Məhkəmə qərarları › İş №2(067)-151/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-151/2025

25.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-151/2025 25.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu, Qalağan kəndi ərazisində yerləşən və qanuni əsaslarla ona məxsus olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş (5x10m) hissəsinin onun qanunsuz sahibliyindən alınaraq torpaq sahəsinin tamlığını bərpa etməklə, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən verilmiş xx.xx.2024-cü il tarixli **********74 reyestr nömrəli və ********** qeydiyyat nömrəsi əsasında ümumi sahəsi 0.12 ha olan Xaçmaz rayonu Qalağan kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi onun yəni, İddiaçı mülkiyyətinə verilmiş və həmin qeyddən onun adına çıxarış verilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda digər həmkəndlisi Cavabdeh yaşayır. O, bir neçə ay bundan əvvəl isitfadəsində olan həmin torpaq sahəsinin (5x10m) hissəsini qanunsuz zəbt edərək orada dəmir boruları basdırmaqla quruluq tikmək istəmişdir. Bunun üçün hətta ora dirəklər də basdırmışdır. Onunla dəfələrlə görüşüb bu əməlindən əl çəkib torpaq sahəsinin qanunsuz olaraq zəbt etdiyi hissəsini boşaltmasını tələb etsə də o, buna əməl etməmişdir. Bununla əlaqədar onun atasına bildirmiş, Xaçmaz rayon polis şöbəsinə mürciət etsə də, heç bir nəticəsi olmamışdır. Hətta əvvəllər “Əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsinə dair” iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Lakin səhhətilə əlaqədar sonuncu məhkəmə iclasında iştirak edə bilmədiyinə görə iş baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh ona məxsus 13,9 kv.metr torpaq sahəsini zəbt etmiş və orada 3 ədəd torba dirəklər quraşdırmışdır. O, yerini boşaltmalıdır ki, hasar çəkə bilsin. Ona görə torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qalağan kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qalağan kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.12 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qalağan kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.12 ha torpaq sahəsinin 0.00139 ha (13.9 kv.m) hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçıya məxsus torpaq sahəsinin cənub tərəfindən, cənubdan şimala 1.73 metrə, qərbdən şərqə 7.0 metrə, şimaldan cənuba 2.25 metrə və şərqdən qərbə isə 7.0 metrə ölçüdə cavabdeh tərəfindən istifadə olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qalağan kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.12 ha torpaq sahəsinin 0.00139 ha (13.9 kv.m) hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Beləliklə, tərəfin izahatını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Qalağan kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 0.12 ha torpaq sahəsinin 0.00139 ha (13.9 kv.m) hissəsi cənub tərəfindən, cənubdan şimala 1.73 metrə, qərbdən şərqə 7.0 metrə, şimaldan cənuba 2.25 metrə və şərqdən qərbə isə 7.0 metrə ölçüdə Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar