Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1496/2021 09.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 10 may 1991-ci il tarixdə oğlu X1 doğulması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun 10.05.1991-ci il tarixdə Xaçmaz şəhərində ev şəraitində oğlan uşağı anadan olmuşdur. Həmin vaxt o, Cavid Məmmədov adlı şəxslə faktiki nikah münasibətlərində yaşamışdır və aralarında rəsmi nikah bağlanmamışdır. Uşağı ev şəraitində anadan olduğu üçün doğumu rəsmi olaraq heç yerdə qeydiyyata alınmamış və o, oğlunun doğumunun qeydə alınması üçün heç bir tədbir görməmişdir. Nəticəsi olaraq oğlunun bu günə kimi nə doğum haqqında şəhadətnaməsi, nə də ki, şəxsiyyət vəsiqəsi vardır. Qeyd edir ki, oğlu ümumiyyətlə məktəb oxumamış və heç yerdə işləməmişdir. Hal-hazırda oğlunun 29 yaşı vardır, istəyir ki, özü doğum haqqında şəhadətnamə və digər sənədləri hazırlasın. O, oğlunun Maraqlı şəxsndə qeydə alınaraq müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün həmin quruma müraciət etmişdir. Həmin şöbənin rəisi A.Əliyevin imzası ilə 15 sentyabr 2020-ci il tarixli 403 saylı məktubla ona rədd cavabı verilmişdir ki, doğum qeydi tibb müəssisəsinin bu barədə verdiyi tibbi şəhadətnamə əsasında aparılır. Həmin şəhadətnaməni təqdim edə bilmədiyi üçün doğumun qeydiyyat şöbəsində qeydə alınması mümkün deyildir. Bundan sonra o, doğum haqqında tibbi şəhadətnamənin alınması üçün TƏBİB-in «Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına» X5 müraciət etmişdir. Həmin idarənin direktoru Səyyaf Tağıyevin imzası ilə 23 sentyabr 2020-ci il tarixli 903 saylı məktubla ona cavab verilmişdir ki, 1964-cü il təvəllüdlü Ərizəçi 10 may 1991-ci il tarixdə Xaçmaz RMX-də doğuşu barədə heç bir məlumat yoxdur. Onun 10 may 1991-ci il tarixə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 41 ünvanında ev şəraitində oğlan uşağı dünyaya gətirməsini şahidləri təsdiq edə bilərlər. Qeyd olunanlarla əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq uşağının Xaçmaz şəhərində anadan olduğunu və ona peyvəndlər vurulduğunu göstərmişdir. Uşağının atası Cavid Məmmədovdur və onu şahid qismində məhkəməyə təqdim edə bilər. Başqa sübutu və şahidi yoxdur. O, heç vaxt Maraqlı şəxsnə uşağı üçün təkrar doğum haqqında şəhadətnamə alınması üçün müraciət etməmişdir. Maraqlı şəxs tərəfində ona göndərilmiş cavab məktubunda texniki səhvə yol verildiyindən “təkrar” sözü yazılmışdır. Göstərilənlərlə əlaqədar ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, 1990- 1995-ci illərdə o, Ərizəçi ilə Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda qeyri-rəsmi ər-arvad kimi yaşamışlar. Orada onların birgə yaşayışlarından bir oğlan övladları anadan olmuşdur. Lakin onun üçün doğum haqqında şəhadətnamə almamışlar. Sonra Şabran şəhərinə onun evinə gəlmişlər və orada 1-2 il ərzində birlikdə yaşamışlar. Daha sonra o, ərizəçi ilə ayrılmış və yeni ailə qurmuşdur. Ərizəçi də uşağı ilə birlikdə yaşamışdır. Ərizəçi uşağı üçün doğum haqqında şəhadətnamə almaq və atalığının müəyyən edilməsi üçün ona müraciət etməmişdir. Uşağının atası olduğunu etiraf edir. Onlar Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda yaşadıqları müddətdə uşağa peyvənd vurulmamışdır və onu həkimə aparmamışlar. Həmin vaxt uşaq üçün heç bir sənəd almamışlar. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaysan Respublikasının MPM-nin 185.5.-si maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Maraqlı şəxs 18.09.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs 15.09.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi oğlu X1 doğum haqqında arayışını almaq üçün müraciət etmiş, müraciətinə əsasən Maraqlı şəxs üzrə doğumun qeydə alınıb-alınmaması yoxlanılmışdır. X3 barəsində Maraqlı şəxsndə doğum akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının 23 sentyabr 2020-ci il tarixli 903 saylı məktubundan müəyyən olunur ki, 1964-cü il təvəllüdlü Ərizəçi 10 may 1991-ci il tarixdə Xaçmaz RMX-də doğuşu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsində göstərdiyi hallarla və şahidin məhkəmə iclasında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər vardır. Belə ki, ərizəçi ərizəsində və məhkəmə iclasında verdiyi izahatında uşağın Xaçmaz şəhərində ev şəraitində anadan olduğunu, ona həmin vaxt peyvəndlərin vurulduğunu göstərmişdir. Lakin uşağın atası kimi onun şahid qismində məhkəməyə təqdim etdiyi X2 ifadəsində 1990-1995-ci illərdə Ərizəçi ilə Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda qeyri-rəsmi ərarvad kimi yaşadıqlarını, orada onların birgə yaşayışlarından bir oğlan övladlarının anadan olduğunu, lakin onun üçün doğum haqqında şəhadətnamə almadıqlarını, sonra Şabran şəhərinə onun evinə gəldiklərini və orada 1-2 il ərzində birlikdə yaşadıqlarını, daha sonra ərizəçi ilə ayrıldığını və yeni ailə qurduğunu, ərizəçi ilə birgə Dağıstan Respublikasının Rutul rayonunda qeyri-rəsmi ər-arvad kimi yaşadıqları vaxt uşağa peyvəndlər vurulmadığını göstərmişdir. Ərizəçi tərəfindən 10 may 1991-ci il tarixdə Zaur adlı oğlan övladının doğulması faktını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə iddianın dəlillərinə münasibət bildirərək hesab edir ki, iddianın dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə ərizənin təmin edilməməli olduğunu hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1496/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1496/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver