Məhkəmə qərarları › İş №2(067)-1522/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1522/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1522/2020 04.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü ildə Xaçmaz rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında 0.0375 ha torpaq sahəsini və onun üzərində yerləşən 177.6 kv.metr ümumi sahəsi, 103.6 kv.metr yaşayış sahəsi, 74 kv.metr yardımçı sahəsi olan 2 mərtəbəli 5 otaqlı evi Rəsmiyyə Hüseynovadan satın almışdır. Həmin evə onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. R.Hüseynova ilə onun arasında həmin evə dair alqı-satqı müqaviləsi bağlanarkən heç bir problem yaranmamış, evdə hər kimin qeydiyyatda olması aşkara çıxmamışdır. Hazırda evi satmaq qərarına gəlmişdir. Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat ofisinə müraciət etdikdə müəyyən olunmuşdur ki, 2014-cü ildən mülkiyyətində olan evdə cavabdehlər qeydiyyatdadırlar. Həmin şəxsləri ümumiyyətlə tanımır, onlar heç vaxt onun evində yaşamamışlar. Məsələ ilə əlaqədar Rəsmiyyə Hüseynovadan maraqlananda o bildirmişdir ki, həmin evi 1994-cü ildə cavabdehlərdən alqı-satqı müqaviləsinə əsasən satın almış, o dövrdə də evdə heç kim yaşamamışdır. Cavabdehlər 1990-cı ilin əvvəllərində Azərbaycan Respublikasından köçüb getmişlər. Cavabdehlərin hazırda ona məxsus evdə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını pozur. Cavabdehlərin ona məxsus evdə qeydiyyatları formal xarakter daşıyır. Onlar uzun müddətdir ki, həmin evdə yaşamır, onun ailə üzvləri olmamış, ona görə də onların həmin evdə yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, 1987-ci ilin dekabr ayından Abbas Səhhət küçəsində yaşayır. Şabatayevləri həmin ünvanda heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Məmmədseyidov Aqil Mövlüd oğlu ifadəsində göstərmişdir ki, 1986-cı ildən Abbas Səhhət küçəsində yaşayır, Şabatayevlərin həmin küçədə yaşamasını görməmişdir. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X2 DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 1/787 saylı arayışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0375 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, 177.6 kv.metr ümumi sahəsi, 103.6 kv.metr yaşayış sahəsi, 74 kv.metr yardımçı sahəsi olan 2 mərtəbəli 5 otaqlı evi İddiaçı 30000 manata satmışdır. Həmçinin müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olundu vaxtdan həmin gün satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri Abbas Səhhət küçəsi 0,0375 ha torpaq sahəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, cavabdehlər hazırda ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar. Şahidlərin ifadələrindən də göründüyü kimi, cavabdehlər uzun müddətdir ki, ünvan 3 ünvanında yaşamırlar və onların həmin evə qeydiyyatları formal xarakter daşıyır. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və əvvəlki Mənzil Məcəlləsinin tələblərinə əsasən də hesab edir ki, cavabdehlərin həmin evdə istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar