Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1302/2022 16.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zaminliyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1698,35 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" ASC-nin Xaçmaz filialından alınmış kredit müqaviəsinə əsasən Bank qarşısında öhdəliklərinə görə zamin durmuşdur və aralarında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" ASC-nin Xaçmaz filialı qarşısında öhdəliklərini lazımınca icra etmədiyinə görə Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 8İ-7642 saylı icra qeydinə əsasən zaminlik müqaviləsinə uyğun olaraq onun hesabından cavabdehin banka olan 1698,35, manat pul silinmişdir. "xxxx" ASC-nin Xaçmaz filialının xx.xx.2022-ci il tarixli XŞE- 234/22 nömrəli arayışından görünür ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 8İ- 7642 saylı icra vərəqəsinə əsasən Cavabdeh banka olan borcu xx.xx.2022-ci il tarixə tam olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəsmi arayışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixə kimi adına tarifləşmiş əmək haqqından 1698,35 manat kredit tutularaq "xxxx" Xaçmaz filialına verilmişdir. Qanuna görə cavabdeh ondan tutulmuş pul vəsaitlərini ona qaytarmalıdır. Dəfələrlə cavabdehə təklif etmişdir ki, onun bank qarşısında olan kredit öhdəliklərinə görə əmək haqqından tutularaq kredit borcuna görə banka ödənilmiş vəsaiti ona qaytarsın, cavabdeh hər dəfə yaxın vaxtlarda pulu ödəcəyinə söz versə də vədinə əməl etmir. Cavabdeh ona olan borcunu könüllü surətdə ödəməkdən yayındığına görə məhkəməyə müraciət etməyə məcburdur. Özü Uzunoba kənd Tam Orta məktəbində riyyaziyyat müəllimidir. Həyat yoldaşı X1 3-cü qrup əlildir. Hazırda həyat yoldaşının müalicəsi ilə əlaqadar pul lazımdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh Bank of Baku ASC-dən kredit alarkən o da onun xahişi ilə cavabdehin öhdəliklərini icra etməsi üçün zamin durmuşdur. Cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən zaminlik müqaviləsinə uyğun olaraq ondan 1698,35 manat pul silinib. Həmin pulu cavabdehdən pulu tələb etsə də, o, pulunu qaytarmır. Ona görə ondan pulunu tələb edir. Cavabdeh tələb etdiyi məbləğdə puldan ona bir manat da olsa qaytarmayıb. 21 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o Bank of Baku ASC-dən kredit alarkən iddiaçı onun bank qarşısındakı öhdəliklərinin icrası üçün zamin durub. Maddi imkanı olmadığına görə borcunu vaxtında qaytara bilməmişdir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2021ci il tarixli icra qeydinə əsasən zaminlik müqaviləsinə uyğun olaraq iddiaçının əmək haqqısından 1698,35 manat pul tutulub. Həmin puldan 170 manatı iddiaçıya qaytarmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin arayışından müəyyən olunur ki, Uzunoba kənd Tam Orta məktəbinin müəllimi İddiaçı əmək haqqından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 1698,35 manat kredit borcu tutularaq "xxxx" Xaçmaz filialına verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Azərbaycan Respublikası MPM-nin 475.1.-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2.-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3.-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. İşin hallarından İddiaçı Cavabdeh "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə cavabdehin öhdəlikləri üçün zamin durduğu və cavabdehin Bank qarşısında öhdəliklərini tam olaraq icra etdiyi müəyyən olunur. Qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının zamin kimi əsas borcludan ondan tutulmuş məbləğləri tələb etməsi əsaslıdır və iddiaçı tərəfindən cavabdehin borcuna görə ödənilmiş pul məbləğləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçıya 170 manat pulun ödənilməsini bildirsə də, iddiaçı həmin pulun ödənilməməsini bildirmişdir. Cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübutunu tədim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh kredit borcu olaraq ödənilmiş 1698,35 manat məbləğində pul və 31 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh kredit borcu olaraq ödənilmiş 1698,35 manat məbləğində pul və 31 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1302/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1302/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver