Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-138/2021 08.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz və əsassız zəbt edilmiş Xaçmaz rayon Uzun-oba bələdiyyəsi tərəfindən 29.12.2019-cu il tarixli icarə müqaviləsi ilə icarəsinə verilmiş Xaçmaz rayonunun Krasnı Xutor kəndində yerləşən 1,9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, həmçinin rüsum kimi ödədiyi 30 manat və hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayon Uzun-oba bələdiyyəsi ilə 29.12.2019-cu il tarixdə bağladığı icarə müqaviləsinə əsasən Xaçmaz rayonunun Krasnı Xutor kəndində yerləşən 1,9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 49 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsini cavabdehlər özbaşına zəbt edərək istifadə edirlər. Bunun nəticəsində o, icarəyə götürdüyü torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlərdən dəfələrlə torpaq sahəsindən çıxmalarını xahiş etsə də, onlar bundan imtina edirlər. Ona görə məhkəmədə iddia qaldırmış və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04.08.2021-ci il tarixli 10/3337 saylı ekspert rəyinə etiraz etmədiyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. 28.09.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyildir. O, Xaçmaz rayon Uzunoba bələdiyyəsindən icarəyə götürdüyü 80 sot torpaq sahəsindən istifadə edir. İddiaçının icarəyə götürdüyü torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsi ilə eynidir. Amma həmin torpaq sahəsindən o, uzun müddətdir ki, istifadə edir. Ona görə hesab edir ki, həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. İddiaçıya torpaq sahəsinin icrarəyə verilməsini isə əsassız hesab edir, çünki həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. 28.09.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyildir. O, Xaçmaz rayon Uzunoba bələdiyyəsindən icarəyə götürdüyü 80 sot torpaq sahəsindən istifadə edir. İddiaçının icarəyə götürdüyü torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsi ilə eynidir. Amma həmin torpaq sahəsindən o, uzun müddətdir ki, istifadə edir. Ona görə hesab edir ki, həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. İddiaçıya torpaq sahəsinin icrarəyə verilməsini isə əsassız hesab edir, çünki həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Hazırda keçirilən məhkəmə iclasında iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasına dair məhkəməyə teleqram göndərmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 22.06.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon Uzun-oba kəndində yaşayır. İş materiallarında olan 29.12.2019-cu il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, Xaçmaz rayon Uzun-oba bələdiyyəsi tərəfindən İddiaçı 29.12.2068-ci il tarixədək müddətə Xaçmaz rayonunun Krasnı Xutor kəndində yerləşən 1,9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04.08.2021-ci il tarixli 10/3337 saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin” Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəsəssis rəyinə əsasən Xaçmaz rayon Uzun-oba bələdiyyəsi tərəfindən İddiaçı 29.12.2068-ci ilədək icarəyə verilmiş Xaçmaz rayonunun Krasnı Xutor kəndində yerləşən 1,9 ha kənd təsərrüfatı təyinatlı torpaq səhəsinin şimalşərq istiqamətindən 0.8438 ha hissəsi Cavabdeh1 tərəfindən, qərb istiqamətindən isə 0.2480 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin” Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəsəssis rəyinə əsasən Xaçmaz rayon Uzun-oba bələdiyyəsi tərəfindən İddiaçı 29.12.2068-ci il tarixədək icarəyə verilmiş Xaçmaz rayonunun Krasnı Xutor kəndində yerləşən 1,9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikililər inşa edilməmişdir. İş materiallarında olan 04.08.2021-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat müəyyən edilmişdir. İş materiallarında olan 11.06.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Şahov X2 rayon Uzun-oba bələdiyyəsi tərəfindən İddiaçı 29.12.2068-ci ilədək icarəyə verilmiş Xaçmaz rayonunun Krasnı Xutor kəndində yerləşən 1,9 ha kənd təsərrüfatı təyinatlı torpaq səhəsinin şimal-şərq istiqamətində 0.8438 ha hissəsindən, Cavabdeh2 isə həmin torpaq sahəsinin qərb istiqamətində 0.2480 ha hissəsindən çıxarılmalıdır. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməli, həmçinin, iddiaçı tərəfindən ödənilmiş 30 (on) manat dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şahov X2 rayon Uzun-oba bələdiyyəsi tərəfindən İddiaçı 29.12.2068-ci ilədək icarəyə verilmiş Xaçmaz rayonunun Krasnı Xutor kəndində yerləşən 1,9 ha kənd təsərrüfatı təyinatlı torpaq səhəsinin şimal-şərq istiqamətində 0.8438 ha hissəsindən, Cavabdeh2 isə həmin torpaq sahəsinin qərb istiqamətində 0.2480 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh1 və İddiaçı müştərək qaydada alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun, rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov
Məhkəmə qərarları › İş №2(067)-138/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-138/2021
08.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver