Məhkəmə qərarları › İş №2(067)-1036/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1036/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1036/2021 28.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, iddiaçı İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrinə edilmiş 24 dekabr 2020-ci il tarixli, daşınmaz əmlakın **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyddən və həmin qeyddən verilmiş çıxarışdan göründüyü kimi Xudat şəhəri, M.F.Axundov küçəsi 16 ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən sahəsi 88.00 kv.m olan fərdi yaşayış evinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyddən çıxarış verilmişdir. Cavabdehə bir valideyn kimi Xudat şəhərində yerləşən özünə məxsus digər torpaq sahəsində fərdi yaşayış evi tikib vermişdir. Hal-hazırda cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdehdən, ona məxsus Xudat şəhəri M.F.Axundov küçəsində yerləşən 16 saylı evdən qeydiyyatdan çıxıb öz evinə qeydiyyata düşməsini dəfələrlə tələb etsə də, cavabdeh buna əməl etmir. Cavabdehin günahı səbəbindən öz mülkiyyəti üzərində onun hüquqları məhdudlaşdırılır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun doğma oğludur. 2004-cü ildə cavabdeh ailə həyatı qurub, ilk öncə onun hal-hazırkı evində yaşayıb, sonra isə ana babasına məxsus evə köçmüşdür. Bir müddət sonra cavabdeh ana babasının ona verilən evini satıb, özünə ayrı fərdi yaşayış evi tikdirmiş və indiyədək öz evində yaşayır. Mübahisəli evdən isə qeydiyyatdan çıxmaq istəmir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, həqiqətən də 2004-cü ildə ailə həyatı qurduqdan sonra, bir müddət ailəsi ilə birlikdə iddiaçının evində yaşamış, sonra oradan köçmüşdür. Hal-hazırda ayrıca fərdi yaşayış evdə yaşayır, lakin həmin evin heç bir sənədi olmadığından qeyd olunan evə qeydiyyata düşə bilmir. Onun 4 yetkinlik yaşına çatmayan uşağı vardır. Uşaqları da, onun qeydiyyatda olduğu ünvanda qeydiyyatdadırlar. Bu səbəbdən də, iddiaçının evindən qeydiyyatdan çıxsa, uşaqları da qeydiyyatdan çıxmış olacaqlar. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X1 04 may 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Harunov, arvada Harunova soyadları verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin notarial təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh və X2 birgə nikahlarından 4 yetkinlik yaşına çatmayan uşaqları var. Uşaqlar mübahisəli evdə, yəni Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsi ev 16da qeydiyyatdadırlar. İş materiallarında olan Xaçmaz rayon icra başçısının Xudat şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, həqiqətən də İddiaçı ünvan 1 ünvanında yaşayır və onun ailə üzvləri arvadı X6, oğlu X3, oğlu Cavabdeh (qeyd olunan ünvanda yaşamır), bacısı X5 (qeyd olunan ünvanda yaşamır) var. İş materiallarında olan Xaçmaz rayon icra başçısının Xudat şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, Cavabdeh Xudat şəhəri M.F.Axundov küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla, Xudat şəhəri 3-cü şöbə ərazisində qeydiyyatsız yaşayır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İş materiallarında olan sənədlərindən və tərəflərin verdikləri izahatlardan müəyyən olunur ki, cavabdeh şəxs 2004-cü ildə ailə həyatı qurub, bir müddət mübahisəli evdə yaşamış, daha sonra isə mübahisəli evdən faktiki köçsə də, qeyd olunan evdə qeydiyyatda qalmış və yaşayış sahəsindən istifadə edilməsi hüququnu itirməmişdir. Tərəflər arasında hüquq münasibətləri 2004-cü ildə yarandığından həmin dövrün qanunvericiliyi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun xitamı ilə bağlı notarial qaydada təsdiqlənən yazılı razılaşma mövcud deyil. Belə olan halda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilər. İddiaçı isə cavabdehə heç bir kompensasiya məbləğini təklif etmir. Məhkəmə, göstərilən hüquq normalarına istinadən iddia tələbinin təmin olunmamasına dair özünün mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007-ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara cıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə cıxarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar