Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1120/2024 31.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Hüseyn oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq 31 iyul 2002-ci il tarixdə mülkiyyətində Xaçmaz rayonu, Qaraçı kəndi ərazisindən 1.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəmin 0.60 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq onun istifadəsinə verilməsi və ödənilmiş 100 manat dövlət rüsumu pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 iyul 2002-ci il tarixli müqaviləyə əsasən Xaçmaz rayonu, Qaraçı kəndi ərazisindən 1.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Rüstəmovlar ailəsindən, yəni Rüstəmov Həsən-Əsgər Ağabala oğlundan, X7, X4, X2 və X1 almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX, JN ******* Çıxarışda verilmişdir. Həmçinin, 067596 nömrəli, xx.xx.2016-cı il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sözügedən torpaq sahəsini, cavabdeh olan qonşusu Cavabdeh tərəfindən 2002-cı il tarixdən 0.60 ha hissəsini qanunsuz zəbt edərək istifadəsindədir. Belə ki, cavabdeh onunla torpaq qonşusudur və onunla həmsərhəd hissəsindən torpaq sahəsini zəbt edərək əkib becərir. Dəfələrlə cavabdehdən xahiş və tələb etmişdir ki, zəbt etdiyi torpaq sahəsindən çıxsın, lakin o, könüllü olaraq bunu etmək istəmir, torpaq sahəsindən istifadə etməkdə davam edir. Dəfələrlə cavabdeh olan Cavabdeh bildirmişdir ki, onun ərazisini istifadə edir, lakin cavabdeh ona demişdir ki, əgər ona məxsus olan torpaq sahəsi onun tərəfindən zəbt olsa, dəyən ziyanı artıqlaması ilə ödəməyə hazırdır. Çoxillik bitki olan fındıq qələmləri əkmişdir. Onun təkidlərinə baxmayaraq cavabdeh ona məxsus olan 0.60 ha torpağı 20 il istifadə etmişdir. Onun həmin sözügedən torpağa dair bütün hüquqi sənədləri vardır. Nəhayət o bir daha xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı idarəsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə qonşuların iştirakı ilə birlikdə torpaq sahəsi ölçülmüş və torpağın döngə nöqtələri göstərilmişdir və yuxarıda göstərdiyi 0.60 ha toıpaq sahəsi cavabdeh Nəsimi tərəfindən zəbt edildiyi aşkarlanmışdır. Göstərilən 0,60 ha torpaq sahəsində cavabdeh əvvəllər əkin sahəsi əkmiş və son üç ildə fındıq bağı salmışdır. 20 il ərzində həmin torpaqdan gələn gəlirdən məhrum olunmuşdur. İş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ekspert tərərfindən yerləri ölçülərkən müəyyən olunmuşdur ki, cavabdeh 0.65 ha torpaq sahəsindən qanunsuz istifadə edir. Ona görə də iddia tələbinin həcmini artıraraq ekspert rəyinə uyğun olaraq 0.65 ha torpaq sahəsinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, 20 il bundan əvvəl torpaq sahəsi almışdır. Torpağı alandan bəri cavabdeh 70 sota yaxın torpağından qanunsuz istifadə edir və torpaq sahəsini qaytarmır. Mütəxəssis torpaq sahəsini ölçəndə müəyyən olunmuşdur ki, cavabdeh 0,65 ha torpaq sahəsindən qanunsuz istifadə edir. Ona görə həmin torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ona və ailə üzvlərinə 1996-cı ildə verilən sənəd var və həmin sənəddə göstərilən 39 sot torpaq sahəsindən istifadə edir. Ərazini ölçəndə bildirmişlər ki, torpaqda düzgünlük yoxdur, sürüşmə var. Ekspert gəlib ərazini ölçəndə demişdir ki, iddiaçının torpağı yerindədir. O, 65 sot torpaq sahəsini iddiaçıya verərsə, başqa qonşunu da o məhkəməyə verməli olacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 31 iyul 2002-ci il tarixli müqavilədən müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu, Qaraçı kəndi ərazisindən 1.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Rüstəmov Həsən-Əsgər Ağabala oğlundan, X7, X4, X2 və X1 almışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qaraçı kəndi ərazisində yerləşən 1.915 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli ərazinin real vəziyyəti sxemdə əks olunur və iddiaçı ilə cavabdehə məxsus torpaq sahələri qonşuluqda yerləşir. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu Qaraçı kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.65 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Qərb tərəfdən eninə 21.7 metr, şimal tərəfdən 339.8 metr, şərq tərəfdən 21.7 metr və cənub tərəfdən 343.8 metr ölçüdə cavabdeh tərəfindən istifadə olunur və istiqaməti əks olunur. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu Qaraçı kəndi ərazisində yerləşən torpaq sahəsindən cavabdeh tərəfindən həmin sahənin bir hissəsində meyvə bağı (fındıq) vardır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli, xx.xx.2016cı il tarixli çıxarışa əsasən Xaçmaz rayonu Qaraçı kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1.915 ha torpaq sahəsinin 0,65 ha hissəsi (qərb tərəfdən eninə 21.7 metr, şimal tərəfdən 339.8 metr, şərq tərəfdən 21.7 metr və cənub tərəfdən 343.8 metr ölçüdə) Cavabdeh Hüseyn oğlunun istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh Hüseyn oğlundan alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1120/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1120/2024
31.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver