Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1076/2021 06.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, iddiaçı İddiaçı Cavabdeh2 Sahib oğlu və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Sahib oğlu və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh2 Sahib oğlu və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ildə rəsmi nigah bağlamaqla cavabdehlərdən Cavabdeh2la ailə həyatı qurmuş və həmin tarixdə də cavabdehin valideynləri Saib Tairova və Cüməqız Tairovaya məxsus Xaçmaz rayonu Arzu kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan iki övladı var-24 sentyabr 2006 təvəllüdlü X5 və 2 noyabr 2007-ci il təvəllüdlü X1. Cavabdeh2la evləndiyi ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Cavabdeh2 ilk uşağı olandan sonra içki içməyə başlamış, sonra içkinin aludəçisinə çevrildiyindən artıq ilk vaxtlar olan gözəl ailə əlaqələri pozulmuş və məişət zorakılığına gətirib çlxarmışdır. Cavabdehlərdən Cavabdeh2 onu və övladlarını tez-tez döydüyündən o, məhkəməyə müraciət etmiş və 2018-ci ildə nikah pozulmuşdur. Ona görə də o, məcburiyyət qarşısında qalaraq 2018-ci ildən valideynlərinin evində yaşayır. Cehiz əmlaklarının əksəriyyəti gəlin köçdüyü Xaçmaz rayonu Arzu kəndindəki evdə qalmışdır. Gəlin köçdüyü evə övladları ilə birgə qayıdıb orada yaşamaq istəyir. Lakin cavabdehlər buna imkan vermir. DƏDRX-in 5 saylı Ərazi İdarəsinin 04.06.2020-ci il tarixli **********61№-li məktubdan görünür ki, 5 saylı Xaçmaz İdarəsinin Arxiv sənədlərinə əsasən Xaçmaz rayonu Arzu kəndində yerləşən fərdi yaşayış evi Dövlət reyestrində hal-hazırda **********5210301 reyestr nömrəli çıxarışla Cavabdeh1 adına qeydə alınmışdır. O isə gəlin köçən vaxt evin hər hansı sənədi mövcud olmamışdır. O rəsmi nikah əsasında Cavabdeh2 ilə ailə həyatı quraraq cavabdehin valideynlərinə məxsus evə gəlin köçdüyündən həmin evdə onun yaşamaq hüququ əmələ gəlmiş və onun Xaçmaz rayonu Arzu kəndində yerləşən evdən istifadə hüququ tanınmalı və o həmin evə köçürülməlidir. Bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 Sahib oğlu və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, hal-hazırda mübahisəli ev DƏDRX-nin 12.08.2020-ci il tarixli ********** saylı qeydiyyat nömrəli qeydə əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. İddia ərizəsinin əsassız olduğunu nəzərə alıb, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli **********38№-li məktubdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində X6 xüsusi mülkiyyətində olan Xaçmaz rayon Arzu qəsəbəsində yerləşən 157.9 kv.m sahəsi olan fərdi yaşayış evinə dair 2006-ci ili əhatə edən sənədlər aşkar edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayon Arzu qəsəbəsində yerləşən 157.9 kv.m sahəsi olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə 12.08.2020-ci ildən X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan sənədlərin notarial təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, Tahirova Aygün Vahid qızının və Cavabdeh2 birgə nikahdan 2006-ci il təvəllüdlü X5 və 2007-ci il təvəllüdlü X1 doğulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 və X10 ilə olan nikah 9 fevral 2018-ci ildə pozulmuşdur, nikah ləğv olunduqdan sonra qadına Məhərrəmova soyadı verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-2454/2017№-li qətnaməsinin surətindən görünür ki, X10 ilə X7 arasında 20 may 2006-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları X4 himayəsində saxlanılmış, birgə nikahdan doğulmuş övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit məbləğdə aliment alınaraq X8 verilməsi qət edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh ilə 2006-cı ildə rəsmi nikaha daxil olduqdan, onların arasında yaranan hüquq münasibətləri həmin dövrün qanunvericiliyinə əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi hüquq münasibətlərinin yarandığı dövrdə özbaşına tikili olduğundan, cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Xaçmaz rayonu Arzu kəndində yerləşən ev 2006-cı ildə dövlət qeydiyyatına alınmamışdır. İddiaçı 2006-cı ildə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və ailə üzvü kimi onların evinə qeyd şərtsiz yaşamaq üçün gəlin köçmüş, onlar yaşadıqları evdə ümumi təsərrüfat aparmışlar. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı cavabdehlərin istifadəsində olan Xaçmaz rayonu, Arzu kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 157.9 kv.m, yaşayış sahəsi 84.8 kv.m, köməkçi sahəsi 73.1 kv.m olan evdə yaşayış sahəsindən istifadə hüququ tanınsın və o, həmin yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1076/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1076/2021
06.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver