Məhkəmə qərarları › İş №2(067)-129/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-129/2021

05.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-129/2021 05.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X4 İnstitutunun nümayəndələri X5 və X10, Cavabdeh, X3 iştirakı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X4 İnstitutunun Cavabdeh qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin X4 İnstitutu məhkəmədə iddia qaldıraraq iddiaçının qanuni sahiblik və istifadəsində olan Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 5 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz (özbaşına) zəbt etməsinə son qoyulmasının cavabdehin üzərinə qoyulması, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X7-X1i sahiblik və istifadəsində olan Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 5 hektar torpaq sahəsinin Cavabdeh qeyri qanuni sahibliyindən götürülərək (alınaraq) əvvəlki vəziyyətdə (naturada) iddiaçıya qaytarılması (verilməsi), Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X7-X1i sahiblik və istifadəsində olan Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 5 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına, yəni qeyri qanuni aparmış olduğu təsərrüfat fəaliyyətinə son qoyulması və həmin işlərin nəticələrinin cavabdehin hesabına çıxarılması (sökülməsi və ya sökülərək aparılması) və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Səlimoba kəndində yerləşən, ümumi sahəsi 5 hektar torpaq sahəsi iddiaçının qanuni sahiblik və istifadəsindədir. Torpaq sahəsinin İnstitutun sahiblik və qanuni istifadəsinə çevrilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsində iddiaçının işçi heyətinin daim olmaması səbəbindən iş üzrə cavabdeh tərəfindən qeyri qanuni yəni özbaşına zəbt edilmiş və heç bir hüquqi əsası olmadan orada özbaşına olaraq təsərrüfat işləri aparmışdır. Təsərrüfat işləri torpaq sahəsində özünün istəyinə uyğun olaraq əkinçilik və maldarlıqla məşğul olmaqdan ibarət olmuşdur. Dəfələrlə bu özhbaşınalığa və qanunsuz fəaliyyətin dayandırılması tələb olunsa da, buna əhəmiyyət verməmiş və nəticədə hüquqi cəhətdən iddiaçının qanuni sahiblik və istifadəsində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Dəfələrlə bu hərəkətlərə görə məsuliyyət daşıyacağı barədə şifahi xəbərdarlıqlara belə məhəl qoymamışdır. Cavabdehin bu qanunsuz zəbti davam etdirməsi mübahhisəli torpaq sahəsinin qanuni sahibi kimi iddiaçının hüquqlarının pozulması və bu pozuntunun hal-hazıra qədər davam etdirilməsindən xəbər verir. Məhkəmə iclasında iddiaçının nümayəndələri iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasportdan müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X7-X1i sahibliyinə və istifadəsinə Xaçmaz rayonunun Səlimoba kəndi ərazisindən 5,0 ha (50357.4 kv.metr) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasporta əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X7-X1i sahibliyinə və istifadəsinə verilmiş Xaçmaz rayonunun Səlimoba kəndi ərazisində yerləşən 5,0 ha (50357.4 kv.metr) torpaq sahəsinin 4,61 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur və orada tikinti mövcuddur. Lakin mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən: 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. İddiaçıya məxsus olan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılsın və cavabdehin həmin 4.61 ha torpaq sahəsindən istifadə və fəaliyyətinə son qoyulsun.

2. İddiaçıya məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsində cavabdehin fəaliyyəti və istifadəsi nəticəsində tikilmiş tikililər cavabdehin öz hesabına sökülsün və həmin sahə tam şəkildə boşaldılsın.

3. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin, ödənilmiş 5 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 40 manatı Cavabdeh və 10 manatı isə iddiaçıdan alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar