Məhkəmə qərarları › İş №2(067)-1403/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1403/2022

23.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1403/2022 23.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan - Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 66 saylı evin, 19 saylı mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 66 saylı evin, 19 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adı çəkilən mənzili 07 sentyabr 2020-ci il tarixində X1 almışdır. Cavabdehlərin qeydiyyatının onun mənzilinə olması formal xarakter daşıyır. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, o onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, də cavabdehlərin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, ondan razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması amma onun mənzilində qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər Məhkəmə İddiaçı və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası inzibati orqanın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti struktur bölməsinin üzərinə vəzifə qoyulması ilə bağlıdır və buna görə də, iş üzrə icraata xitam verilməklə, iddiaçıya müvafiq inzibati orqana, inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) isə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin tələbləri baxımından inzibati məhkəmələr inzibati orqanların qanunsuz inzibati aktlarından, hərəkət və hərəkətsizliyindən verilən iddia tələblərinə baxırlar. Vətəndaşın mənzilə istifadə hüquqlarına xitam verilməsi 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi, 2000-ci il tarixli Mülki Məcəllə, 2009-cu il tarixli Mənzil Məcəlləsi ilə tənzimlənir və həmin hüquqlara xitam verilməsi mülki mühakimə icraatı qaydasında həyata keçirilir. Mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı iddia tələblərinə baxılarkən inzibati məhkəmələr tərəfindən vətəndaşın həmin mənzildə istifadə hüququnun olub-olmamasını müəyyən etmək inzibati icraatın predmetinə aid deyil. Çünki vətəndaşın mənzilə pasport qeydiyyatına düşməsinin əsaslarından biri sayılan istifadə hüququnun yaranması və ya itirilməsi mülki hüquq münasibətləri (köhnə Mənzil Məcəlləsinin 62-ci maddəsi, Mülki Məcəllənin 228-ci maddəsi) nəticəsində əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1.-ci maddəsinə müvafiq olaraq, iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə nəzərə alır ki, işin məhkəmədə baxılmalı olmaması iş üzrə icraata xitam verilməsinin əsaslarından biridir. MPM-nin 153.2.1-ci maddəsində qeyd olunur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarılır. İş məhkəmədə baxılmalı deyildirsə, lakin hakim ərizəni qəbul etməkdən imtina etmək əvəzinə səhvən onu icraata qəbul edibsə, bu halda hakim MPM-nin 261.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verməlidir. Yəni bu hal, adətən aidiyyət qaydalarının pozulması ilə bağlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iş üzrə üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, onun qeyd edilən məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etmək, həmin orqanın hərəkətindən (hərəkətsizliyindən), qərarından narazı qaldığı halda aidiyyəti üzrə İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya onun qeyd edilən məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etmək, həmin orqanın hərəkətindən (hərəkətsizliyindən), qərarından narazı qaldığı halda aidiyyəti üzrə İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olduğu izah edilsin. Ödənilmiş 100 manat (Qəbz №-si 885609908, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar