Məhkəmə qərarları › İş №2(067)-117/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-117/2022

31.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-117/2022 31.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki işə Xaçmaz şəhərində 31 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “torpağın mülkiyyətə verilməsinə dair” JN-021A seriyalı 30225018 kodlu şəhadətnaməyə əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,32 ha torpaq sahəsindən 0,03 hektarının Cavabdeh alınaraq ona və ailə üzvilərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "torpağın mülkiyyətə verilməsinə dair" JN-021A seriyalı 30225018 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə onun və ailə üzvlərinin adına 0,32 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətlərində olan 0,32 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsi Cavabdeh tərəfindən özbaşına zəbt edilərək qanunsuz istifadə edilir. Dəfələrlə Cavabdeh onun tərəfindən zəbt edilmiş torpaq sahəsinin qaytarmasını tələb etsələr də, cavabdeh bu günədək torpaq sahəsini qaytarmamışdır. Cavabdeh torpaq sahəsini zəbt etmədiyini və həmin torpaq sahəsinin onun özünə məxsus olduğunu bildirmişdir. Hazırda 0,03 ha torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir. Bunun nəticəsi olaraq o, və ailə üzviləri hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmirlər. Ona görə o, hesab edir ki, onun və ailə üzvilərinin hüquqları bərpa edilməli, Cavabdeh 0,03 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi onun və ailə üzvilərinin qanuni sahibliyinə qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-021A seriyalı 30225018 saylı şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonunun Səlim-oba kəndindən 0,32 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2322 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-021A seriyalı 30225018 saylı şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsindən Cavabdeh şimal-şərq istiqamətindən 149 kv.metr hissəsini istifadə edir. Torpağın mülkiyyətə verilməsinə dair JN-021A seriyalı 30225018 saylı şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəfin izahatını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-021A seriyalı 30225018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Səlimoba kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsinin şimal-şərq istiqamətindən 149 kv.metr hissəsi Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar