Məhkəmə qərarları › İş №2(067)-1067/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1067/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1067/2021 14.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh1 vəkili X1, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7 və X4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və şeydən çıxarılma tələbinə dair mülki işə 14 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rasim oğlunun, Cavabdeh3 mülkiyyətində olan Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1,ev 15-də yerləşən evdə yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Cavabdeh1 onun mülkiyyətində olan Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1,ev 15-də yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1,ev 15-də yerləşən evdə qeydiyyatda olan Cavabdeh4, X5 və X3 da yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15-də yerləşən ümumi sahəsi 18.3 kv.m olan ev mərhum həyat yoldaşı Zakir Kərimovdan vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Həmin evə DƏDRX-nin 5 saylı Ərazi idarəsindən onun adına qeydiyyat tarixi 08.01.2021-ci il, qeydiyyat nömrəsi ********** olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlərin onun evində pasport qeydiyyatında qalması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir. Beləliklə, cavabdehlərin ona məxsus olan Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1,ev 15-də yerləşən evdə qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlərdən Cavabdeh3 keçmiş gəlinidir. Gəlini uzun müddətdir ki, oğlundan rəsmi qaydada ayrılıb və nikahları pozulmuşdur. Hal-hazırda atasına məxsus Xaçmaz rayonu Mollaburhan kəndində yaşayır, digər Cavabdeh2 da onun evində qeydiyyatda olsa da, onun evində faktiki olaraq yaşamır. Cavabdehlərdən Cavabdeh1 ailə üzvü deyildir, özünün ayrıca yaşayış sahəsi vardır. Qeyd olunanlara əsasən cavabdehlərin adı çəkilən evdə yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq Cavabdeh1 1993-cü ildə azadlıqdan məhrum edildiyini və 2001-ci ilədək həbsxanada cəza çəkdiyini, sonra isə həbsxanadan çıxaraq, 2 ildən sonra yenidən 5 il müddətinə azadlıqdan məhrum edildiyini göstərmişdir. Cavabdeh1 2001-ci ildə azadlığa çıxanda anası ilə kirayə evdə yaşamış, sonra anasını da götürüb 2002-ci ildə mübahisəli evə gəlmiş, 2016-cı ilədək orada yaşamışlar. Cavabdeh 2016-cı ildə anası və qardaşı ilə mübahisə edərək evdən qovulmuş, daha sonra 2019-cu ildə yenidən mübahisəli evə qayıtmışdır. Həmin vaxt Cavabdeh1 anası, onun əri və o, orada yaşamışlar. Cavabdeh1 onların razılığı olmadan evin aşağısında tikilmiş tamburu söküb evdə yaşamağa başlamışdır..Bildiyinə görə Cavabdeh1 bir müddət ailəsi ilə birlikdə “İzmaylovka” adlanan ərazidə kirayədə qalmışdır, amma onların dəqiq harada kirayə qaldıqlarını bilmir. 2016-cı ilin fevral ayından 2019-cu ilin iyun ayınadək cavabdehlər Cavabdeh1la Cavabdeh4 mübahisəli evdə yaşamamışlar. Nailə əri evdə olmayanda onların razılığı olmadan əmlaklarını hissə-hissə evə gətirmişdir. Onun əri Cavabdeh1 evdən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə iddia vermişdir, amma sonradan vəfat etdiyi üçün iş baxılmamış qalmışdır. Sonradan o, evi öz mülkiyyətinə keçirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, izahatında cavabdehlərdən Cavabdeh2 uzun müddət Rusiya Federasiyasında yaşadığını və bu səbəbdən onun iddiaçıya məxsus evdə istifadə hüququna xitam verilməli olduğunu göstərmişdir. Digər Cavabdeh3 iddiaçının gəlini olmuş və 2012-ci ildə mübahisəli evdən çıxıb getmişdir, o vaxtdan o, həmin evdə yaşamır. Onun da həmin evdən istifadə hüququna xitam verilməlidir. Cavabdeh4 iddiaçıya məxsus evdən ümumiyyətlə istifadə hüququ yoxdur. Cavabdeh1 da iddia ərizəsində qeyd edilən əsaslarla mübahisəli evdən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əlaqədar hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları, Cavabdeh1 ailə üzvlərinə münasibətdə isə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iclasın vaxtı və yeri barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 1973-cü ildə mübahisəli evdə doğulmuş, orada böyümüş, orada yaşamışdır və hazırkı vaxtadək ailəsi ilə birlikdə orada yaşayır. Arada iş olanda 1-2 ay Bakıda işləmiş, amma sonra yenidən mübahisəli evə qayıtmışdır. Başqa yaşayış yeri, torpağı yoxdur. Onun ailəsi və uşaqları var, qalmağa başqa yerləri yoxdur, ona görə hesab edir ki, həmin evdən istifadə hüququ vardır. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onlar 2015-ci ildə Cavabdeh1 ilə evlənmişlər və o, mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxtdan orada yaşayır. O, mübahisəli evə gəlin köçəndə həmin ev kiminsə mülkiyyətində olmamış, bu günə qədər də mübahisəli evdə yaşamağına heç kim etiraz etməmişdir. Birgə nikahdan uşaqları da həmin evdə anadan olmuşlar. Həyat yoldaşı Qəmbər Bakı şəhərinə gedəndə də o, orada yaşamışdır, başqa yaşayış yerləri yoxdur. Həyat yoldaşının neçənci ildə Bakı şəhərində işlədiyini xatırlamır. Gəlin köçəndən sonra onlar kirayə evdə yaşamamışlar. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 vəkili X2 hüquqlarını müdafiə etdiyi Cavabdeh1 1973-cü ildə mübahisəli evdə anadan olduğunu, hazırkı vaxtadək orada yaşadığını, ailə qurduğunu və həyat yoldaşının da həmin evə köçdüyünü bildirmişdir. Onun bütün əmlakları həmişə həmin evdə olmuşdur. Hesab edir ki, Cavabdeh1 1-2 il həbsdə olması, onun evdən istifadə hüququnun xitam verilməsinə əsas deyil. O, nənə, baba himayəsində olmaqla, mübahisəli evdə böyümüşdür, heç kim onu bu vaxta qədər oradan çıxarmamışdır. Ona görə onun Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən mübahisəli evdən istifadə hüququ var. Yetkinlik yaşına çatmayan uşaqlarının da həmin evdən istifadə hüquqları var. Kərimov Cavabdeh1 Nailə Ramiz qızı ilə 2015-ci ildə evlənmişdir və arvadı da həmin evə köçmüşdür. Cavabdeh4 mübahisəli evdən istifadə hüququ saxlanılmasa da, onun da əri və uşaqları ilə birlikdə oradan istifadə hüququ müəyyən edilməlidir. Qeyd olunanlarla əlaqədar cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 08.01.2021-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15-də yerləşən ümumi sahəsi 18.3 kv.m olan ev İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 03.02.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15-də yerləşən evdə qeydiyyatdadırlar. İş materiallarında olan 10.02.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, mübahisəli ev DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 08.01.2021-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışına əsasən İddiaçı məxsusdur. Cavabdehlərdən Cavabdeh2 daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdir və uzun müddətdir ki, mübahisəli evdə yaşamır. Digər Cavabdeh3 iddiaçının gəlini olmuş və 2012-ci ildə mübahisəli evdən çıxıb getmişdir, həmin vaxtdan orada yaşamır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı mübahisəyə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 oktyabr 2009cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi 6 ay saxlanılır. -İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə, məhkəmə tərəfindən uzadıla bilər. - Şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarından görünür ki, ailə üzvünün daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər bir yaşayış sahəsinə köçməsi yaşayış sahəsinə olan hüququnun itirilməsi üçün əsasdır. 01 yanvar 1997-ci il tarixdən qüvvədə olan «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən şəxsin yaşayış yeri kimi tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarına əsasən hesab edir ki, iddia tələbi Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslı olduğundan təmin edilməli, həmin şəxslərin Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1,ev 15-də yerləşən evdə yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1, Cavabdeh4, X7 və X4 aid hissəsi barədə qeyd edir ki, həmin şəxslərin hazırda İddiaçı məxsus olan mənzildə yaşadıqları müəyyən edilir. Mübahisəli ev 08.01.2021-ci il tarixdən etibarən iddiaçının mülkiyyətində olduğu üçün məhkəmə hesab edir ki, hazırkı mübahisəyə cavabdehlər Cavabdeh1, Cavabdeh4, X7 və X4 münasibətdə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən digər qohumlara qardaş və bacılar, baba, nənə və nəvələr, ögey oğul və qızlar, yetirmələr və faktiki tərbiyəçilər daxildirlər. İşdən müəyyən olunur ki, Cavabdeh1 iddiaçının qaynı, Cavabdeh4 onun qaynı arvadı, cavabdehlər X9 və X8 isə onların övladlarıdır. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının məzmunundan müəyyən edilir ki, cavabdehlər iddiaçının ailə üzvləri və digər qohumları hesab edilmirlər və onlar mübahisəli evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh4, X7 və X4 aid hissədə də təmin edilərək, Cavabdeh1 Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15-də yerləşən evdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməli və onlar həmin evdən çıxarılmalıdırlar. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xaçmaz şəhəri, Atatürk küçəsi, dalan 1, ev 15-də yerləşən evdə yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh4, X9 və X8 həmin evdən çıxarılsınlar. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar