Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-11/2021 04.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı məsuliyyət razılaşmasına əsasən broker qismində fəaliyyət göstərərək satışdan əldə olunan pul borcunun əmlak sahibinə qaytarılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5719.53 (beş min yeddi yüz on doqquz manat, əlli üç qəpik) pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixdə cəmiyyətə məxsus olan qida məhsullarının satış üçün nəzərdə tutulan ərazilərə və satış nöqtələrinə vaxtında çatdırılması ilə əlaqədar muzdlu broker müqaviləsi imzalanmışdır. Razılaşmaya əsasən cavabdeh Xudat, Nabran və Qusar bölgələrində yerləşən satış nöqtələrindən İddiaçı MMC-yə məxsus qida məhsullarının satışını həyata keçirmək üçün sifarişləri qəbul edərək MMC-nin operatoruna əlaqə telefonu ilə göndərməli olmuşdur. Anbarda qida məhsulları qaimə-fakturalarda olan sifarişlər əsasında yük avtomaşınlarına yüklənərək satış nöqtələrinə çatdırılırdı. Cavabdeh sonradan satış nöqtələrinə gələrək, daxil olan qida məhsullarının sifarişə uyğun qəbul olunmasına nəzarət etməklə, özündə olan kitabda qeydiyyat aparır ki, sonradan satış nöqtələrindən kitab əsasında satılmış məhsulların pullarının yığılmasını təmin etsin. Qaimə-faktura əsasında həyata keçirilən satışın yüksək məbləğdə olması, satışdan əldə olunan pul vəsaitinin aşağı məbləğdə olması rəhbərlikdə şübhə doğurduğundan, cəmiyyətin audit şöbəsinin əməkdaşları xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi cavabdehin fəaliyyət göstərdiyi satış nöqtələrində yoxlama apararaq təhvil-təslim aktı tərtib etmişlər. Cavabdeh audit yoxlaması vaxtı onun tərəfindən 5719.53 (beş min yeddi yüz on doqquz manat, əlli üç qəpik) pul vəsaitinin götürülərək, MMC-yə təhvil verilməməsi müəyyən edilmiş, cavabdeh və satış nöqtələrinin məsul şəxsləri təhvil-təslim aktını imzalamaqla qeyd edilən halı təsdiq etmişlər. Faktla əlaqədar cavabdehdən yazılı izahat tələb edildikdə, o, etiraz edərək, öz ehtiyacı üçün pul xərclədiyini və pul vəsaitini 2 ay ərzində qaytaracağını bildirsə də, borcunu qaytarmamışdır. İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın dəlillərinə etiraz edərək, onun İddiaçı MMCyə borcu olmadığını, iddiaçının iddiaya əlavə etdiyi sənədlərlə tanış olduğunu, həmin sənədlərin heç bir əsası olmadığını, saxta sənədlər olduğunu, təhvil-təslim aktlarındakı imzaların ona məxsus olmadığını və onun İddiaçı MMC qarşısında heç bir öhdəliyi olmadığını, iddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını göstərmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli məsuliyyət razılaşmasına əsasən cəmiyyətə məxsus olan qida məhsullarının satış üçün nəzərdə tutulan ərazilərə və satış nöqtələrinə vaxtında çatdırılması ilə əlaqədar muzdlu broker müqaviləsi imzalanmışdır İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən Cavabdeh İddiaçı MMC qarşısında yaranmış öhdəliyinin olub-olmamasını müəyyən etmək mümkün deyil. Mülki Məcəllənin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 787.1-ci maddəsinə əsasən. broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki iş üzrə mübahisəli cehiz əmlakının və qızıl-zinət əşyalarının mövcud olmasını və hazırda cavabdehlərdə olmasını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehlərin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) İşin müəyyən edilmiş hallarından tərəflər arasında broker müqaviləsinin bağlandığı və razılaşmaya əsasən cavabdehin Xudat, Nabran və Qusar bölgələrində yerləşən satış nöqtələrindən İddiaçı MMC-yə məxsus qida məhsullarının satışını həyata keçirmək, satışdan əldə edilən pul vəsaitlərini toplayıb iddiaçıya təqdim etmək öhdəliyini götürdüyü müəyyən edilir.Lakin, iddiaçı tərəfindən məhsulların satışından əldə edilən pul vəsaitinin cavabdeh tərəfindən İddiaçı MMC-yə çatdırılmamasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Beləliklə, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı məsuliyyət razılaşmasına əsasən broker qismində fəaliyyət göstərərək satışdan əldə olunan pul borcunun əmlak sahibinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-11/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-11/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver