məhkəmə qərarları › İş №2(067)-101/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-101/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-101/2023 25.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment ödəməkdən azad edilmə və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2012-ci il təvəllüdlü X3 yaşayış yerinin onun, yəni atası İddiaçı yanında müəyyən edilməsi, onun xx.xx.2021-ci il tarixdən başlayaraq Xaçmaz rayon məhkəməsinin 2(067)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X8 görə hər ay 100 manat sabit pul şəklində alimenti ödəməkdən azad edilməyi və oğlu Musanın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul şəklində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh sabiq həyat yoldaşıdır. Onunla aralarında 12 iyun 2007-ci il tarixdə rəsmi nikah bağlanmış, həmin nikahdan üç övladları vardır: 1. X4-21 aprel 2008-ci il təvəllüdlü 2. X5 - 15 iyun 2009-cu il təvəllüdlü 3. X9 - 20 yanvar 2012-ci il təvəllüdlü Xaçmaz rayon məhkəməsinin 2(067)-3638/2018 saylı, 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahlarından olan uşaqların üçü də cavabdehin himayəsində saxlanılmışdır. Xaçmaz rayon məhkəməsinin 2(067)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin mənə qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü Fatimə, xx.xx.2009-cu il təvəllüdlü Səlimə və xx.xx.2012-ci il təvəllüdlü Musanın yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 28 aprel 2021 -ci ildən başlayaraq ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul şəklində aliment alınaraq Cavabdeh verilməsi qət edimişdir. 24 dekabr 2021 -ci il tarixdə oğlu Musa cavabdehin yanından onun yanıma qayıtmış və bundan sonra onunla yaşamaq istədiyini bildirmişdir. O, bir valideyn olaraq övladını qəbul etmiş və həmin tarixdən oğlu Musa himayəsində yaşayır. Belə olan halda hesab edir ki, oğlu Musanın himayəsində yaşadığı, halda ona görə cavabdehə alimentin ödənilməsi əsassızdır, əksinə cavabdehin özü oğlu Musaya görə ona aliment ödəməlidir. Uşağın himayəmdə saxlanılması, aliment ödəməkdən azad olunması və aliment tələbinə dair məsələ ilə bağlı mən mediasiya şurasına müraciət etmiş, bununla bağlı 07 may 2022-ci il tarixdə mən ilkin mediasiya sessiyasında iştirak etmiş , cavabdeh iştirak etmədiyi üçün mediasiya sessiyası davam etdirilməmişdir. Mediasiya xərci olaraq o, mediasiya şurasının hesabına 50 manat haqq ödəmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, uşaqlarının hər birinə görə ayda 100 manat, cəmi 300 manat aliment ödəyir. Uşaqlarından oğlu X9 2021-ci ilin dekabr ayının 24-dən onun yanında qalır. O, Musanın himayəsinə verilməsini istəyir. Həmçinin Musaya görə ödədiyi alimentin dayandırılmasını, ödədiyi alimentin geri qaytarılmasını və Musanın saxlanılması üçün cavabdehdən onun xeyrinə ayda 200 manat aliment tutulmasını xahiş edir. Oğlu Musa faktiki olaraq onun yanında olduğu müddətdə onun saxlanılması üçün cavabdehə aliment ödəmişdir, həmin alimentin qaytarılmasını xahiş edir. İddia tələbində Musaya görə ödədiyi alimenti ödəməkdən azad edilməyini xahiş etmişdir, elə bilir ki, bu avtomatik olaraq ödədiyi alimentin ona qaytarılması deməkdir. Uşağı onda qalacağı təqdirdə cavabdehdən aliment tələb edir. Ona görə ki, uşağın xərcləri çoxdur. O, özü indi Musa üçün 100 manat aliment ödəyir. Cavabdeh də iki uşağa görə 200 manat aliment tutulması ilə bağlı ona qarşı iddia qaldırıb. O ikinci dəfə qeyri-rəsmi nikaha daxil olmuşdur. "xxxx" ASC-də sürücü işləyir, "xxxx" MMC-ni isə 2 il bundan əvvəl bağlatdırmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Hİmayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 2068 saylı rəyi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 11/633 saylı ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının dedikləri ilə razı deyil. Uşaq məcburi gedib. Onun xəbəri olmayıb, o, işdə olmuşdur, bir də gəldilər ki, uşaq məktəbdə yoxdur, araşdırmışlar ki, iddiaçı uşağı məktəbdən aparıb. Uşağı iddiaçının bacısının sinfində oxuyurdu. Uşağın beynini orada doldurub aparıblar. O, uşağı heç cür vermir, etiraz edir. Uşaq məcburi aparılıb, o uşağın ona ehtiyacı var. O, uşaq gedən gününədək onun qucağında yatan uşaq olub. Ana yaxşı baxar ona, yoxsa kənar adam? Ata səhərdən axşama qədər işdə olur. O, özü də növbə ilə “Euro Market”də işləyir. O, 330 manat maaş alır. Sosial müavinət də almır. O, növbədə olanda uşaqlarına anası baxır. İddiaçının evində qanunsuz, kənar adam var, saxladığı. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Hİmayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 2068 saylı rəyi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 11/633 saylı ekspert rəyi ilə razı deyil. İddiaçı uşağın əlinə telefon verib başını qatıb. Necə olur ki, uşaqların məktəbə telefonla daxil olması qadağan olunduğu halda uşağı telefonla məktəbə gedib gəlir. Qəyyumluq komissiyasında düzgün iş getmir. Əgər düzgün iş getsə idi, hər iki evə də baxış keçirərdilər. Yazıblar ki, baxmışıq. Heç baxış olmayıb da. Rəydə qeyd olunanlar uşağın sözləri deyil. Dindirilsə bilinər ki, o uşağın sözləri deyil. Uşaq bir dəfə onun yanına getdi. Onu həkimə aparanda aparmışdı atası. Guya həkimə aparmışdı, orada da alanlar üzə çıxdı. Orada dedi ki, biz gedib restoranda oturmuşduq, atamın dostu idi, orada həqiqi psixoloji test olmayıb. O, uşağını vermir, özünü öldürər, o, uşağını verən deyil. Uşağa təsir göstərmirsə, niyə uşaq gəlib görüşmədi, niyə salmadı içəri anası ilə görüşsün. Hara lazımdır müraciət edəcək, amma uşağını verməyəcək. Uşaq onun yanına marketə gəlir, deyir ki, atamı seçmək istəyirəm ki, arxayın gəlib sənin yanında qala bilim. İddiaçı qızlarıyla telefonda danışır, deyir siz də gəlsəniz, sizin üçün də telefon alacağam. İndiki dövrdə də uşaqların həssas nöqtəsi telefondur. Alimentə qalanda da, aliment tələbinə də etiraz edir. Əgər iddiaçının qeyrəti varsa, o, atadırsa, birinci növbədə uşaqlarına görə ondan aliment istəməz. İddiaçı 450 manat maaş göstərib, halbuki 620 manat maaş alır. O, nə alır ki, ondan aliment istəyir. İki qız uşağı böyüdür. Deyir uşağın tələbatı var, bəs qız uşaqlarının yoxdur, yeniyetmə qız uşaqlarıdır, birinin 14, o birinin 15 yaşı var. Gətirib birini oturdub evdə. Necə olur ki, uşağını saxlaya bilmir, amma başqasının uşağını saxlayır? O, uşağını vermir, alimentə də etiraz edir. Gedib başqası üçün ev tikir, amma burada aliment istəyir. Məhkəmə iclasına dəvət edilərək Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə dinlənilən X9 göstərmişdir ki, doğum günü 20 yanvar 2012-ci ildir. 5-ci sinifdə təhsil alır, rus bölməsində təhsil alır. Azərbaycan dilində başa düşür. Dərslərimi yaxşı oxuyur. Bakı şəhərinə ekspertin yanına getmişdir. Ekspert onu danışdıranda tək idi, atası yanında deyildi. Ekspert ona testlər vermişdi, ən axırda da şəkil çəkdirdi, çəkdi. Ekspertin yanında demişdir ki, atasının yanında qalmaq istəyir. O, atasının yanında qalmaq istəyir, anasını da çox istəyir. Anasıyla onsuz da görüşür, atası etiraz etmir. Anasını çox istəyir. Atası ilə qalmaq istəyir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, habelə tərəflərin izahatların və yetkinlik yaşına çatmayan uşağın fikrini dinləyib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1454\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat manat olmaqla, cəmi 300 manat məbləğində aliment cavabdeh İddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, 2068 saylı rəyindən müəyyən olunur ki, Xaçmaz RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyası, xx.xx.2022-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsində saxlanmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan X3 ərizəsindən müəyyən olunur ki, X9 atası İddiaçı yanında qalmaq istəyir. İş materiallarında olan AZ-İ № 307533 seriyalı Nİkahın X1 təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah qeydi xx.xx.2019-cu il tarixində pozulmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli 11/633 saylı rəyindən xx.xx.2012-ci il təvəllüdlü X3 oğlunun halhazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. Uşağın boşanmadan sonra hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətlərinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması, o cümlədən ayrı yaşayan valideynin uşaqla ünsiyyət qaydasının (ünsiyyət vaxtlarının və müddətinin) müəyyən olunması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən edilir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 120 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarından, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına yazıb imzaladığı ərizədən, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, 2068 saylı rəyindən və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli 11/633 saylı rəyindən müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X9 atası İddiaçı yanında qalır və bundan sonra da atası ilə qalmaq istəyir. Məhkəmə uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olan uşaqları- xx.xx.2012-ci il təvəllüdlü X3 atası İddiaçı yanında qalması məqsədəuyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X6 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur. Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd olunur ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəlləinin 109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Qərarına əsasən Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Qeyd olunan Plenumun Qərarında göstərildiyi kimi Ailə Məcəlləsinin 112.1-ci maddəsində əks olunan “ailə vəziyyəti” anlayışına şərh verilərək göstərilir ki, tərəfin yenidən ailə qurub qurmaması, yeni ailədə uşaqların olub-olmamasına diqqət yetirilməlidir. Bundan başqa, alimentdən azad etmə ilə bağlı işlərə baxarkən X13 Məcəlləsinə uyğun olaraq tərəflərin diqqətəlayıq digər halların da araşdırılması tələb olunur. Qeyd olunan işdə məhkəmə hesab edir ki, uşaqların öz istəkləri ilə atalarının yanında yaşaması, bundan sonra da onunla qalmaq istədiklərini, habelə mənəvi olaraq atalarını daha çox istədiklərini diqqətəlayıq hal kimi nəzərə almaq məqsədəmüvafiqdir. Beləliklə də, məhkəmə iş materiallarında əsasən və uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olan uşaqları- xx.xx.2012-ci il təvəllüdlü X3 atası İddiaçı yanında qalması və İddiaçı qətnamə qəbul edildiyi gündən aliment ödəməkdən azad edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2023-cü ildə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahdan uşaqları olan xx.xx.2012-ci il təvəllüdlü X3 yaşayış yerinin atası İddiaçı yanında müəyyən edilməli, İddiaçı Xaçmaz rayon məhkəməsinin 2(067)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X8 görə hər ay 100 manat sabit pul şəklində qətnamə qanuni qüvvəsini aldıqdan sonra alimenti ödəməkdən azad edilməli Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul şəklində aliment alınaraq İddiaçı verilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul Cavabdeh tutularaq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İş materiallarından göründüyü kimi, iddiaçı mediasiya və dövlət rüsumuna görə ödədiyi xərci cavabdehdən tələb etməmişdir. Belə olan halda, mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3 yaşayış yeri atası İddiaçı yanında müəyyən edilsin. İddiaçı Xaçmaz rayon məhkəməsinin 2(067)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X8 görə hər ay 100 manat sabit pul şəklində qətnamə qanuni qüvvəsini aldıqdan sonra alimenti ödəməkdən azad edilsin. Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul Cavabdeh tutularaq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına köçürülsün. İş üzrə ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar