Məhkəmə qərarları › İş №2(067)-1291/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1291/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1291/2021 14.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, iddiaçı X5 oğlunun, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı torpaq üzərində olan yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xacmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, cavabdehin qızı Rənanın, nəvələrinin və kürəkəninin ona məxsus Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 1983-cü İlin iyul ayında anası dünyasını dəyişmişdir. O, isə o vaxtı həm ailəli, həm də tələbə idi. X7 1983-cü ilin oktyabr ayında evi tərk etmişdir. 2019-cu ilə kimi Bakı şəhərində yaşamışdır. 1985-ci ildə atası bildirdi ki, o, evlənmək istəyir. Atası dedi ki, yeganə oğlu odur, birlikdə İnzibati Ərazi Dairəsinə gedərək evi, həyətyanı sahəni onun adına qeydiyyata keçirdi. Ondan sonra o, 2 uşaqla və yoldaşı ilə Xaçmaz şəhərinə kirayəyə gəlmiş, atası 2-ci dəfə ailə qurmuş, 1-ci ailəsi ev həyətyanı sahə, hamısı onun adında olduğunu bildikdən sonra çıxıb getdi. 2-ci ailəsi isə 1995-ci ilin dekabr ayına kimi atası dünyasını dəyişənə kimi birlikdə yaşadılar. 2019-cu ildə İsrafılova Qıztamam kəndə qayıdıb ondan xahiş etdi ki, icazə ver, müvəqqəti sənin evində yaşayım. Özünə ev tikəndən sonra o, evi tərk edəcəkdir. Bir müddət sonra 3 nəvəsini, qızını və kürəkənini evinə gətirib ona problem yaratmağa başladı. Artıq 3 ildir ki, onlar həmin evdə yaşayırlar və evi tərk etmirlər. Onu öz həyətinə getməyə qadağan edir. Ona məxsus olan evdə qaz, işıq və su xətti olduğu halda, X8 xanım Əliyevaya və bir neçə digər Nazirliklərə şikayət etmişdir. Nazirliyin nümayəndələri məktubu araşdırmağa gəldikdə evə baxış keçirmiş, hər şeydən qaz, işıq və sudan cavabdehin istifadə etdiyini qeyd edərək getmişlər. Onun istifadə etdiyi qaz, işıq və su pullarını da o, ödəmişdir. Onu özünə məxsus olan evdən uzaqlaşdırmaqdan ötrü mütəmadi olaraq hədələyir, açıq-aşkar bildirir ki, mən səni şərləyib, böhtan atıb tutduracağam. Buralar hamısı mənimdir deyir. Dəfələrlə sahə müvəkkili, polis şöbəsindən nümayəndələr gətirmiş, yoxlama zamanı onun daima böhtanyalan atdığı müəyyən olunmuşdur. Gəldiyi 3 il ərzində onu 2 dəfə məhkəməyə vermişdir, özü isə məhkəməyə gəlməkdən hər dəfə boyun qaçırır. Hər dəfə də səni məhkəməyə verəcəyəm, buraları yenidən bölüşdürəcəyəm deyir. 2020-ci ildə həyətyanı sahədə dəryazla işlədiyi zaman ona hücum edir ki, sən məni dəryazla vurmaq istəyirsəndeyərək polisə şikayət etmişdir. 2021-ci ilin mart ayında kubik sındıran balta ilə işlədiyi vaxt üstünə hücum edərək, onui balta ilə vurmaq istəyirsən-deyərək polis şöbəsinə şikayət etmişdir. Bununla üzləşməmək üçün arakəsmə divar hörmüşdür. Onun hördüyü divarı cavabdeh vurub dağıtmışdır. Cavabdehin qızının atası da var, evi də var. 2 uşağını Quba rayonunun Alpan kəndində atası da var. 3-cü uşağının Xaçmaz şəhərində atası da var, evi də var. Qıztamam bunları başına yığıb, ona məxsus olan evdə məskunlaşdırıb. Rəna uşaqlarını özlərinə məxsus olan evdə böyütsün, onun həyətində yox. O, uzun müddətdir ki, müəllim işləyir. Qıztamam etdiyi bütün hərəkətlər onu daim əsəbləşdirir, onun sağlamlığına zərər verir. Bunlar kəndə qayıdandan sonra daima iynə-dərman müalicəsi alır. Ona həm maddi, həm də mənəvi zərər vururlar. Səhhətilə bağlı kənddə yerləşən öz xüsusi evinə qayıtmaq istəyir. Lakin cavabdeh buna imkan vermir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və onun vəkili iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarında olan DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02 iyun 2021-ci il tarixli məktubundan görünür ki, 24.09.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən 0.37 ha yaşayış məntəqələrinin torpaq sahəsi dövlət reyestrindən X1 adına qeydə alınmışdır. Qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Qımıl-Qışlaq kənd İƏD nümayəndəsinin 10 iyul 2019-cu il tarixli 595 saylı arayışından müəyyən olur ki, X2 həqiqətən də Qımıl-qışlaq kəndində atasına məxsus fərdi yaşayış evində yaşayır. Qeyd olunanlardan göründüyü kimi Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən fərdi yaşayış evinin X1 mülkiyyətində olmasını təsdiq edən sənəd olmasa da, evin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olması sübuta yetirilir. Belə olan halda, iddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakını maneəsiz istifadə etmək və üzərində sərəncam vermək hüququnu təmin etmək məqsədilə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəməyə müraciət etməkdə tam haqlıdır və onun iddia tələbi bu hissədə təmin olunmalıdır. Lakin iddiaçı iddia ərizəsi ilə cavabdehin qızı Rənanın, nəvələrinin və kürəkəninin də Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində qeyd etmədiyi şəxslərə qarşı tələb irəli sürdüyündən, habelə qeyd olunan şəxslərin kimliyini dəqiq göstərmədiyindən tələb həmin hissədə rədd olunmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı X1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən torpaq sahəsinin üzərində olan fərdi yaşayış evindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar