Məhkəmə qərarları › İş №2(067)-1311/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1311/2021

01.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1311/2021 01.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X9 İstismarı İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X9 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində 01 sentyabr 2021-ci tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X9 İstismarı İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, qaz təsərrüfatında işləyir və ömrünün 16 ilini bu təsərrüfata sərf etmişdir. 17.12.2014-cü il tarixdən ARDNŞ Cavabdeh İB X9 İstismarı İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. Son 1 ildə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə cəzalandırmışlar. X1 iclası keçirilmiş, 4 qadın və 1 sədr onun işdən çıxarılmağı haqqında qərar qəbil etmişlər. İşəgötürən tərəfindən ona əmək funksiyasına aid olmayan vəzifələrin icrası tapşırılmışdır və əsassız olaraq o, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə cəzalandırılmışdır. İşəgötürən tərəfindən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən çıxarılması əsaslandırılmamışdır. Məhkəmə iclasında İddiaçı uzun müddətdir ki, qaz təsərrüfatında işlədiyini, 16 ilini bu təsərrüfata sərf etdiyini, son 1 ildə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə cəzalandırdıqlarını, həmkarlar təşkilatının 4 qadın və 1 sədrdən ibarət tərkibdə iclas keçirərək, onun işdən çıxarılmağı haqqında qərar qəbul etdiyini bildirmişdir. Halbuki, o, ailəsi ilə birlikdə COVİD 19 xəstəliyinə tutulanda həmin Həmkarlar Təşkilatına kömək üçün müraciət edəndə kömək etməmiş, indi isə onu işdən çıxarmışlar. O, işinə vicdanla yanaşmışdır, təbii ki, hər işdə xırda nöqsanlar olur. Ona qaz sayğaclarının üstündə artıq sərfiyyat saxladığını bildirmişlər. Amma bu idarə rəhbərliyinin göstərişi ilə olmuşdur. 19 abonentin sayğacında əmələ gələn artıq sərfiyyat rəhbərliyin təşəbbüsü ilə olmuşdur. O, həmin abonentlərin bir neçə dəfə qazlarını kəsmiş, mexaniki sayğacları SMART sayğacla əvəz etmişdir. Həmin abonentlər barəsində məhkəməyə də müraciət olunmuşdur. Sadə çilingərin başqa səlahiyyəti yoxdur. Abonent kənar xətdən istifadə edirsə o, necə nəzarət edə bilər, yığımla bağlı da onun məsuliyyəti ola bilməz. O, bir neçə kənddə nəzarət aparmışdır, işlər plan əsasında qurulmuşdur. İlk vaxtlar planı dolurmuşdur, sonradan satış şöbəsi tərəfindən ayda 16000 manat plan qoyulmuşdur və o, buna etiraz edərək, həmin planın yığılmasının mümkünsüzlüyünü bildirsə də, ona kömək olunmamışdır. Buna baxmayaraq o,16000 manata qarşı 14000 manat plan yığmışdır. Hesab edir ki, qalıq planın yığılmamasına görə onu işdən çıxarmalı deyildilər, ən azından iş fəaliyyətini nəzərə almalı idilər. İdarədə iş şəraiti yoxdur. Deyilənə görə guya planı Xaçmaz RQİİ göndərir. Onun barəsində töhmət də haqsız verilmiş, maaşından ¼ hissə də haqsız tutulmuş, vəzifə təlimatında nəzərdə tutulmayan işləri görmədiyinə görə cəzalandırılmış, izahatlarında da buna etirazını bildirmişdir. O, X3 iclasları barədə iki dəfə şifahi məlumatlandırılmış, üçüncü dəfə iclasda iştirak etmişdir. İclasda o, iradlara öz etirazımı bildirmişdir. O, yalnız qaz xəttində sızma olanda nəzarət etməlidir və dəfələrlə də bu kimi neqativ halların qarşısını almışdır. Onunla 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 62/03 saylı əlavə və 62/07 saylı dəyişikliyi o, imzalamışdır, amma ona nəyə imza etdiyini izah etməmişlər və o, nəyi imzaladığını bilməmişdir. 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 62/03 saylı əlavə və 62/07 saylı dəyişiklik ona təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “SOCAR” Cavabdeh İB-nin X9 İstismarı İdarəsinin nümayəndəsi X6 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçıya işdə yol verdiyi nöqsanlara görə birinci dəfə töhmət verilib, sonra əmək haqqısının ¼ hissəsi tutulmuş, daha sonra X3 iclası olmuş və iddiaçı işdən çıxarılmışdır. İddiaçı təkcə texniki baxışlarda problemlər olduğuna görə işdən çıxarılmamışdır. Xidməti yazılarda 21 abonentdə nöqsanlar aşkar edilib. Əlavə qaz sərfiyyatı, sayğacların üzərində qaz qalıqları halları müəyyən olunmuşdur. İddiaçı ilə 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 62/03 saylı əlavə və 62/07 saylı dəyişiklik edilmiş və iddiaçı özü həmin əlavə və dəyişikliyi imzalamışdır. Həmin əlavə və dəyişikliyə görə iddiaçının vəzifə borcuna təkcə qaz sayğaclarının texniki baxışına nəzarət edilməsi deyil, digər vəzifələr də daxildir. İddiaçı da əmək müqaviləsinə əlavə və dəyişiklikdə qeyd olunan vəzifə borcunu yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. Qeyd olunan əmək müqaviləsinə əlavə və dəyişikliyin, təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatının, xidməti yazının, iltizamın surətlərini məhkəməyə təqdim etmişdir. 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 62/03 saylı əlavə və 62/07 saylı dəyişikliyin qeydə alındığı əmr qeydiyyat kitabınında vardır, həmçinin əsasnamələrdə və təlimatlarda dəyişikliklərin edilməsi barədə 30.11.2016-cı il tarixli əmr var, amma 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 62/03 saylı əlavə və 62/07 saylı dəyişikliyin iddiaçıya təqdim edilməsinə dair sənədlər yoxdur. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 17.12.2014-cü il tarixli 62 nömrəli əmək müqaviləsinin 3.1-ci maddəsinə əsasən işçinin əmək funksiyalarına xidmət etdiyi ərazidə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin bağlanması məqsədi ilə müqavilənin istehlakçı tərəfindən imzalanmasını təmin edərək bir nüsxəsini istehlakçıda saxlamaqla digər nüsxəsinin işlədiyi xidmət sahəsinə təqdim edilməsi, bağlanmış müqavilə əsasında əhali və qeyri-əhali istehlakçılarının təbii qazla təmin edilməsinə nəzarət edilməsi, rəhbərindən təsdiq olunmuş qrafikə uyğun olaraq öz xidməti ərazisində təbii qazla təmin olunmuş əhali və qeyri-əhali abonentlərin qaz təsərrüfatına ayda bir dəfədən az olmayaraq profilaktik texniki baxışın keçirilməsi, istismarda olan daxili qaz kəmərlərinin və cihazların kipliyə yoxlanılma olunmuş çatışmamazlıqlar və görülmüş tədbirlər barədə bir nüsxəsi abonentə təqdim edilməklə müvafiq aktların tərtib edilərək xüsusi jurnallarda və abonent kitabçalarında qeydlərinin aparılması, yaşayış evlərində, çoxmərtəbəli yaşayış binalarında daxili qaz avadanlıqlarına texniki baxışın və ev daxili qaz cihazlarının təhlükəsiz istifadə qaydalarına dair bütün əhali və qeyri-əhali abonentlərə il ərzində iki dəfədən az olmayaraq təlimatın keçirilməsi, bu barədə nəzarət kitabçalarında və xüsusi jurnalda müvafiq qeydlərin aparılması, bütün əhali və qeyri-əhali abonentlərin sifarişləri əsasında növbədənkənar texniki xidmətin keçirilməsi, qaz sızması ilə əlaqədar sifarişlərin dərhal yerinə yetirilməsi, aşkar edilmiş nöqsan görülmüş tədbirlər barədə çağırış vərəqələrində qeydlərin aparılması; texniki baxışın və profilaktik xidmətin keçirilməsi zamanı “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nda və birlik üzrə təsdiq olunmuş “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmətin keçirilməsi haqqında təlimatda nəzərdə tutulmuş öz səlahiyyətlərinə aid işlərin görülməsi, texniki baxış keçirildiyi ünvanlarda qoşulma nöqtəsindən başlayaraq mənzilə və mənzildaxili qaz xətlərinə, onların üzərindəki avadanlıqlara, qaz sayğaclarını ayıcı armaturlara, bütün yivli və qaynaq birləşmələrinə texniki baxışın keçirilməsi, kipliyə yoxlanılması, tüstü və ventilyasiya bacalarının sabit vəziyyətdə olmasına nəzarət edilməsi göstərilmişdir. Müqavilənin 8.3-cü bəndində qeyd olunmuşdur ki, əmək müqaviləsinə razılaşdırılmış dəyişikliklər və əlavələr dərhal qüvvəyə minir və bu əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İş materiallarında olan 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 06.12.2016-cı il tarixli 62/03 saylı əlavədə işçinin əmək funksiyaları aşağıdakı kimi göstərilmişdir: Müəssisə daxili nizam-intizam qaydalarına əməl etmək, xidmət etdiyi ərazidə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə müqavilə"nin bağlanması məqsədi ilə müqavilənin istehlakçı tərəfindən imzalanmasını təmin edərək bir nüsxəsini istehlakçıda saxlamaqla digər nüsxəsinin işlədiyi xidmət sahəsinə təqdim edilməsi; bağlanmış müqavilələr əsasında əhali və qeyri-əhali istehlakçılarının təbii qazla təmin edilməsinə nəzarət edilməsi; qaz sızması aşkar edildikdə qaz cihazları və digər avadanlıqlarda təmir-bərpa işlərinin aparılması, sızmanın qarşısının alınması mümkün olmadıqda və ya ehtiyat hissələri olmadıqda plomb və tıxac vurulmaqla qaz verilməsinin dayandırılması, akt tərtib edilməklə abonentə xəbərdarlıq edilməsi və qaz istismarı sahəsinə rəsmi məlumat verilməsi, bütün əhali abonentlərin mənzillərindən ayda bir dəfə olaraq sayğac göstəricilərinin çıxarılmasını əl terminalı vasitəsilə işləyərək xidmət rəisinə təqdim edilməsi, smart tipli sayğaclara qazdan istifadə edən əhali abonentinə sayğacın göstərişlərinin qeydiyyatını aparmaq və nəzarət etmək: bildirişlərin vaxtlıvaxtında əhali və qeyri-əhali abonentlərə təqdim edilməsi, istifadə olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin edilməsi, müqaviləyə əsasən bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyərinin ödənilmədiyi təqdirdə abonentlərə verilən qaz təminatının akt əsasında dayandırılması: məişətdə. sənayedə təbii qazdan iqtisadi cəhətdən səmərəli istifadə edilməsi, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət edilməsi. Aşağıdakı hallarda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi: a) İdarənin rəsmi razılığı olmadan bütün əhali və qeyri-əhali abonentləri tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi hallara yol verilməməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə: b) mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal qaz təminatını dayandırdıqda; d) təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına rast gələn zaman qaz verilməsini dayandırdıqda: e) xidmət etdiyi sahədə qaz sızması, zədələnmə halları və mühafizə zonasında müxtəlif pozuntular aşkar edildikdə: ə) Smart tipli sayğaclarda qazdan istifadə edən əhali abonentlərinin sayğaclarında hər hansı qüsur aşkar edildikdə: 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 06.12.2016-cı il tarixli 62/03 saylı əlavədə tərəflərin razılaşdırıldırdıqları dəyişikliklər və əlavələrin 01.06.2016-cı il tarixdən qüvvəyə mindiyi və əmək müqaviləsinin tərkib hissəsini təşkil etdiyi göstərilmişdir. İş materiallarında olan 30.11.2016-cı il tarixli “Əsasnamələrdə və təlimatlarda dəyişikliklərin edilməsi barədə əmrdən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə qaydalarında dəyişikliklər edilməsi barədə 29.04.2016-cı il tarixli 180 saylı qərarının 10-cu bəndinə əsasən məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrinə həvalə edilmişdir. Qeyd edilən dəyişikliklərdən sonra məişət qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış işlərinin aparılmasının 01.06.2016-cı il tarixdən etibarən "Azəriqaz” İB-nın səlahiyyətlərinə aid edilmədiyini nəzərə alaraq X9 istismarı idarəsinin iqtisadiyyat və uçot şöbəsinə 01 06.2016-cı il tarixdən təbii qazın qəbulu və satışı xidmətlərinin əsasnamə və vəzifə təlimatlarında müvafiq «dəyişikliklər edilməsini və xidmətin işçilərinə yeni vəzifə təlimatlarının verilməsinin təmin edilməsi, kadrlar şöbəsinə müvafiq işçilərin əmək müqaviləsinə dəyişiklik edilməsinin və elektron hökumət portalına işlənməsini həyata keçirmək tapşırılmışdır. İş materiallarında olan Həmkarlar Təşkilatının 17.03.2021-ci il tarixli 11 saylı protokolunda İddiaçı sayğacdan kənar qaz xətti ilə təbii qazdan qanunsuz istifadə edilməsi halını vaxtında aşkar etmədiyi, qaz oğurluğuna şərait yaradan boru sonluqlarının ləğv edilməsi üçün zəruri tədbirləri həyata keçirmədiyi göstərilmişdir. Protokola əsasən araşdırma zamanı İddiaçı xidməti fəaliyyətində qeyd edilmiş intizam xətasının aşkar edildiyi vaxt ona analoci intizam xətasına görə əvvəllər verilmiş "aylıq əmək haqqının 4/1 hissəsi məbləğindən çox olmamaq şərti ilə cərimə etmək” intizam tənbehinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən qüvvədə olduğu müəyyən edilmişdir. Xaçmaz RQİİ-nin Quba rayonu üzrə TQQ və SX-nin QAİT çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-cı maddəsinin ”ç” bəndi ilə xitam verilməsindən ötrü müvafiq razılığın alınması üçün barəsində toplanılmış sənədlərin Həmkarlar Təşkilatına göndərilməsi məqsədə uyğun hesab edilmişdir. 12 fevral 2021-ci il tarixdə təqdimata idarə Həmkarlar Təşkilatının yığıncağında baxılmış, İddiaçı işində dönüş yaratmaq və yol verdiyi nöqsanları aradan qaldırmaq üçün bır ay vaxt verilmişdir. Lakin bu müddət ərzində Ü,Beycanov xidməti fəaliyyətində dönüş yaratmamış, əksinə onun xidmət apardığı xidməti əraziyə baxış keçirilərkən yeni nöqsanlar aşkar edilmişdir. Belə ki, Xaçmaz RQİİ-nin İSQN şöbəsinin və Qazın balansı və satışı şöbəsinin müvafiq ərazidə apardığı yoxlama zamanı 20 ədəd sayğacın sərfiyyat göstəricilərinin AGİS Proqramındakı göstəricilərdən az olduğu aşkarlanmışdır Bundan başqa Ü.Becanovun xidməti ərazisindəki abonentlərin debitor borcunun son bır ay ərzində 7800 manat artdığı, müvafiq ərazidəki abonentlərə fevral ayı ərzində 16912.40 manat məbləğində təbii qazın satıldığı, bundan yalnız 13668,90 manat məbləğinin ödətdirilməsinin təmin edildiyi göstərilmişdir. Buna görə də, Xaçmaz RQİİ-nin X5 heyətinin iclası qərara almışdır ki, Quba rayonu üzrə TQQ və SX-nin qaz avadanlıqlarının İstismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İBnin X9 İstismarı İdarəsinin 17.03.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, müqaviləyə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsi, işçiyə istifadə etmədiyi məzuniyyətə görə 5.13000 təqvim gününün pul əvəzi ödənilmişdir. Əmrdən müəyyən olunur ki, Xaçmaz RQİİ-nin hüquq şöbəsinin 12.03.2021-ci il tarixli rəyi, Xaçmaz RQİİ-nin HT İdarə heyətinin 17.03.2021-ci il tarixli iclasının 11 saylı protokolu və Xaçmaz RQİİ-nin Həmkarlar Təşkilatının 17.03.2021-ci il tarixli 18 nömrəli razılıq məktubu, idarənin 17.03.2021-ci il tarixli SOCAR**********00040020A00127 nömrəli əmri və digər sənədlər əmrin verilməsi üçün əsas hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması;ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi;) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

3. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.

4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. İİ. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İİİ. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İV. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. V. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Vİ. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilirki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq İş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işə götürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72ci maddəsində açıqlanmışlar. Həmin maddənin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işəgəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı 17.12.2014-cü il tarixdən ARDNŞ Cavabdeh İB X9 İstismarı İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X9 İstismarı İdarəsinin 17 mart 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş müəssisənin HT İdarə heyətinin 17.03.2021-ci il tarixli iclasının 11 saylı protokolunda iddiaçının dəfələrlə sayğacdan kənar qaz xətti ilə təbii qazdan qanunsuz istifadə edilməsi halını vaxtında aşkar etmədiyi, qaz oğurluğuna şərait yaradan boru sonluqlarının ləğv edilməsi üçün zəruri tədbirləri həyata keçirmədiyi, ona analoci intizam xətasına görə əvvəllər verilmiş "aylıq əmək haqqının 4/1 məbləğindən çox olmamaq şərti ilə cərimə etmək” intizam tənbehinin qüvvədə olduğu vaxt yenidən həmin xətalara yol verdiyi, həmçinin Xaçmaz RQİİ-nin İSQN şöbəsinin və Qazın balansı və satışı şöbəsinin iddiaçının xidmət etdiyi ərazidə apardığı yoxlama zamanı 20 ədəd sayğacın sərfiyyat göstəricilərinin AGİS Proqramındakı göstəricilərdən az olduğunun aşkarlandığı, bundan əlavə Ü.Becanovun xidməti ərazisindəki abonentlərin debitor borcunun son bır ay ərzində 7800 manat artdığı, müvafiq ərazidəki abonentlərə fevral ayı ərzində 16912.40 manat məbləğində təbii qazın satıldığı, bundan yalnız 13668,90 manat məbləğinin ödətdirilməsinin təmin edildiyi göstərilmişdir. Məhz qeyd edilən hallar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsində işçinin əmək funksiyasına sayğacdan kənar qaz xətti ilə təbii qazdan qanunsuz istifadə edilməsi halını vaxtında aşkar etmək, həmçinin, sayğacın sərfiyyat göstəricilərinə nəzarət etmək, abonentlərdən borcun tutulmasının təmin edilməsi vəzifələri daxil edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 qeyd edilən vəzifələrin tərəflər arasında bağlanmış 62/03 saylı əlavədə göstərildiyini və əmək müqaviləsinə əlavənin həm işçi, həm də işəgötürən tərəfdən imzalanmaqla razılaşdırıldığını göstərmişdir. İddiaçı özü isə məhkəmə iclasında həmin əlavənin ona mətni tanış edilmədən imza etdirildiyini, əlavənin bir nüsxəsinin ona təqdim edilmədiyini göstərmişdir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 17.12.2014-cü il tarixdə bağlanmış 62 nömrəli əmək müqaviləsinə 06.12.2016-cı il tarixli 62/03 saylı əlavəni və həmin əlavənin qeydə alındığı qeydiyyat kitabçasını araşdırarkən sənədin tərtib edilməsində çoxsaylı nöqsanlara yol verildiyini, əmək müqaviləsinə əlavənin hansı vaxtdan qüvvəyə minməsinin qeyrimüəyyən olduğunu, həmçinin, qeydiyyat kitabçasında həmin əlavənin qeydiyyatı tarixi ilə sənədin tarixində uyğunsuzluq olduğunu müəyyən etmişdir. Belə ki, 06.12.2016-cı il tarixli 62/03 saylı əlavədə tərəflərin razılaşdırıldırdıqları dəyişikliklər və əlavələrin 01.06.2016-cı il tarixdən qüvvəyə mindiyi və əmək müqaviləsinin tərkib hissəsini təşkil etdiyi göstərilir. Həmçinin əmək müqaviləsinə əlavə 01.06.2016-cı il tarixdə imzalanmış, lakin qeydiyyat kitabçasında həmin müqavilənin tarixi 30.11.2016-cı il tarixi göstərilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə tərəflər arasında bağlanmış istənilən əqdin və müqavilənin özündən əvvəlki münasibətlərə tətbiq edilməsi imkanı nəzərdə tutulmamışdır və yenicə imzalanmış bir sənədin özündən 6 ay əvvəl qüvvəyə minməsinin göstərilməsi hüquq münasibətlərinin tənzimlənməsi baxımından anlaşılmazdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavənin həm də mülki hüquq münasibətlərində iki tərəfli əqd hesab edildiyini nəzərə alsaq, tərəflər arasında bağlanmış 06.12.2016-cı il tarixli 62/03 saylı əmək müqaviləsinə əlavənin yalnız işçiyə imzalatdırılmış formal bir müqavilə olduğu, həmin sənədin müqaviləyə uyğun hüquqi nəticələr yaratmadığı müəyyən edilir. «Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir». Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Hər bir əqd iradəvi akt kimi bir sıra psixoloci amillərlə bağlıdır. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsidir. Belə məqsədlərə nail olmaq istəyən şəxsdə daxili bir istək, məqsəd yaranır ki, buna daxili iradə deyirlər. Bu iradəni gerçəkləşdirmək üçün onu ətrafdakılara bəyan etmək lazımdır ki, buna iradənin ifadəsi deyilir. Buna görə də iradə və iradə ifadəsi bir birinə tam uyğun olmalı, şəxsin iradəsi olduğu kimi düzgün ifadə edilməlidir. Şəxs arzuladığı məqsədə nail olmaq üçün bağlamaq istədiyi əqdin onun iradəsinə uyğun olub olmamasmı aydmlaşdırmalı, əqdin məzmunu barədə məlumata malik olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna iradə ifadəsi deyilir. Demək, əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi -iradə ifadəsini özündə birləşdirir. Hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində əqdlərə aydınlıq və dəqiqlik gətirilir. İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir: 1) daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasmı başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir. 2) iradə ifadəsinin daxili iradənin düzgün əks etdirməməsi. Əqdin əsası həyata keçirilə bilən və qanuni olmalıdır. Əgər bağlanan vaxt əqdin məqsədi həyata keçirilə bilən deyildirsə, onda o, hüquqi əhəmiyyət kəsb etmir. Hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanan əqd etibarsızdır. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir: daxili iradənin deyil, yalnız iradə ifadəsinin mövcudluğu. Bunlara zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin mənasmı başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin bağladıqları əqdlər aiddir. iradə ifadəsinin daxili iradənin düzgün əks etdirmərnəsi. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfın iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Qeyd edilənlər tərəflər arasında bağlanmış 06.12.2016-cı il tarixli 62/03 saylı əmək müqaviləsinə əlavənin hüquqi nəticələr yaratmadığını və bağlandığı andan etibarsız əqd olduğunu deməyə əsas verir. Bu halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X9 İstismarı İdarəsi tərəfindən İddiaçı tərəflər arasında bağlanmış 17.12.2014-cü il tarixli 62 nömrəli əmək müqaviləsində işçinin əmək funksiyalarına aid edilməyən vəzifələrin icra edilməməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmiş, bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifələridir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X2 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X9 İstismarı İdarəsinin 17.03.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri qanunsuz hesab edilməklə ləğv edilməli, İddiaçı ARDNŞ Cavabdeh İB X9 İstismarı İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə bərpa olunmaqla 17.03.2021-ci il tarixdən məcburi iş buraxmaya görə iddiaçının əmək haqqı ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin X9 İstismarı İdarəsinin 17.03.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri qanunsuz hesab edilsin və ləğv edilsin. İddiaçı ARDNŞ Cavabdeh İB X9 İstismarı İdarəsinin Quba rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə bərpa olunsun və 17.03.2021-ci il tarixdən məcburi iş buraxmaya görə iddiaçının əmək haqqı ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar