Məhkəmə qərarları › İş №2(067)-1494/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1494/2020

27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1494/2020 27.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Yaşayış sahəsindən istifadə hüqununun müəyyən edilməsi və evə köçürülmə tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ünvanında yerləşən yaşayış evndən və həmin evin həyətyanı sahəsindən istifadə hüququnun müəyyən edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçının həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ünvanında yerləşən yaşayış evndən istifadə hüququnun müəyyən edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh onun keçmiş arvadıdır. Cavabdehlə xx xxxxxx 2005-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və evləndikdən sonra cavabdehlə birgə atası Xanlara məxsus evdə yaşamışlar. Onların birgə nikahlarından xx xxxxxx 2006-cı ildə Vüsal və xx xxxxxxx 2011-ci ildə Röyal adlı iki nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən xx xxxxxx 2020-ci ildə Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə boşanmışlar və birgə nikahdan olan uşaqları cavabdehin himayəsində saxlanılmışdır. Həmin qətnamə ilə iki uşağın saxlanılması üçün ondan cavabdehin xeyrinə hər ay 240 manat sabit pul məbləğində aliment qət edilmişdir. Cavabdehlə birgə nikahda olduqları dövrdə 2008-2009-cu illərdə Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbədə faktiki olaraq atasının istifadəsində olan torpaq sahəsində bir mərtəbəli, bir eyvandan və üç otaqdan ibarət fərdi yaşayış evi tikdirmişdir. Lakin yaşayış evi dövlət qeydiyyatına alınmamış və rəsmiləşdirilməmişdir. Cavabdehlə ayrılana qədər həmin evdə yaşamışlar. Lakin ailə münasibətləri pozulduqdan sonra cavabdeh onu mübahisəli evə buraxmır və tikdiyi yaşayış evində yaşamağa imkan vermir. Dəfələrlə o, mübahisəli evə köçüb yaşamağa cəhd etsə də cavabdeh dava-dalaş salaraq evə buraxmamışdır. O, uzun müddət mübahisəli evdə cavabdehlə birgə yaşayıb birgə təsərrüfat idarə etməklə həmin evdən istifadə hüququ əldə etmişdir. Cavabdeh onu evə buraxmadığına görə o, kirayədə yaşayır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının hazırki həcmdə təmin olunmasını, Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ünvanında yerləşən yaşayış evndən istifadə hüququnun müəyyən edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iş üzrə İddiaçı onun keçmiş əridir. İddiaçı ilə xx xxxxxx 2005-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və evləndikdən sonra iddiaçı ilə birgə iddiaçının atası Xanlar Qurbanova məxsus evdə yaşamışlar. Onların birgə nikahlarından xx xxxxxx 2006-cı ildə Vüsal və xx xxxxxxx 2011-ci ildə Röyal adlı iki nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən onun iddiasına əsasən xx xxxxxx 2020-ci ildə Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan olan uşaqları onun himayəsində saxlanılmaqla iki uşağın saxlanılması üçün iddiaçıdan onun xeyrinə hər ay 240 manat sabit pul məbləğində aliment qət edilmişdir. İddiaçı ilə birgə nikahda olduqları dövrdə 2008-2009-cu illərdə Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbədə hazırda mübahisələndirilən bir mərtəbəli, bir eyvandan və üç otaqdan ibarət fərdi yaşayış evini tikmişlər. Buna baxmayaraq yaşayış evi qeydiyyata alınmamışdır. İddiaçı ilə ailə münasibətləri pozulana qədər həmin evdə yaşamışlar. Lakin o, heç vaxt iddiaçını mübahisəli evdən qovmamış və iddiaçıya qarşı heç bir qanunsuz hərəkət etməmişdir. İddiaçı özü evdən çıxaraq Xaçmaz rayonunun Qusarçay kəndində yaşayan başqa qadınla qeyri-rəsmi yaşamağa başlamışdır. O, iddiaçının mübahisəli evə köçüb yaşamasına razı deyildir və iddianın əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Xaçmaz rayonunun Pirquluoba kəndində qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər X4 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2142 saylı arayışdan görünür ki, Cavabdeh Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ünvanında yaşayır, ailə tərkibi xx xxxxxx 2006 və xx xxxxxxx 2011-ci il təvəllüdlü uşaqları X3 və Qurbanov Röyal Malik oğlundan ibarətdir İş mateiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-270/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 2005-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və onların birgə nikahlarından xx xxxxxx 2006-cı ildə Vüsal və xx xxxxxxx 2011-ci ildə Röyal adlı iki nəfər uşaqları anadan olmuşdur. Məhkəmə qeyd olunan qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqlar cavabdehin himayəsində saxlanılmaqla iki uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə hər ay 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, **********01 saylı məktubdan görünür ki, Xaçmaz rayonu ərazisində İddiaçı və Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. İş materiallarında olan Xaçmaz rayonunun Xudat bələdiyyəsinin xx xxxxxxx 2020-ci il tarixli, 523/2020 saylı rayışınından görünür ki, Xaçmaz rayonunun Xudat şəhəri 4-cü şöbə ərazisində Xudat bələdiyyəsinin mülkiyyətinə aid 0,08 ha torpaq sahəsində 2008- 2009-cu illərdə İddiaçı ilə Cavabdeh bir mərtəbəli fərdi yaşayış evi tikmişlər və fərdi yaşayış evi onların istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşə əlavə edilmiş sənədlərdən və işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, Xaçmaz rayonunun Xudat şəhəri 4-cü şöbə ərazisində tərəflərin birgə nikah dövründə tikdikləri fərdi yaşayış evi müvcud olsa da həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamışdır. Hal-hazırda da həmin ev hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvrəinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, tərəflər Xaçmaz rayonunun Xudat şəhəri 4-cü şöbə ərazisində yerləşən mübahisəli yaşayış evini 2008-2009-cu illərdə tikərək həmin vaxtdan orada yaşamağa başlasalar da həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və tərəflər arasındakı hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, hazırki mənzil hüquq münasibətlərinə hüququn analogiyası tətbiq olunaraq mübahisəyə xx xxxxxxx 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evini tərəflər birgə nikah dövründə tikmələrinə baxmayaraq həmin evin mülkiyyətçisi müəyyən olunmadığından, həmçinin mübahisəli yaşayış sahəsi tərəflərin birgə nikah dövründə olduqları zamanı əldə etdikləri yaşayış sahəsi olduğundan, onların arasında olan ailə münasibətlərinə xitam verilsə də hazırki mübahisəyə baxılarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında hazırki mübahisəyə baxılarkən xx xxxxxxx 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələri tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər 2008-2009-cu illərdə Xaçmaz rayonunun Xudat şəhəri 4-cü şöbə ərazisində birgə nikahda yaşadıqları dövrdə mübahisəli yaşayış evini tikməklə həmin vaxtdan ailə münasibətləri pozulanadək orada birgə yaşadıqlarından iddiaçı həmin yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. Ona görə də iddiaçının istifadə hüququnu əldə etdiyi mübahisəli yaşayış sahəsindən istifadə hüququ müəyyən edilməklə o, həmin yaşayış sahəsinə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət insanların mənzil hüquqlarını gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə Qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia hazırki həcmdə təmin edilməklə İddiaçı Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən yaşayış evindən istifadə hüququ müəyyən edilməli və o, həmin evə köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Xaçmaz rayonunun Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən yaşayış evindən istifadə hüququ müəyyən edilsin və o, həmin evə köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar