Məhkəmə qərarları › İş №2(067)-1442/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1442/2021

27.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1442/2021 27.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdə istifadə hüququnun müəyyən edilməsi və evə köçürmə tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Xaçmaz şəhəri, Abbas Səhhət küçəsi, ev 24-də yerləşən 2 mərtəbəli 4 otaqlı evindən onun və himayəsində olan bir azyaşlı uşağının istifadə hüquqlarının müəyyən edilməsi və onu azyaşlı uşağıilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş qaynatasıdır. Cavabdehin oğlu X5 ilə 19.09.2015-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra Cavabdeh razılığı ilə sonuncuya məxsus Xaçmaz şəhəri, Abbas Səhhət küçəsi, ev 24-də yerləşən 2 mərtəbəli 4 otaqlı evə gəlin köçmüşdür. Onun bütün cehiz əmlakları həmin evdədir. Rəsmi nikahlarından 25 fevral 2017-ci il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdır. Uzun müddət uşağı ilə birlikdə gəlin köçdüyü evdə yaşasa da, sonradan cavabdehin oğlu ilə münasibətləri pozulduğundan onlar ayrılmışlar. 2(067)-148/2021 saylı, 26.01.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən 19.09.2015-ci il tarixli rəsmi nikahları ləğv edilmiş və yetkinlik yaşına çatmayan uşaqları onun himayəsində saxlanılmaqla 175 manat alimentin cavabdehin oğlundan alınaraq ona verilməsi qət edilmişdir. Ayrıldıqdan sonra cavabdehin ona qarşı etdikləri hərəkətlər nəticəsində o, azyaşlı uşağı ilə birlikdə mübahisəli evdən çıxmaq məcburiyyətində qalmışlar. Digər yerdə yaşayış yeri olmadığna görə müvəqqəti olaraq valideynlərinə məxsus evdə uşağı ilə birlikdə yaşayır. Onların ailəsi böyük olduğu üçün onun və uşağının orada yaşamağı mümkün deyildir. Bundan sonra da onun ev almağa və yaxud da kirayə tutub evdə yaşamağa maddi imkanı yoxdur. O, himayəsində olan azyaşlı uşağı ilə birlikdə mübahisəli evdə qeydiyyatdadır və onların bu evdə yaşayış hüquqları qaçılmazdır. Onun və azyaşlı uşağının mübahisəli evdə qeydiyyatda olmaqlarına dair Xaçmaz RPŞ və ŞV Bölməsi tərəfindən 06.11.2016-ci il tarixli və 19.03.2018-ci il tarixli, AZE № ******** və AZE №18267708 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxiyyət vəsiqələri verilmişdir. O və uşağı mübahisəli evin rəsmi qeydiyyatda olan ailə üzvləridirlər. Uşağı azyaşlı olduğundan onun qanuni nümayəndəsi olaraq məhkəmədə hüquq və mənafeylərini o özü müdafiə etmişdir. Ona görə də hazırki iddia tələbi ilə onların da istifadə hüququnun tanınması və evə köçürmə tələbini iddia predmeti kimi göstərmişdir. Mübahisəli evin kimin adına olub-olmaması barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən məhkəmənin sorğusunun lazım olduğu bildirilmişdir. Ona görə də mübahisəli evin sənədlərinin məhkəmə qaydasında tələb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq, 2020-ci ildə evdən çıxmalı olduğunu, cavabdehin özünün könüllü olaraq onu evinə qeydiyyata saldırdığını, onun köçdüyü evin mülkiyyət sənədinin olmadığını bildirmişdir. O, 19.09.2015-ci il tarixdə cavabdehin oğlu Ramin Cavadovla nikaha daxil olduqdan sonra cavabdehə məxsus olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən evə gəlin köçmüşdür. Onunküçdyü evin mülkiyyət sənədi yoxdur, həyətdə yerləşən digər ev isə cavabdehin mülkiyyətindədir. iddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutunun olmadığını göstərmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun gəlini olmuşdur. İddiaçı onun oğlu Ramin Cavadovla 19.09.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onun razılığı ilə ona məxsus ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən evə gəlin köçmüşdür. İddiaçının gəlin köçdüyü evin mülkiyyət sənədi yoxdur, amma həyətyanı torpaq sahəsi onun adınadır. İddiaçının cehiz əmlakları da hazırda yeni tikilən, 2 mərtəbəli, 4 otaqlı sənədsiz evdədir. Hazırda həmin evdə özü və həyat yoldaşı yaşayırlar. İddiaçının onun oğlu ilə birgə nikahlarından 25.02.2017-ci ildə İlqar adlı övladları anadan olmuşdur. Məhkəmənin 26.01.2021-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. İddiaçı bir ildən artıqdır ki, uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. O, 2020-ci ildən gəlin köçdüyü ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən evə həmin evdən çıxmışdır. Hesab edir ki, iddiaçının onun evində yaşaması ilə bağlı aralarında notarial müqavilə olmadığına görə və iddiaçı oğlu ilə boşandığına görə, iddiaçıya onun evində istifadə hüququ verilə bilməz. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE № ******** və AZE №18267708 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxiyyət vəsiqələrindən müəyyən olunur ki, İddiaçı və onun oğlu X1 şəhəri, Abbas Səhhət küçəsi, 24 sayı evdə qeydiyyatdadırlar. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən, sahəsi 27 kv. metr, yaşayış sahəsi 15.2 kv. metr olan 2 otaqlı ev Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli, 2(067)- 148/2021 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə X3 arasındakı 19.09.2015-ci il tarixli rəsmi nikah qeydi ləğv edilmiş və onların yetkinlik yaşına çatmayan uşaqları 25 fevral 2017-ci il təvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılmaqla 175 manat alimentin X2 alınaraq ona verilməsi qət edilmişdir. İş materiallarında olan 23.04.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 10 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından və tərəflərin izahatından məhkəmə müəyyən etmişdir ki, iddiaçının 19.09.2015-ci il tarixli rəsmi nikaha daxil olaraq gəlin köçdüyü ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən ev mülkiyyət hüququ ilə cavabdehə məxsus deyil, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Qeyd edilən halı cavabdeh də məhkəmə iclasında verdiyi izahatında təsdiq etdiyindən məhkəmə həmin halı müəyyən edilmiş hesab edir. İddiaçı ildən gəlin köçdüyü ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən evə həmin evdən çıxmışdır. Məhkəmə hesab edir ki, iddiaçının gəlin köçdüyü ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən ev mülkiyyət hüququ ilə heç kəsə məxsus olmadığından hazırkı mübahisəyə Azərbaycan Respublikası MM-nin özbaşına tikintiyə dair normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X4rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının Rusiya Federasiyasından qayıtdıqdan sonra cavabdehlə mübahisəli evdə bir müddət birgə yaşamasını, orada məskunlaşmasını, ümumi təsərrüfat aparması, nikah pozulana qədər orada yaşaması, sonradan mübahisəli evdən çıxarılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və pozulmuş hüquqları bərpa edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının mübahisəli evdən çıxarkən cehiz əmlaklarını həmin evdə saxlaması, onun həmin evdə digər şəxslərlə bərabər şərtlər daxilində yaşamaq niyyətinin olmasını bir daha göstərir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq imkanı müəyyən edilməlidir. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Lakin, mübahisəli ev mülkiyyət hüququ ilə heç kəsə məxsus olmadığından, həmin evdən istifadə hüququnun tanınmasına dair hissədə iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı uşaqları 25 fevral 2017-ci il təvəllüdlü X6 ilə birgə Xaçmaz şəhəri, Abbas Səhhət küçəsi, ev 24-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumundan 5 (beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar