Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-132/2023 13.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yuriy oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yuriy oğluna və Cavabdeh3 qarşı evdən çıxarma tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və azyaşlı övladları Cavabdeh3 əmlakları ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılması babarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın 01 noyabr 2012-ci il tarixli ******* saylı Xaçmaz ravon Notariat Kontoru tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsini əsasən Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 53 mənzil 3-də yerləşən yaşayış evi ona satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 40.5 kv.metr olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28.3 saylı mənzil onun tam mülkiyyətindədir. Cavabdehlər bir müddət əvvəl qonaq adı ilə gəlib evində qalaraq, qeyri qanuni məskunlaşmışdır. Hal-hazırda onlara evindən çıxmağı, evi boşaltmağı bildirsə də, cavabdehlər buna məhəl qoymurlar. Bu səbəbdən də əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, Daşınmaz Əmlakın 01 noyabr 2012-ci il tarixli ******* saylı Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Xaçmaz şəhəri, Vağzal küçəsi ev 53, mənzil 3-də yerləşən yaşayış evi iddiaçıya satılmışdır. DƏDRX-nin 5 saylı Ərazi İdarəsininin xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 40.5 kv.metr olan Xaçmaz şəhəri, Vağzal küçəsi ev 53, mənzil 3-də yerləşən yaşayış evi iddiaçının tam mülkiyyətindədir. Cavabdehlər iddiaçının evinə bir müddət əvvəl qonaq kimi gəlib, qeyriqanuni məskunlaşmışlar. Dəfələrlə cavabdehlərdən evdən çıxmağı, evi boşaldılmasını söyləsə də, cavabdehlər buna məhəl qoymamışlar. Cavabdehlər Cavabdeh1 və onun övladı Cavabdeh3 iddiaçının mənzilində yaşama səbəbindən əmlakı üzərində mülkiyyətini tam reallaşdıra bilmir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yuriy oğlunın və Cavabdeh3 iddiaçının mülkiiyyətində olan evdən çıxarılmasını xahiş edirik. AR-nın Mənzil Məcəlləsinin 30.1 maddəsində qeyd olunur ki, Yaşayış sahəsi mülkiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2 maddəsində yaşayış sahəsi mülkiyyətçinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn həyatə keçirilməsi şəkli nəzərdə tutulmuşdur. Beləliklə, cavabdehlər hal-hazırda qanuna zidd həmin evdə yaşamaqdadırlar. Həmçinin iddiaçı daha əvvəl o evdə yaşamışdır. Xahişi odur ki, Cavabdeh1, Cavabdeh2 Yuriy oğlunın və Cavabdeh3 əmlakları ilə iddiaçının mülkiyyətində olan Xaçmaz şəhəri, Vağzal küçəsi ev 28, mənzil 3-də yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilsin. Məhkəmə iсlasında сavabdeh Cavabdeh1 (eyni zamanda Kamalova Ceyhun qızının qanuni nümayəndəsi) iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o və ailəsi həmin evdə qeydiyyatdadırlar. Qaynanasından xahiş eləmişlər ki, evdə qeydiyyata düşürlərsə, sənədləri göstərsin. Qaynanası demişdir ki, onun vaxtı yoxdur və üstəlik ev sənədləşdirilməyib. Qarşı tərəf sənədlərlə onlara sübut etsin. O, heç bir şəkildə o evdən çıxan deyil və evi də satılmağına icazə verən deyil. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iсlasında сavabdeh Cavabdeh2 Yuriy oğlu izahatında göstərmişdir ki, iddianı qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri, Vağzal küçəsi ev 28, mənzil 3-də yerləşən yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, 5 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı Xaçmaz şəhəri, Vağzal küçəsi ev 28, mənzil 3-də yerləşən yaşayış evini X1 2012-ci ildə 10.000 maat satın almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci bəndinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Plenum qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən “istifadə hüququ”nun hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Mülki Məcəlləsinin 255.1.-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Məcəlləsinin 255.2.-ci maddəsinə əsasən Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Mülki Məcəlləsinin 255.7.-ci maddəsinə əsasən servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Mülki Məcəlləsinin 255.8.-ci maddəsinə əsasən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. İşin hallarından müəyyən olunur ki, iddiaçı hal hazırda mübahisə predmeti olan evin qanuni sahibidir (mülkiyyətçisidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə istinadla qeyd etmişdir ki, cavabdehlər iddiaçının ailə üzvü və digər qohumu olmadığından, onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, cavabdehlər mübahisəli evdə heç bir hüquqi əsas olmadan yaşadığından iddia əsaslıdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh1 digər dəlili- 20000 manat pul kompensasiya verilməsi qarşılığında mənzildən çıxacağına qiymət verərək qeyd etmişdir ki, hazırda cavabdehin mübahisəli mənzilə hər hansı hüququ olmadığından onun kompensasiya tələb etmək hüququ da olmamışdır. Cavabdehin iddiaçıdan kompensasiya tələb etmək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia isə yalnız mülkiyyətçi tərəfindən qaldırıla bilər. İddia tələbi cavabdehlərin iddiaçının mənzilindən çıxarılması barədədir. Bu halda iddia tələbi Mülki Məcəllənin 152.5-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinin işığında təhlil olunmalıdır. İddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə etməsinə yol verməmək ixtiyarı vardır. Lakin mülkiyyətçinin bu hüququ, mülkiyyətçi üçün qanunla və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə mümkündür. Məhkəmə Cavabdeh1 mənzildə daimi qeydiyyatda olması barədə dəlilini də iddianının rədd olunması üçün əsas saymır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli Qərarında qeydiyyatın hüquqi nəticələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi, mənzildə qeydiyyatın olması, həmin şəxsin mənzildən istifadə hüququnun yaranmasına əsas hesab olunmur. Buna görə də məhkəmə Cavabdeh1 mənzildən istifadə hüququnun olmadığı barədə düzgün nəticəyə gəlmişdir. İşin halları onu deməyə əsas verir ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan suiistifadə ilə əlaqədar deyildir. Mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu fakt Mülki Məcəllənin 140-cı maddəsində müəyyən olunmuş hüquqi nəticəni törədir. Yəni bu qeydiyyat əsasında, mübahisəli mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır. İddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehlərin çıxarılması barədədir. cavabdehlər də iddiaçının mülkiyyətində olan evdən qanunsuz istifadə edirlər. İddiaçı cavabdehlərin mübahisəli mənzildə yaşamasına etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdehlər mənzili boşaltmadıqlarından, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yuriy oğlu və Cavabdeh3 əmlakları ilə İddiaçı məxsus olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28, mənzil 3-də yerləşən yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-132/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-132/2023
13.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver