Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1332/2023 21.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 8000 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 Xaçmaz şəhəri, N.Nərimanov küçəsində dəmir yol vağzalının yaxınlığında yerləşən ət satışı mağazasında qəssab işləyir. Bir neçə il bundan əvvəl söhbət əsnasında ona demişdir ki, birlikdə iri buynuzlu heyvan alıb, Bakı şəhərinə aparıb satmaqla məşğul olsunlar. O da razılaşmış və Rövşən demişdir ki, Füzuli adlı qəssab tanışı var, o, bu işləri daha yaxşı bacarır, birlikdə şərik işləsinlər. Digər cavabdeh X10 ilə birlikdə şərik işləməyə razılaşmışlar. İş görmək üçün onlara 1000 manat pul vermiş, onlar iri buynuzlu heyvan alıb sataraq ona 1200 manat pul qaytarmışlar və onu şirnikləndirmişlər. Sonra onların təklifi ilə mal-qara almaq üçün 1700 və 1200 manat pul vermiş və iki dənə iri buynuzlu heyvan almışlar. Göstərilən pulu şəxsən o vermişdir. Bundan sonra da 1000 manata daha bir heyvan almışlar. Həmin heyvanların üçünü də kirayə götürdükləri fermaya aparmışlar. Bir həftədən sonra Füzuli ona demişdir ki, mal tapmışdır, pul lazımdır, lakin pul tapa bilmirlər. Onun da pulu olmadığı üçün 4650 manat kredit götürmüş və həmin pulun 4200 manatını Rövşənə vermiş və ona tapşırmışdır ki, Füzuliyə inanmadığım üçün onun yanında olsun. Sonradan Rövşənə zəng etmiş ona demişdir ki, o özü kəsmək üçün mal-qara tapmışdır, pulu Füzuliyə vermişdir. Füzuli ilə əlaqə saxlamış, ona demişdir ki, iki dənə yeni balalı 4600 manata iri buynuzlu heyvan almış, müalicə edib onları 5600 manata satacaqdır, ona çatası pulu verəcək. Lakin pulu verməmişdir. Təklif etmişdir ki, Nabranda xırda dırnaq heyvan alveri ilə məşğul olsunlar və belə qərara gəlmişlər ki, o Nabran kəndində xırda buynuzlu heyvan alıb satacaq, pul qazanacaqlar, yaxud da ondan aldıqları pulu özünə qaytaracaqlar. Lakin cavabdehlər vədlərinə əməl etməmişlər, nə pulunu, nədə ki heyvanını qaytarmamışlar. Cavabdehlər ümumilikdə ondan 8000 manat pul alçışlar və həmin pulu qaytarmaqdan yayınırlar. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər demişlər şərik ət alıb satacaqlar. Bir gün Fizuli gəlib demişdir ki, qəssabdır, mal alıb Bakıda diri satsalar, 10-15 min pul olsa hər kilosunda pul qazana bilərlər. O, böyük məbləğdə pulu olmadığını bildirmişdir. Sonra Fizuli dedi 1100 manata inək var indi Rövşənlə gedirlər. İnəyi 1300 manata satıb ona vermişlər. Bu cür onu şirnikləndirmişlər. 3 inəkləri var idi, Rövşən də bilir, baxırdılar. Demişdir ki, “qoyuna işləyək, pul lazımdır, anasının 72 yaşı var, ona kredit vermirlər, ala bilirsənsə sən kredit al, ayda 500-600 manat verərəm”. Bundan sonra o özünün və arvadının adına 4600 manat kredit almışdır. 4200 manat pulu Rövşənə vermişdir. Ondan əvvəl 3900 manata onun verdiyi pul ilə 3 inək almışdı. Hamısı onun pulu idi. 3900 manat pulu, yəni 1000 manat, 1200 manat və 1700 manat pulu xırda-xırda mal almaq üçün Fizuliyə vermişdir. Məhkəmə iclasında Cavabdeh1 özünə münasibətdə iddianı qəbul etməyərək, təmin olunmasına etiraz etmişdir. Əlavə olaraq bildirmişdir ki, Eldar ona zəng edib demişdir ki, 4200 manat pul verir, həmin pulu Fizuliyə verər. 15 dəqiqə sonra Fizuli gəlib pulu ondan götürmüşdür. Eldar iş görmək istəmişdir, o da demişdir ki, Fizuli pul olsa işləyir. Eldar gedib evdə oturmuş, Fizuli ilə mal alıb saxlamışlar, onun puldan xəbəri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. 02 iyun 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş X10 izahatında bildirmişdir ki, həqiqət də iddiaçı ilə iş görmək üçün pul alıb. 4200 manatı Rövşən vasitəsilə alıb, qalan pulu isə iddiaçının özündən almışdır. Amma o həmin pulu qaytarmışdır. iddiaçı Rövşən vasitəsilə 4200 manat, qalan 3900 manat pulu isə hissə-hissə 1000 manat, 1200 manat və 1700 manatı müxtəlif vaxtlarda onun özünə vermişdir. Həmin pulları iddiaçıya hissə-hissə qaytarmışdır. Pulların qaytarmasına dair hər hansı bir sübutu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı Mirzə X1 Füzuli Alim oğlu ilə birgə iş görmək məqsədilə 2019-cu ildə sonuncuya 4200 manat pulu Cavabdeh1 vasitəsilə,qalan 3900 manat pulu isə həmin ildə hissə-hissə müxtəli vaxtlarda 1000, 1200 və 1700 manatı iddiaçının özünə verib, sözügedən məbləği daha sonra iddiaçıya qaytardığını bildirsə də, buna dair heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Məhkəmə hesab edir ki, cavabdeh X11 fasiləsiz audio-video yazı ilə aparılan məhkəmə iclasında iddiaçıdan tələb olunan pul məbləği almasını etiraf etdiyindən, iddiaçı tələbini sübut etmək vəzifəsindən azad olunmuş olur. Bundan başqa, cavabdeh X10 pul məbləğini iddiaçıya qaytardığını bildirsə də, iddiaçı isə bu faktı təsdiq etməmişdir. Cavabdeh buna dair məhkəməyə heç bir subut təqdim etmədiyindən, mülki prosessual qanunvericiliyinə əsasən məhkəmə sübutetmə yükünün cavabdehin üzərinə düşməsini nəzərə alaraq, izahatına tənqidi yanaşır və özünümüdafiə xarakterli izahat kimi qiymətləndirir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçı X2nun X7 qarşı irəli sürdüyü iddia tələbi tam təmin edilməli, Cavabdeh1 münasibətdə isə sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 8000 manat məbləğində pul və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1332/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1332/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver