Məhkəmə qərarları › İş №2(067)-1090/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1090/2022

28.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1090/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbin vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə İddiaçınun Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 aprel 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbin direktorunun 15.09.2021-ci il tarixli 91 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ilk dəfə 01.02.2006-cı il tarixdə Xaçmaz şəhəri 3 saylı tam orta məktəbinə laborant vəzifəsinə qəbul edilmiş, 17.01.2015-ci il tarixli 07 saylı əmrə əsasən isə müddətsiz əmək müqaviləsi bağlamışdır. 15.09.2021-ci il tarixli 91 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Aşağıda şərh olunanlara əsasən cavabdehin 15.09.2021 -ci tarixli 91 saylı əmri ləğv edilməli, o öz işinə bərpa edilməli və məcburi iş buraxma müddətinə görə əmək haqqı ona ödənilməlidir. 15 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhər İ.Qayıbov 3 saylı tam orta məktəbin direktoru Gülnaz Şirinova ona bildirmişdir ki, guya ştatlar ixtisar olunub, o, ştat ixtisarı ilə bağlı 15 sentyabr 2021-ci il tarixdən işdən azad olunmuşdur. Buna baxmayaraq 16.09.2021- ci il tarixə kimi işə gəlsə də, direktor ona bildirmişdir ki, işdən çıxarılmış və artıq içəri buraxıla bilməz. Bundan sonra cavabdeh müəssisəyə müraciət edərək əmrin sürətinin ona verilməsini xahiş etsə də, əmrin sürəti ona verilmədi. Nəhayət dövlət orqanlarına şikayət etdikdən sonra məlum oldu ki, həqiqətən də onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə 15.09.2021-ci il tarixdən xitam verilmişdir. Qeyd olunun əmr qanunsuzdur və əsassızdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə rəsmi xəbərdar edilməlidir. Əmək müqaviləsi ləğv edilməzdən ona rəsmi xəbərdarlıq edilməməklə Əmək Məcəlləsinin 77-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Bu hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Quba Regional Ərazi Şöbəsi tərəfindən şikayətim əsasında araşdırılma aparılmış, qanunsuz işdən çıxarılma ilə bağlı Xaçmaz şəhər İ.Qayıbov adma 3 saylı orta məktəbin direktoru X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 192.6-cı maddələrinə uyğun 05.11.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokola tərtib ediİmiş,müvafiq olaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1500 manat cərimə olunmuş, əmək müqaviləsinə xitam verilməsinə dair Xaçmaz şəhər 3 saylı orta məktəbin 15.09.2021-ci il tarixli 91 nömrəli əmrinin ləğv edilməsi üçün işəgötürənə məktub ünvanlanmışdır. X4 bu məktuba məhəl qoymamış, əmri ləğv etməmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılması tam qanunsuz və əsassızdır. Eyni zamanda bildirmişdir ki, iddia müddətini ötürməmişdir. Çünki iddiaçıya işdən çıxma ilə bağlı işəgötürən tərəfindən heç bir rəsmi sənəd tədim edilməyib. Məhkəmə iclasında cavabdeh tərəf iddia tələbini qəbul etməyərək iddiaçının iddia ərizəsinə iddia müddətini tətbiq edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbi üzrə 15.09.2021-ci il tarixli 91 saylı əmrindən (çıxarışdan) müəyyən olunur ki, İddiaçı məktəbin biologiya fənni üzrə laborantı ştatı sinif komplektlərinin azalması ilə əlaqədar 15 sentyabr 2021-ci il tarixdən vəzifəsi ixtisar olunduğundan tutduğu vəzifədən azad edilmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı 2006-cı ildən etibarən həmin müəssisədə işləyir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbinin direktorunun 15.09.2022-ci il tarixli 91 saylı əmrinə əsasən məktəbin biologiya fənni üzrə laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a - bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b - bəndinə görə əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə görə 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70 və 77-ci maddələrinnin tələblərinə əməl edilməmişdir. Qeyd olunanlara əsasəb məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b - bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Yuxarıda sadalananlardan da göründüyü kimi, işdən çıxma əmri tərtib olunarkən Əmək Məcəlləsinin 84-cü maddəsinin (həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, həmçinin əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər) tələblərinə tam riayət edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməli olduğu halda bu qaydada da əməl olunmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, işdən çıxarılma əmrində əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansı maddəsinə əsasən xitam verildiyi də qeyd olunmamışdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbinin direktoru İddiaçı Panah qızı barəsində olan 15 sentyabr 2021-ci il tarixli 91 saylı əmri ləğv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Bununla yanaşı məhkəmə baxışı iclasında cavabdeh iddiaya etiraz və iddiaçının iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etmişdir. Belə ki, məhkəmə baxışı iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh tərəf bu mövqeyini onuna əsaslandırmışdır ki, iddiaçı iddia tələbi ilə 14.12.2021ci il tarixdə mediasiya barədə təkliflə müraciət etmişdir. Onunla bağlanmış əmək müqavuləsinə isə 15.09.2021-ci ildə xitam verilmiş, son haqq-hesab ödənilmişdir. İddiaçı məhkəməyə iddia müddəti ötürüldükdən sonra müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf isə bildirmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılması tam qanunsuz və əsassızdır. Eyni zamanda bildirmişdir ki, məhkəməyəqədər müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Əgər bu müddəti ötürübsə belə, bu hal üzrlü hesab edilməlidir. Belə ki, iddiaçıya işdən çıxarılma barədə əmr, kitabça və ya son haqq hesab sənədləri işəgötürən tərəfindən təqdim olunmayıb. Bundan başqa iddiaçı tərəf bildirmişdir ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizəni məhkəmə hazırlıq iclasında verilməli idi, lakin cavabdeh tərəf bu prosessual qaydaya əməl etməyərək iddia müddətinin tətbiq edilməsinə dair ərizəni məhkəmə baxışı iclasdında verərək bu prosessual qaydaya da əməl etməmişdir. Məhkəmə iddiaya etiraz və iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı olaraq aşağıdakıları qeyd edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinə əsasən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. 32.5. Mediasiya prosesi bu Qanunun 21-ci maddəsinə uyğun olaraq bərpa oluna bilər. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında yaranmış əməmk mübahisəsinə dair mediasiya prosesinə 04 fevral 2022-ci il tarixdə xitam verilmişdir və iddiaçı 22 fevral 2022-ci il tarixdə iddia ərizsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə iş matriarllarından müəyyən olunur ki, Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbin direktoru X3 hazırkı əmək mübahisəsi üzrə X2 Quba regional ərazi idarəsi tərəfindən 1500 manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbin İddiaçı Panah qızı barəsində olan 15 sentyabr 2021-ci il tarixli 91 saylı əmrinin ləğv edilməsi üçün ona X2 Quba regional ərazi idarəsi tərəfindən cavabdeh tərəfə məktub ünvanlanılsa da, qeyd olunan əmr ləğv edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İş materiallarından müəyyən olunur ki, hazırkı iddia ərizəsi və ərizəyə əlavə olunmuş bütün sənədlər, həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilrək məhkəməyə ünvanlanmış iddia müddətinin bərpa edilməsinə dair ərizə 25 fevral 2022-ci il tarixli məhkəmə bildirişi ilə birlikdə cavabdeh tərəfə göndərilmişdir. Cavabdeh tərəf məhkəmə hazırlıq iclasında və məhkəmə baxışı iclasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, o cümlədən də, iddiaçı tərəfindən verilmiş iddia müddətinin bərpa edilməsinə dair ərizəni aldıqlarını bildirsə də, iddia müddətinin tətbiqinə dair ərizəni məhkəmə baxışı iclasında, yəni 29 mart 2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizəni, həmçinin iddiaya etirtazı 20 gündən gec olaraq məhkəməyə təqdim etməsinin hansı (üzrlü və sair) səbəbdən baş verdiyinə aydınlıq gətirməmişdir. Bundan əlavə cavabdeh tərəf işdən çıxma əmrinin və bu barədə məlumatın işçıyə rəsmi qaydada göndərildiyini bildirsə də, bu sənədlərin işçiyə hansı tarixdə göndərildiyini və işçiyə hansı tarixdə çatdırıldığına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddiaçı tərəf isə məhkəmə iclasında bildirmişdir ki, işdən çıxarılam barədə məlumatı olan kimi, qısa müddət əzində mediasiyaya müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə görə 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Yuxarıda sadalanan hüquq normalarından və işin hallarından da göründüyü kimi, iddia müddətinin ötürülməsi məhkəmə iclsında öz təsdqini tapmamışdır. Bundan əlavə yuxarıda sadalanan hüquq normalarından da göründüyü kimi, iddia müddəti iddiaçının savadsızlığı, həmçinin digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə bu hal məhkəmə tərəfindən üzrlü sayıla bilər və iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə, işinin ədalətli, araşdırılması hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət e t d i: İddia təmin olunsun. Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbin direktorunun İddiaçı Panah qızı barəsində olan 15 sentyabr 2021-ci il tarixli 91 saylı əmri ləğv edilsin və İddiaçı Panah qızı həmin məktəbin biologiya fənni üzrə laborantı (həmin vəzifəyə bərabər digər vəzifəyə-ştata) vəzifəsinə (ştatına) işə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün "15 sentyabr 2021-ci il” tarixdən hesablanmaqla İddiaçı Panah qızına Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar