Məhkəmə qərarları › İş №2(067)-1286/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1286/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1286/2020 09.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X14, iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüququna xitam verilməsini və cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının həmin yaşayış evinin pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 75,7 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin 5/6 hissəsi xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən onların xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin Çıxarışa və 2(067)-1318/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixində qəbul olunmuş qətnaməyə əsasən H.Əliyev küç., ev 74 ünvanında yerləşən 75,7 kv.m fərdi yaşayış evi üzərində X2 hüquqlarına xitam verilmiş və həmin fərdi yaşayış evi tam onların mülkiyyətinə keçmişdir.Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, cavabdeh, Cavabdeh1 (əmisi X1 həyat yoldaşı) əmisi ilə olan nikahını rəsmi qaydada pozduqdan sonra, 2005-ci ildə mərhum atası X6 və əmisi X2 şərikli mülkiyyəti olan evdə yaşayış hüququ almaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2-28 saylı xx xxxx 2005-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin məhkəmə prosesində mərhum atası əmlakın təxmini 90%-nin mülkiyyətçisi qismində iştirak edərək hakimin qərarı ilə razılaşmadığını bildirmişdir (75,7 kv.m fərdi yaşayış evinin 5/6 hissəsi atasına, cəmi 1/6 hissəsi isə əmisinə məxsus idi). 2-28 saylı iş üzrə xx xxxx 2005-ci il tarixli qətnamə ilə Azərbaycan Respublikasının qüvvədən düşmüş Mənzil Məcəlləsinin 118-ci və 123-cü maddələri əsas gətirilərək Cavabdeh2 və X7 X8 və X3 birgə mülkiyyətində olan Xaçmaz şəhəri,H.Əliyev küçəsi 74 saylı evə yaşayış hüququnun müəyyən olunması, X9 həmin evə köçürülməsi qət olunmuşdur. Qətnamə icra olunmuşdur və cavabdehlər həmjn evdə 2005-ci ildən 2010-cu ilə qədər davamlı surətdə yaşamışdırlar. Həmin vaxtdan cavabdeh Nərgiz oğlu Osman ilə onların mülkiyyətində yaşayaraq onunla təsərrüfatsızcasına rəftar edərək korlanmasına (dağılmasına, sökülməsinə) yol verməklə yararsız hala salmışlar. Evi yararsız hala saldıqdan sonra Nərgiz mülkiyyətin ona məxsus olmadığını və əmisi ilə düşmən münasibətində olduqlarından birgə yaşayışları qeyri-mümkün olduğunu nəzərə alaraq eyni ünvanda 3 otaqlı fərdi yaşayış evi tikmişdir. Evin tikintisi başa çatandan hazırkı günə kimi Nərgiz onlara məxsus mülkiyyət ilə eyni ünvanda fərdi yaşayış evində oğlu Osman və onun ailəsi ilə yaşayırlar. İddiaçılar Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1174 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Xaçmaz şəh., H.Əliyev küçəsi, 74 saylı fərdi yaşayış evinə xx xxxxx 2017-ci ildə köçürülərkən də həmin evdə yalnız əmisi X8 yaşayırdı. Sübut kimi həmin dövr üçün Azərsu və Azərişıq ASC-dan alınan abonent kartlarında əks olunan ailə tərkibi bölməsindəki məlumatda ailə tərkibi 1 nəfər olaraq göstərilmişdir, o da əmisi Tahir olmuşdur. Cavabdeh isə yalnız mülkiyyətçilərin öz evinə köçürməsi müəyyən olunduqdan sonra 2(067)- 358/2018 saylı iş üzrə iddia tələbi ilə Xaçmaz şəh., H.Əliyev küçəsi, 74 saylı evdən istifadə hüququnu bərpa olunaraq Xaçmaz Rayon Məhkəməsindən həmin evə təkrar köçürülməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh həmin evdə yaşamadığı üçün iddiaçıların həmin evə köşürülməsini görərək və ehtiyacı olmadığı halda hüququnun təkrar bərpa olunmasını və həmin evə köçürülməsini istəmişdir. Qətnamə qüvvəyə minmiş və həmin qətnamə üzrə icraat həmin hüququn hazırki iş üzrə mübahisəndirilməsi ilə dayandırılmışdır. Cavabdehlərə məxsus yeni tikdiyi fərdi evin iddiaçılarla eyni ünvanda, eyni həyətdə tikildiyini və yaşayış hüququnun saxlanılmasını istədiyi evin dağılmasını, yararsız halda olmasını müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən evə yerində baxış təyin olunmasını, eləcə də, Azərsu və Azərenerji ASC-dan 2010-2017-ci illər üçün Abonent kartı və İƏV-dən cavabdehlərin faktiki yaşayış yeri haqqında aktın tərtibinə dair məhkəmə sorğusunun göndərilməsini məqsədəuyğun hesab edirlər. Azərbaycan Respublikası qüvvədən düşmüş Mənzil Məcəlləsinin 118 və 123-cu maddələri hazırda Mülki Məcəllənin 228.5-ci maddəsi ilə analogiya üzrə tətbiq edilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İddiaçıya məxsus evə istifadə hüququnun tanınmasına baxmayaraq, cavabdehin həmin hüquqdan istifadə etməməsi onun mübahisəli evdən istifadə hüququna marağının olmamasını, özünü başqa yaşayış yeri ilə təmin olunmasını göstərir. Cavabdeh istifadə hüququ tanınmış evdən 9 il (2010- 2019-cu illər) müddətdə real olaraq istifadə etməmiş, bu müddət ərzində həmin hüququnun reallaşması üçün hər hansı cəhd göstərməmiş, o, yalnız mülkiyyətçi evinə köçürüldükdə evdə yaşamaq istədiyinin və istifadə hüququna bərpa olunmasını tələb etmişdir. Bütün bunlar isə iddiaçının mülkiyyət hüquqlarını pozur.. İş üzrə İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil İddiaçı3 münasibətdə işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil fikrini dinləyib xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1286/2020 saylı qərardadla iddianı İddiaçı3 münasibətdə baxılmamış saxlamışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2005-ci ildə Cavabdeh1 ilə əmisi Tahirin nikahları pozulub, həmin ildə ona oğlu Osman ilə birlikdə Xaçmaz şəhəri H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüququ verilib. 2010-cu ildə Cavabdeh2 həmin ünvanda zəbt etdiyi torpaq sahəsində özü üçün ev tikib, amma evi öz adına sənədləşdirməyib. Həmin ildən Osman anası Cavabdeh1 ilə birlikdə orada yaşayır, istifadə hüquqları müəyyən olunan evdə yaşamırlar. 2015-ci ildə əmisi X13 deportasiya olunub. 2017-ci ildə onlar mübahisəli evə köçürülmüşlər. Həmin vaxt Cavabdeh1 və Cavabdeh2 orada yaşamırdılar. O, evə köçürüləndən sonra evin bütün kommunal xərclərini özü ödəmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 orada 2010-cu ildən yaşamırlar. Bunu həmin illərdəki kommunal ödənişlər barədə qəbzlər də təsdiq edir. Belə ki, həmin illərdə evdə yaşayış olmadığına görə qaz, işıq, su sərfiyyatı olmayıb. Bütün qeyd etdiyi hallar nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddia üzrə Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, 2005-ci ildə onun mübahisəli evdən istifadə hüququ müəyyən edilməsi barədə qətnamə çıxmış, və o, 2017-ci ilin avqust ayınadək orada yaşamışdır. İddiaçılar 2017-ci ilin avqust ayından evin qıfıllarını dəyişiblər və o, orada yaşaya bilməmişdir. Daha sonra Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə yenidən həmin evdən istifadə hüququ tanınıb və bu barədə qətnamə qəbul edilib. iddiaçıların onu evə buraxmaması barədə məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Mübahisəli evin yerləşdiyi ünvanda oğlu Osmanın adına torpaq sahəsi var və o, özü üçün orada ev tikib yaşayır. Osmanını tikdiyi evin giriş-çıxışı ayrıdır. O, 2017-ci ildən hazırkı vaxtadək bəzən oğlu Osmanın evində, bəzən digər qohumlarının evində yaşayır. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Odur ki, iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda iddiaçılar tərəfindən ona kompensasiya veriləcəyi təqdirdə mübahisəli evdən istifadə hüququna xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 kommunal ödənişləri ödəməməsi barədə iddiaçının dediyi əsassızdır. Ona görə ki, Cavabdeh1 qaz balonundan istifadə edib, həyətdəki su quyusundan su çıxarıb istifadə etmişdir. Bu onların mübahisəli evdə yaşamamasını təsdiq etmir. Cavabdehlər mübahisəli evdən könüllü çıxmayıb. Ona görə onlara dair hissədə iddia rədd olunmalıdır. Evdən pasport qeydiyyatından çıxarılması barədə iddia İnzibati Məhkəmənin səlahiyyətinə aid olduğundan bu hissədə də iddia rədd edilməlidir. Cavabdeh2 tikdiyi ev isə hələ yaşayış üçün tam yararlı olmadığından orda yaşamaq qeyri-mümkündür. Cavabdeh2 nümayəndəsi olaraq məhkəmə tərəfindən mübahisəli ünvana, o cümlədən orada Cavabdeh2 tərəfindən tikilmiş evə baxış keçirilməsinə etiraz edir. Həmin evin mülkiyyət sənədini iddiaçı tərəf təqdim edəcəyi halda baxış keçirilməsinə razıdır. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. İddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia mənzilə istifadə hüququna xitam verilməsinə dair hissədə təmin edilməlidir. . Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2(067)-28 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 saylı mübahisəli evə yaşayış hüququları müəyyən olunmuş və həmin evə köçürülmələri təmin olunmuşdur. İşə əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdehlər X10, İddiaçı2 və İddiaçı1 qarşı evə köçürülmə və ziyan tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 saylı evə istifadə hüququ bərpa edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-1318/2019 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 münasibətdə qismən təmin edilərək, cavabdeh X4 1166.67 (min yüz altmış altı manat altmış yeddi qəpik) manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75,7 kv.m fərdi yaşayış evinin 1/6 hissəsinə olan mülkiyyət hüququna xitam verilmişdir. İş materiallarında olan JN-114A saylı 30201004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı qərarı ilə Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 0.04 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İşdə olan icra işinin materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi üçün iddiaçılar tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İşin hallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli evə köçürülərək, həmin evdə yaşamamışlar. Cavabdehlər qətnamənin icrası ilə bağlı iddiaçılar tərəfindən onlara maneə yaradıldığını, bu səbəbdən mübahisəli mənzilə köçə bilmədiklərini bildirsələr də qeyd edilən halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi icraya yönəldikdən sonra icra edilməməsinə baxmayaraq, həmin qətnamənin icrasının təmin edilməsinə nail olmaq üçün hər hansı aktiv hərəkətlər etməmişlər (icra məmurunun qərarından şikayət və s) İş materiallarından Xaçmaz rayon, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı qərarı ilə Xaçmaz şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 0.04 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verildiyi müəyyən edilir, iddiaçılar Cavabdeh2 mübahisəli mənzillə eyni ünvanda 3 otaqlı fərdi yaşayış evi tikdiyini, həmçinin, Cavabdeh1 həmin mənzildə Cavabdeh2 ailəsi ilə birlikdə yaşadığını göstərmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil həmin evin mövcud olduğunu, lakin yaşayış üçün yararsız vəziyyətdə olduğunu bildirmişlər. Məhkəmə hər iki tərəfin qəbul etdiyi ümumi halın, mübahisəli mənzilin yerləşdiyi Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 ünvanında Cavabdeh2 tərəfindən 3 otaqlı başqa fərdi yaşayış evi tikilməsinin müəyyən edildiyini hesab edir. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehlər Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 ünvanında Cavabdeh2 tərəfindən 3 otaqlı fərdi yaşayış evinin yaşayış üçün yararsız vəziyyətdə olması halına iddiaya qarşı etirazın əsası kimi istinad etdiklərindən, özləri üçün əlverişli olan həmin halı sübut etməlidirlər. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin, Cavabdeh1 məhkəmə iclasında vermiş olduğu izahatında özünün bəzən Cavabdeh2 inşa etdiyi evdə, bəzən də qohumlarının evində yaşadığını bildirməklə, Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 ünvanında Cavabdeh2 tərəfindən inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin yaşayış üçün yararlı vəziyyətdə olduğunu və cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacının aradan qalxdığını dolayı yolla etiraf etmişdir. Həmçinin, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 ünvanında Cavabdeh2 tərəfindən inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə məhkəmə tərəfindən yerində baxış keçirilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsinə olan ehtiyacı Xaçmaz şəhəri, H.Əliyev küçəsi, 74 ünvanında Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evi hesabına aradan qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: birincisi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; ikincisi isə yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdən istifadə hüquqları Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2(067)-28 saylı qətnaməsinə əsasən yarandığından hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları tətbiq edilməlidir. Belə olan halda iddia cavabdehlər Cavabdeh2, Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüququna xitam verilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia, həmçinin, mülkiyyətçilərin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsi baxımından əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin qanunvericilikdə təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnrot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. X18 məhkəməsi «Sporrong və Lonnrotun İsveçə qarşı» məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi, habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və X18 Məhkəməsinin presedentlərinə görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə bütün sübutları araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair hissədə təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməli, qalan hissədə iddia təmin edilməməlidir. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun yarısı olan 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2, X5 ödənilməli, rüsumun qalan hissəsi iddiaçılara aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiaları qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun yarısı olan 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2, X5 ödənilsin. Rüsumun qalan hissəsi iddiaçılara aid edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvləri olan cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar