Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1449/2020 16.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X13, iddiaçı X6 və cavabdeh X8 iştirakları ilə, iddiaçı X6 cavabdeh X9 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması edilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olan atası X5 faktiki sahibliyində olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 65.3 kv. m, yaşayış sahəsi 31.09 kv, m. olan fərdi yaşayış evinə köçürülməklə həmin yaşayış evindən və köməkçi vasitələrdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X10 iddianı onunla əsaslandırmışdır ki, cavabdeh Oktay Cabbarov onun atasıdır. O, mübahisə predmeti olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən cavabdehin sahibliyində olan evdə doğulub, böyümüşdür. O, 30 ildir ki, həmin evdə yaşamışdır. Uzun müddətdir ki, cavabdeh ona orda yaşamağa imkan verməmiş, hər vasitə ilə onun evdən çıxmasına çalışmışdır. Nəhayət 2020-ci ilin əvvəllərində onu evdən qovmuşdur. Hazırda o, başqalarının evində hətda küçələrdə yaşayır. Vəkil sorğusu vasitəsilə DƏDRX-nin 5 saylı Xaçmaz Rayon Ərazi İdarəsindən həmin evin texniki pasportunu almış, məlum olmuşdur ki, həmin mübahisəli ev babası X3 adına işlənmişdir. Lakin evin qeydiyyat vəsiqəsi yoxdur. Faktiki olaraq həmin evə atası Oktay Cabbarov sahiblik edir. Onun uşaqları körpə olduğundan onlarla heç yerdə məskunlaşa bilmir, özünün böyüyüb yaşadığı evə köçmək istəyir. O, faktiki cavabdehin sahibliyində olan adı çəkilən Xaçmaz rayonu, Yergüc kəndində yerləşən evə istifadə hüququ müəyyən olunmasını və həmin evə köçürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirişdir ki, o, xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Yergüc kəndində mübahisəli evdə doğulmuş və orada böyümüşdür. Son zamanlara qədər orada yaşamışdir. Onu nənəsi və babası böyüdüb, onlar vəfat edəndən sonra atası başqa qadınla evlənmiş və onunla yola getməməyə başlamışdır. Mübahisəli ev mərhum babasının adına qeydə alınmışdır. Cavabdeh ölkədə karantin rejimi elan olunandan onu evdən çıxarmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X14 iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, ev onun adına qeydə alınmamışdır. Evə dair bacısının adına vəsiyyətnamə var. O, özü mübahisəli evdə kirayədə qalır və ayda 200 manat kirayə haqqı ödəyir. İddiaçı özü mübahisəli evdə doğulmuş və orada böyümüşdür. Lakin, bacısı istəmədiyindən iddiaçının evdə yaşamasına razı deyil. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** saylı, şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 rayon Yergüc kəndində qeydiyyatdadır. İş materiallarında olan DƏDRX 5 saylı X22 xx.xx.2020-ci il tarixli **********38 saylı məktubundan müəyyən olunur ki, Xaçmaz rayonunun Yergüc kəndində yerləşən fərdi yaşayış evi aşkarlanmış və həmin fərdi yaşayış evinə texniki pasport X2 adına işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. İş materiallarında olan 1988-ci ilin fevral ayında qeydiyyata alınmış texniki pasportun surətindən müəyyən olunur ki, Xaçmaz rayonunun Yergüc kəndində yerləşən, ümumi sahəsi ümumi sahəsi 65.3 kv. m, yaşayış sahəsi 31.09 kv, m. olan fərdi yaşayış evi X2 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Xaçmaz rayon Yergüc İƏD nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X4 rayon Yergüc kəndində qeydiyyatdadır və orada yaşamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən olunur ki, Xaçmaz rayonunun Yergüc kəndində yerləşən mübahisəli evə dair X2 adına texniki pasport işlənmişdir və hazırda heç kəsin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ mövcud deyil. Belə olduğu halda məhkəmə hesab edir ki, mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestri xidmətində heç kəsin mülkiyyət hüququ qeydiyyata alınmadığından, hazırkı mübahisəyə Azərbaycan Respublikası MMnin özbaşına tikinti ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. X25 Məhkəməsi “O.X18rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X25 Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair X25 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cavabdeh İlqar Kuberovla xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub mübahisəli evdə məskunlaşmasını, həmin vaxt onun evdə yaşamasına cavabdehlər tərəfindən maneə yaradılmaması və onun həmin evdə yaşamasının hər hansı bir notarial müqavilə bağlamaqla şərtləndirilməməsini, mübahisəli evin mülkiyyətçisi vəfat etdiyindən onun mülkiyyətçi ilə notarial müqavilə bağlamaq imkanının olmamasını, cavabdehlərlə ümumi təsərrüfat apararaq uşaq dünyaya gətirməsini, evdən çıxana qədər orada yaşamasını nəzərə alaraq hesab edir ki, hazırda cavabdehlər tərəfindən iddiaçının mübahisəli evə qayıtmasına maneələr yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin evə qayıtmaq istəməsi onun həmin evdə yaşamaq niyyətinin olduğunu göstərir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə qeyd edir ki, mübahisəli evə heç kəsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq imkanı müəyyən edilməlidir. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. İddia tələbinin evdə yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evdə yaşamış iddiaçının və cavabdehin evə istifadə hüquqları olmadığından iddiaçının evə istifadə hüququnun müəyyən edilməsini tələb etməsi əsaslı hesab edə bilməz. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində evdə yaşamaq imkanı müəyyən edilməlidir. Evə köçürmə hissəsində iddianın təmin edilməsi mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu isə evə yaşayış hüququnun tanınması anlamına gələ bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə bütün sübutları araşdıraraq hesab edir ki, iddiaçı X6 cavabdeh X9 qarşı evə köçürmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilməli, iddiaçı X1 rayonunun Yergüc kəndində qeydiyyata alınmış, ümumi sahəsi 65.3 kv. m, yaşayış sahəsi 31.09 kv, m. olan evə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X17 mərhum babası X2 adına olan texniki pasport ilə qeydiyyata alınmış Xaçmaz rayonunun Yergüc kəndində yerləşən, ümumi sahəsi 65.3 kv. m, yaşayış sahəsi 31.09 kv, m. olan fərdi yaşayış evinə köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh X7 tutularaq iddiaçı X11 ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1449/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1449/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver