Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1407/2020 08.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı və vəkili X1, Cavabdeh Əfsər oğlunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh Əfsər oğluna qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq onun azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh Əfsər oğluna məxsus Xaçmaz rayonu Ağtala kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehin oğlu Naib Həsənovla xx xxxx 2014-cü il tarixdə el adəti ilə toy edərək ailə qurmuş və cavabdehə məxsus Xaçmaz rayonu Ağtala kəndində yerləşən evə cavabdeh tərəfindən gəlin köçürülmüşdür. Orada yaşadığı dövrdə övladları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. Həyat yoldaşı Naib Həsənov xx.xx.2019-cu ildə xəstəlikdən vəfat etmişdir. Bundan sonra cavabdeh və onun arvadı olan qaynanası ona evdə yaşamağa imkan verməmişlər və hər vasitə ilə onu evdən çıxarmağa salışmışlar. Nəhayət bu ilin aprel ayının 15-də onu körpə uşaqlarla birlikdə döyərək evdən qovmuşlar. Onun körpə uşaqlarla yaşamağa başqa yaşayış yeri yoxdur, ona görə də uşaqlarla birlikdə gəlin gəldiyi cavabdehə məxsus evə köçmək istəyir. Onun bütün cehiz əşyaları və digər avadanlığı, özünün və uşaqlarının paltarları da həmin evdədir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı oğlu Naib Həsənovla xx xxxx 2014-cü il tarixdə ailə qurmuş və mübahisəli evə gəlin köçüb və orada yaşayıb. İddiaçı cavabdehlə mübahisə edərək evdən gedib, o evdən qovulmamışdır. İddiaçı onunla da yola getmir, ona görə də iddiaçının evə köçüb yaşamasını istəmir. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, xx.xx.2017-ci ildə X6 və xx.xx.2018-ci ildə X4 anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarından görünür ki, iddiaçı Naib Həsənovla 2014-cü ildə faktiki ailə quraraq bir yerdə cavabdehə məxsus evdə yaşamağa başlamışlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30-cu maddəsinə (xx.xx.2009-cuiltarixdənqüvvəyəminmiş) müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Beləliklə iddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehə məxsus Xaçmaz rayonu Ağtala kəndində yerləşən yaşayış evinə köçürülməsini xahiş etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həmin ev özbaşına inşa edilmiş və iddiaçı müəyyən müddət həmin evdə yaşamışdır, ona məxsus məişət əşyaları hal-hazırda da həmin evdə yerləşir. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçı cavabdehin oğlu ilə ailə qurduqdan sonra müəyyən müddət həmin evdə yaşamış, hal-hazırda da onlara məxsus əşyalar həmin evdə yerləşir. İddiaçı son dövrlər cavabdehin onun mübahisəli evdə yaşamasına icazə vermədiyini bildirir, oraya köçürülməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olduğundan, cavabdehlərin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh Əfsər oğlunun istifadəsində olan Xaçmaz rayonu Ağtala kəndində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1407/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1407/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver